pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
"TÖVHİD"
Tarixində 23 September 2019 & Saat 06:36

Mənim bütün şeylərə etiqadım var, lakin Allah haqqında daha çox bilmək istəyirəm. Ümumiyyətlə Allah kimdir? Haradan gəlib? və s...

 

Allahı axtarma və Allahşünaslıq insanın fitrətində olur. Yəni insanlar zatən Allahın varlığına inanmış və müntəzəm olaraq Onu tanımağın arxasınca olmuşlar. Lakin kontekstlər vasitəsi ilə öz Allahlarını düzgün tanıdıqları zaman, tövhidə və təkallahlığa tərəf üz gətiriblər (yönəliblər). Lakin Allahını düzgün tanıya bilmədikdə və həqiqət onlara aydın ola bilməyəndə, Allah axtarma nidasına cavab olaraq ya ifrat (həddindən çox) yolunu getmişlər ya da, təfrit (həddindən az)! Nəticədə daha üstün bir qüvvəyə təmayülün təsirindən və ona güclü əlaqənin hissiyyatından onların az məlumatı olması ilə yanaşı xəyala qapılma, həmçinin qorxu və təhlükə hissi kimi amillərin təsiri altına düşərək şirk yolunu seçərək ay, günəş və s. kimi başqa varlıqlara üz tutublar. Yaxud təfritin təsirindən cahillik və nadanlıqla yanaşı özlərinin daxilində olan yeganəpərəstlik nidasına cavab olaraq ateizm yolunu tutublar. İslam baxımından: Allah o kəsdir ki, insan Onunla söhbət edə bilər, Ona Sən deyə müraciət edə bilər, Onunla dərdi-dil edə bilər və Ondan kömək istəyə bilər. O, elə bir Allahdır ki, yaşayışımıza nəzarət edir, səsimizi eşidir, problemlərimizi görür və yalnız Odur ki, bu problemləri aradan qaldıra bilər.

Allahı cismi gözlə görmək olmaz, yalnız qəlblərimiz Onun vücudunu təsdiq edir, ağlımız öz sübutları ilə Onun vücudunu isbat edir. Biz Onu yalnız sifətləri ilə tanıyırıq. Bizi yaratdığı üçün Xaliq (Yaradan) adlandırırıq, ruzimizi verdiyi üçün Ona Rəzzaq (ruzi verən) deyirik, sözümüzə qulaq asır və hər vaxt dilimiz ilə danışanda, yaxud ürəyimizdə özümüzlə pıçıldaşanda, bizi eşitdiyi üçün ona Eşidən deyirik. Bütün aləm, Onun hüzurunda və nəzərində olduğundan, bütün işlərimiz Onun nəzarəti altında baş verdiyindən Ona Bəsir (Görən) deyirik. Ona Qadir (Qüdrət sahibi) deyirik ona görə ki, qüdrəti olduqca çox və bacarığı da, sonsuzdur. Ona görə Alim deyirik ki, O bütün elmlərin xəzinələridir və elmi olan hər bir kəsə O bu elmi vermişdir. Diri adlandırırıq ona görə ki, məxluqatın yaşayış və həyatı Ondandır.

Biz Onun Yaradan və Ruzi verən kimi bəzi sifətlərini məxluqlara diqqət etməklə dərk edirik. Bəzi həyat, elm və s. kimi başqa sifətlərini isə Allahın sifətlərinə və Ona aid olan xüsusiyyətlərə diqqət etməklə anlayırıq.

Allah Bağışlayan və Mehriban, Alim və Qüdrətli, Dirildən və Öldürən bir Yaradandır. O, yaxşılara mükafat verir və pis iş görənləri cəzalandırır. O, şah damarımızdan belə bizə yaxındır və biz heç vaxt Onun qüdrət əhatəsindən, hakimiyyət dairəsindən xaric ola bilmərik.

O, varlığı yaradaraq aləmə başdan-başa həyat bəxş etdi. O, zülmətləri aradan aparandır. O, gözəldir və hər bir gözəllik Ondan qaynaqlanır. O, mütləq vücuddur, nöqsansız vücuddur, yoxluq Ona yol tapmır, kamil bir varlıqdır ki, heç bir vəchlə Onun ətəyində nöqsanlıq oturmur. Onu bu dünyada bir şeyə oxşatmaq istəsən deməlisən O, mütləq bir Nurdur ki, bütün şeyləri işıqlandırır və işıq saçmağı bacaran hər bir şey Onun köməyi ilə bu xüsusiyyətə sahib olmuşdur.

Qurani-Kərim Allahı yeganə (tayı bərabəri olmayan mənasında) və hər bir şeydən ehtiyacsız tanıdaraq “Tövhid” surəsində ona işarə edir. Qurani-Kərim başqa ayələrdə isə Allahı mütləq Alim, mütləq Qadir tanıtdırır.

