Aşura hadisəsinin təhlillərindən (ardı)

28 November 2024

05:17

۱,۰۷۲

Xəbərin xülasəsi :
Bəli, hər bir şüur və idrak sahibinin İslam aləmində baş vermiş hadisələri düzgün dəyərləndirməsi üçün tarix ən gözəl şahiddir. Ağıl və dərrakə sahibi olmaq üçün isə gərək kor-koranə təəssübkeşlikləri və nəfsi istəkləri özündən uzaqlaşdırasan
آخرین رویداد ها


Bismilləhir-Rahmənir-Rahim

Aşura hadisəsinin təhlillərindən

Bəli, hər bir şüur və idrak sahibinin İslam aləmində baş vermiş hadisələri düzgün dəyərləndirməsi üçün tarix ən gözəl şahiddir. Ağıl və dərrakə sahibi olmaq üçün isə gərək kor-koranə təəssübkeşlikləri və nəfsi istəkləri özündən uzaqlaşdırasan. Buna da hər hansı iddiaçı və xəyalpərəstdən ummaq olmaz. Eyni zamanda tarixin dərslərindən ibrət almağın şərtlərindən biri də onu mötəbər mənbələrdən və ayrı-ayrı cinahların təsiri altına düşmədən əxz edib araşdırmaq iradəsinə yiyələnməkdir. İdrak və düşüncə sahiblərinin gözləri önündə iki məsələ xüsusi olaraq əhəmiyyət daşıyır:

Birinci: İslam dini zühur etməzdən əvvəl insanların çox acınacaqlı və faciəli şəkildə yaşadıqları bir dövrdə Allah-taala insanları mənəvi dirçəlişə və maddi tərəqqiyə çatdırmaq məqsədilə onlara sonuncu və ən üstün dini nazil etmişdir. Müqəddəs İslam dini Qurani-kərimin təhrif edilməz ayələri və Allah-taalanın sevimli Peyğəmbəri həzrət Muhəmmədin (sallallahu əleyhi və alih) sünnəsi (danışığı, əməli, imza və təsdiqləməsi) simasında bəşəriyyətə təqdim olunmuşdur. 23 il ərzində Peyğəmbəri-əkrəm (sallallahu əleyhi və alih) bu əzəmətli məsuliyyəti ilə bağlı son dərəcə ağır və tövsif olunmaz fədakarlıqlar göstərərək İlahi vəzifəsini tamam-kamal yerinə yetirmişdir. Yeni zühur etmiş dinin təbliğ olunduğu bu müddətdə hadisələr bəzən həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) şəhadətinə və İslam dininin sona yetməsinə qədər yaxın olmuşdur. Müsəlmanların İslam düşmənləri ilə bəzi həlledici vuruşmalarında hətta həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) səhabələri belə, döyüşün şiddətli və dözülməz çətinlikləri qarşısında tab gətirməyib o Həzrəti bir neçə fədakar şəxsiyyətlə birgə meydanda tək qoyub qaçmağa məcbur olmuşlar.[1] Amma bütün bu fəlakətlərə baxmayaraq Allah-taalanın iradəsi İslam dininin qorunub saxlanmasına yönəlmişdir.

İslamın kafirlərə qələbə çalmasında xatəm Peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra ən böyük rəşadətlər və iftixarlar həzrət Əliyə (əleyhissəlam) məxsusdur. Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) xüsusi göstərişləri olan bir neçə müstəsna haldan başqa bir an belə, həzrət Əli (əleyhissəlam) o Həzrəti tək qoymamışdır. Bəzi döyüşlərdə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) həyatını mərdcəsinə qoruyaraq düşmənin hücumuna sinə gərib, canından keçməyə hazır olmuşdur. Ona görə də Allah-taala müqəddəs Quranda “əhli-beyt” və “zil-qurba” ifadələri ilə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) ən yaxın qohumlarını digərlərindən fərqləndirir və onlara məhəbbət göstərməyi bütün müsəlmanlara lazım bilir:

"قُلْ لاَ أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلاَ الْمَوَدَّةَ فِي الْقُرْبَى..."

 “De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində ən yaxın qohumlarıma məhəbbət göstərməyinizdən başqa bir şey istəmirəm...”


[1]Ali-İmran” surəsi, 153-cü ayə.

Etiketlər :

Aşura hadisəsinin təhlillərindən (ardı)