Həzrəti Fatimeyi-Zəhranın (əleyha salam) şəhadəti

29 November 2024

02:17

۱,۹۹۸

Xəbərin xülasəsi :
Bu günlərdə “Əyyami-Fatimiyyə” qeyd olunur. “Əyyami-Fatimiyyə” ərəb dilindən tərcümədə “Fatimə günləri” deməkdir. “Əyyami-Fatimiyyə”də ənənə üzrə Həzrət Zəhraya (əleyhasəlam) matəm tutulur, təziyə məclisləri keçirilir, şadlıq edilmir


آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
“Əyyami-Fatimiyyə” daxil olur:

Bu günlərdə “Əyyami-Fatimiyyə” qeyd olunur. “Əyyami-Fatimiyyə” ərəb dilindən tərcümədə “Fatimə günləri” deməkdir. Həzrət Fatimənin (əleyhasəlam) şəhadəti rəvayətlərə görə bir neçə tarixdə qeyd edilib ki, iki tarix daha məşhurdur. Bir rəvayətə görə, o həzrət əziz atası həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından 75 gün sonra, digər rəvayətə görə isə 95 gün sonra şəhadətə çatmışdır. Bu hesabla Xanımın vəfatı cumadil-ula ayının 13-də və cumadis-saniyə ayının 3-də qeyd edilir. Bu ikisinin arasındakı 20 günə “Əyyami-Fatimiyyə” deyirlər.

“Əyyami-Fatimiyyə”də ənənə üzrə Həzrət Zəhraya (əleyhasəlam) matəm tutulur, təziyə məclisləri keçirilir, şadlıq edilmir.

Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alih) buyurur: "Həqiqətən, Allah Fatimənin razılığına razı olar və qəzəbinə qəzəblənər".

Əziz Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından dərhal sonra baş verənlər qarşısında özünü mübarizə meydanına atan Fatimeyi Zəhra (əleyhasəlam) İmamət yolunda özünü fəda edən ilk şəhiddir. Demək olar bütün araşdırmalar onu göstərir ki, Peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra İmamətin mövcudluğu bu əzəmətli Xanımın şəhadəti qarşılığında mümkün oldu.

Səqifədə baş verənlərə görə həzrət Əlinin (əleyhissəlam) mübarizəyə qalxması mümkün deyildi, əks təqdirdə müsəlmanlar arasında qarışıqlıq düşə bilərdi. Xanım Zəhra (əleyhasəlam) isə bunu edir, çünki qadının qiyama qalxması müharibəyə zəmin yaratmır. Xanım Zəhra (əleyhasəlam) mübarizəyə qalxsa da kütləvi mübarizə yaranmır. Əli (əleyhissəlam) məsciddə danışa bilmir, onun əvəzinə həzrət Zəhra (əleyhasəlam) danışır və Mədinə məscidində məşhur xütbəsini oxuyur.

Xanım Zəhranın (əleyhasəlam) Mədinə camaatından kömək istəməsi, İmam Hüseynin (əleyhissəlam) qanlı Kərbəla meydanında: “Bir nəfər yoxdurmu mənə kömək edə!” – deyə, çağırışına bənzəyir. Alimlərdən biri deyir: “Əslində İmam Hüseynin (əleyhissəlam) çağırışını: “Bir nəfər yoxdurmu mən, ona kömək edim ki, haqqa qarşı olmaqdan qurtarsın!” – kimi düşünmək gərəkdir. Xanım Zəhra (əleyhasəlam) da bu mənanı: "Qalxın haqqın müdafiəsinə və qurtulun!" – çağırışı ilə Mədinəlilərə təklif edirdi. Həmin fəryad elə bu gün də ucalır və Qiyamətə kimi ucalacaqdır. Odur ki, məhşərin ən çox şəfaət edənlərindən biri Xanım Fatimeyi-Zəhradır (salavatullahi əleyha).

Qeyd olur k, Xanım Fatimeyi-Zəhranın (əleyhasəlam) qiyamı və inqilabı olduqca böyük əhəmiyyətə malik idi. “Fatimiyyə” İslamın qorunmasında Kərbəladan az əhəmiyyətə malik deyil. Lakin o da qeyd edilməlidir ki, Fatimeyi-Zəhranın (əleyhasəlam) qiyamı olduqca qarışıq bir dövrə təsadüf edib, mürəkkəb şəraitdə baş verdi. “Fatimiyyə”də baş verən qarşıdurma zahirən bir neçə nəfərin arasında olsa da, həmin hadisələrin həqiqəti və batini tamam başqa idi. Həzrət Zəhra (əleyhasəlam) Peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra 75-95 gün yaşadı. Həmin müddətdə din qorundu, həzrət Fatimənin (əleyhasəlam) qiyamı ilə, həzrət Əlinin (əleyhissəlam) imaməti və toxunulmazlığı qorundu. Əks təqdirdə həzrət Əli (əleyhissəlam) ölüm və beyət arasında seçim etməyə məcbur ediləcəkdi.

Xanım Fatimə (əleyhasəlam) ölümü ilə də mübarizə nümayiş etdirdi. Həzrət Əliyə (əleyhissəlam) vəsiyyət etdi ki, onu gecə qüsl etsin, gecə kəfənləsin və gecə dəfn etsin. Müsəlman dəfn olunarkən yaxşıdır ki, çox adam yığışsın. Ancaq əziz Peyğəmbərin (sallallahu əleyhi və alih) gözünün nuru Fatiməni (əleyhasəlam) yeddi nəfərlə gecə gizlin dəfn etdilər. Peyğəmbər (sallallahu əleyhi və alih) qızının gizli dəfn olunması və mübarək məzarının bu günədək gizli qalmasının məqsədi insanları düşündürmək və haqqa hidayət etməkdir. Bu addımla Xanım Zəhra (salavatullahi əleyha) haqsızlıq və zülmə qarşı öz etirazını əbədi olaraq tarixə yazdı.

İltimasi dua


 

Etiketlər :

Həzrəti Fatimeyi-Zəhranın (əleyha salam) şəhadəti