Qurani-Kərim “Nur” surəsində Allahın zatının həqiqətini bu cür tanıtdırır:

 «الله نورالسموات و الارض مثل نوره كمشكاه فيها مصباح...»Allah göylərin və yerin nurudur. Onun nurunun məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur.1

Nurun mənası: "Nur" öz zatında və varlığında zahir və aydın olan bir şeydən ibarətdir. Xarici təsir cəhətindən də, özündən başqasını aydınlaşdıran bir şey olmalıdır. Bu anlamın müxtəlif mənaları vardır ki, onun (anlamın) o mənalara olan düzgünlüyün zəif və güclü olması fərqli olur. Məsələn nuru həm günəşə, m bir çırağa aid etmək olar. Çünki həm günəşin, həm də çırağın zatının özü aydın olmaqla yanaşı özündən başqasını da, nurlandırır. Lakin günəşin nuru və nurlandırması hara, kiçik bir çırağın nuru hara?!

İmam Sadiq (ə) Allahın nurunun həqiqətini təsvir edərək belə buyurur:

«عَنْ عَاصِمِ بْنِ حُمَيْدٍ قَالَ ذَاكَرْتُ أَبَا عَبْدِ اللَّهِ ع فِيمَا يَرْوُونَ مِنَ الرُّؤْيَةِ فَقَالَ الشَّمْسُ جُزْءٌ مِنْ سَبْعِينَ جُزْءاً مِنْ نُورِ الْكُرْسِيِّ وَ الْكُرْسِيُّ جُزْءٌ مِنْ سَبْعِينَ جُزْءاً مِنْ نُورِ الْعَرْشِ وَ الْعَرْشُ جُزْءٌ مِنْ سَبْعِينَ جُزْءاً مِنْ نُورِ الْحِجَابِ وَ الْحِجَابُ جُزْءٌ مِنْ سَبْعِينَ جُزْءاً مِنْ نُورِ السِّتْرِ فَإِنْ كَانُوا صَادِقِينَ فَلْيَمْلَئُوا أَعْيُنَهُمْ مِنَ الشَّمْسِ لَيْسَ دُونَهَا سَحَاب‏».

Səfvan ibn Yəhya, Asim ibn Huməyddən belə nəql edir: Həzrət Sadiq (ə) ilə Allahı görmək haqqında deyilənlər haqqında müzakirə edirdik və onu yad etdik, həzrət buyurdu ki, günəşin nuru Kürsünün nurunun yetmiş hissəsindən bir hissədir ki, Kürsünün nuru günəşin yetmiş nuruna bərabərdir. Kürsünün nuru isə, ərşin nurunun yetmiş hissəsinin bir hissəsidir. Ərşin nuru isə hicabın nurunun yetmiş hissəsinin bir hissəsidir. Hicabın nuru da, Sitrin nurunun yetmiş hissəsinin bir hissəsidir. Belədirsə əgər (Allahı görərik deməklə) düz danışırlarsa, (onda) bulud fasilə salmamaq şərti ilə öz gözlərini günəşin nuru ilə doldursunlar (yəni sadəcə günəşin nuruna baxa bilmirlərsə necə ola bilər ki, Allahı görsünlər).

 

Allahı tanımağın sübutları:

Allahı tanımaq üçün əsasən altı yol (bürhan, sübut) mövcuddur. Onlardan beşi ağılla, bir yol isə fitri yol ilə olur.

a).Nizam-intizam bürhanı (sübutu)

b).Vacib və mümkün (fəqirlik və ehtiyacsızlıq) bürhanı

c).Dəyişən və hərəkət bürhanı

d).Səbəb və nəticə bürhanı

e).Siddiqlərin (düz danışanların) bürhanı

f).Fitrət və daxili seyr bürhanı

Əlbəttə bu yolların hər birinin izahı haqqında Tövhid zəminəsində olan əqidə kitablarını mütaliə etməlisiniz.

 

Burada iki sübut və bürhana (yola) işarə olunur:

 

Nizam-intizam bürhanı (sübutu)

Allahpərəst insanlar dünyanı yaradanın vücudunun isbatı üçün, çoxlu sübutlar gətiriblər və onlardan ən aydın və qaneedici olan sübut nizam-intizam sübutudur. Çünki nizam-intizam sübutu ağılı və vicdanı qane və razı edir. Buna görə də, bu sübut alimlərin və ilahi filosofların diqqət mərkəzində olmuşdur.

 

Nizam-intizam sübutunun əsas istiqamətləri:

Nizam-intizam sübutu iki əsas istiqamətdə qərar tutur:

1.Dünyanda başdan-başa nizam-intizam, hesab, qanun və hədəf nişanələri və əsərləri gözə dəyir.

2.Hər bir məcmuə və sistemdə olan nizam-intizam, hesab, qanun və hədəf nişanələri və əsərləri ondan xəbər verir ki, o məcmuə və sistemi düzəldənin elm və əqlə malikdir.

 

İndi isə yuxarıda qeyd olan iki mehvərin izahına diqqət edin:

Birinci mehvər:

Geniş dünyanın bütün nöqtələrində, nizamlı və dəqiq sistemlər gözə dəyir. Halbuki, plan, hesab və qanun hətta ən kiçik onların ən kiçiyinə belə hakimdir.

Dünyanın müxtəlif cür olan bütün canlıları, böyük bir ordunun müxtəlif qruplara bölündüyü kimidir ki, heyranedici nizamlı cərgə ilə, vahid bir sərkərdənin nəzarəti altında müəyyən hədəfə doğru irəliləyir.

Başqa sözlə, yaradılış aləmi dağınıq və nəzimsiz deyil, əksinə mütləq bütün mövcudat və hadisələr, müəyyən yolda hərəkət etməli nəhayət onlar üçün yazılmış son təqdirə çatmalıdır.

Yenə başqa təbirlə desək, varlıq aləminin bütün canlıları və hissələri arasında xüsusi bir əlaqə görünür ki, ilk baxışda onu anlayırıq.

 

 

Vacib və mümkün (fəqirlik və zənginlik) bürhanı

 

Allahın varlığının sübutlarından biri də, vacib və mümkün yaxud fəqirlik və zənginlik sübutudur. Bu sübut hamı üçün anlaşılandır.

Allahın vücudu (varlığı) mütləq zəngin vücuddur və məxluqatın vücudu isə ehtiyaclıdır. Məsələn biz öz vücudumuza baxdıqda, özümüzü başdan-ayağa ehtiyaclı görürük. Həm vücudun əsasında, həm də vücudun davamında üstəlik yaşayışımızın ehtiyaclarını ödəməkdə də, möhtacıq və öz ehtiyaclarımızı ödəmək üçün mütləq öz vücudumuzdan başqasına əl uzadərəq. Lakin əl uzadacağımız hər bir varlığı da, fəqir və ehtiyaclı görürük və mümkün aləm, başdan-başa ehtiyac və fəqirlik içindədir.

Bu ehtiyacları müşahidə etməklə, daxili bir ilhamla bu nəticəyə çatırıq ki, bu dünyada ehtiyacsızlıq və zənginlik bir mənbəyi vardır ki, hamı ehtiyac əlini Ona tərəf uzadır və O, Allah adlandırdığımız varlıqdır, əzəldən və həmişə mövcud olmuşdur.

 

Bu sübut fəlsəfi çərçivədə müzakirə olunarsa,imkan və vücub – yəni möhtac və ehtiyacsız” şəklində müzakirə olunmalıdır. Belə ki, vücud iki qismə bölünür: vacibul-vücud və mümkünül-vücud. Mümkünül-vücudun, yəni möhtac varlıqların vücudu onların zatının xaricindən qaynaqlanır. Amma vacibul-vücudun, yəni ehtiyacsız varlığın varlığı onun özündən qaynaqlanır və zatının xaricində deyildir.

İmkan aləminin bütün canlılarının vücudu imkani vücuddur və hər bir mümkün elə bir vücuda çatmalıdır ki, mümkünül-vücudlara varlıq bağışlamaq üçün onun varlığı özündən olmalıdır.

Məsələn sual olunur ki, Zeydin varlığının mənşəyi kimdir? Cavab verilir ki, ata və anası Ömər və b. Bu sualın özü də, Ömər haqqında bəyan olunur və nəhayət bu sual vacibəl-vücud və varlığı zatının eyni olan bir vücudda bitənə qədər sonsuza qədər davam edir. O, aləmin bütün varlığın mənşəyidir.

Həmçinin mümkün aləminin bütün məxluqları, hadisdir yəni əvvəlcədən yox idi sonradan xəlq olunub. Bildiyimiz kimi, bütün yer-göy və bunların arasında olan məxluqlar, həmçinin müxtəlif qalaktikalar aləmi, müxtəlif göy cisimlərinin hamısı hadisdir. Bunlar haqqında fikirləşəndə belə bir sual yaranır ki, onları yaradan kimdir? Əgər desək özü hadis olan bir varlıq bunları yaradıb o zaman eyni sual onun da, haqqında təkrar olunar. Əgər desək özü-özünə yaranıb ağıl və məntiqdən uzaqdır. Səbəbsiz bir şey yaranması qeyri-mümkündür. Söhbət bura çatanda mütləq məxluqlar üçün səbəb tapmalıyıq ki, həmin səbəb hadis olmamalıdır və əzəli olmalıdır ki, bütün bu gözəl mövcudatı yaratsın. Beləliklə O əzəli və vacibəl-vücud olan Allahdır və O, əvvəldən olub axıra qədər də olacaqdır. Yaranışın əvvəlindən mövcud olmuş “Allahın həqiqəti necədir, əzəli olması necədir?” – sualını isə bəşərin məhdud ağlı dərk etmir. Buna görə də, hədislərdə Allahın zatının həqiqəti və necəliyi haqqında düşünmək qadağan olunmuşdur.

 



1           Ayə, 35


1297 Görüş