Aşura hadisəsinin təhlillərindən (ardı)

28 November 2024

05:17

۱,۱۴۹

Xəbərin xülasəsi :
Qurani-kərimdə “Əhli-beyt”in (əleyhimussəlam) şənində nazil olan çoxsaylı ayələrdən başqa, xüsusi olaraq həzrət Əlinin (əleyhissəlam) yüksək məqam və mövqeiyyətini təsdiq edən bir sıra ayələr vardır. İlahi vəhyin təfsirçiləri bu mübarək ayələri təfsir edərkən Allah dininin möhkəmlənməsində heç bir səhabəni həzrət Əliyə (əleyhissəlam) bərabər etmirlər. Bu mənanın həqiqətini dərk etmək üçün mübarək “Mübahilə”[1], “İkmalud-din”[2], “Təbliğ”[3], “Ləylətul-məbit”[4], “Vilayət”[5], “Nəcva”[6] və digər ayələri mütaliə etmək kifayətdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Aşura hadisəsinin təhlillərindən

Şübhəsiz, Qurani-kərimin nazil olma əsrini təsəvvür etmək, İslam tarixindən ibrət almaq, dinin təbliği yolunda həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) üzləşdiyi əxlaqi, ictimai, iqtisadi və siyasi problemləri duymaq, İslamın qüdrətlənməsində o Həzrətin arxadaşlarının və səhabələrinin mövqeyini tanımaq, uzun müddət müsəlmanlara qarşı amansız düşmənçilik edənlərin törətdikləri təhlükələrə qiymət vermək, münafiq dəstələrin daxildən İslamı sarsıtmaq məqsədilə nəzərdə tutduqları ədavətli niyyətlərini qavramaq üçün İlahi vəhyin nazil olması və Rəsuli-əkrəmin (sallallahu əleyhi və alih) buyurduğu dürəfşan kəlamların bəyan edilməsi səbəblərini və o dövrün zaman və məkan elementlərini dəqiq surətdə bilməliyik.

Qurani-kərimdə “Əhli-beyt”in (əleyhimussəlam) şənində nazil olan çoxsaylı ayələrdən başqa, xüsusi olaraq həzrət Əlinin (əleyhissəlam) yüksək məqam və mövqeiyyətini təsdiq edən bir sıra ayələr vardır. İlahi vəhyin təfsirçiləri bu mübarək ayələri təfsir edərkən Allah dininin möhkəmlənməsində heç bir səhabəni həzrət Əliyə (əleyhissəlam) bərabər etmirlər. Bu mənanın həqiqətini dərk etmək üçün mübarək “Mübahilə”[1], “İkmalud-din”[2], “Təbliğ”[3], “Ləylətul-məbit”[4], “Vilayət”[5], “Nəcva”[6] və digər ayələri mütaliə etmək kifayətdir.

Həmçinin, uzun əsrlər boyu Əhli-beytlə (əleyhimussəlam) ədavət saxlayan hakim qüvvələrin törətdikləri maneçiliklərə və düşmənçiliklərə baxmayaraq Əhli-beyt (əleyhimussəlam) və həzrət Əli (əleyhissəlam) barəsində Rəsuli-əkrəmin (sallallahu əleyhi və alih) mükərrər buyurduğu dəyərli hədislər də diqqətəlayiqdir. O cümlədən, mütəvatir “Səqələyn” hədisi, “Səfinə” hədisi, “Mənzilət” hədisi, “Qədiri-Xum” hədisi, “Rayət” hədisi, “Səddul-əbvab” hədisi və çoxsaylı digər hədislər. Burada onlardan birinə işarə edirik: “Əhzab” vuruşu zamanı Mədinə şəhərini mühasirə etmiş kafirlərin böyük ordusunu təmsil edən Əmr ibn əbdi-Vud adlı pəhləvan müsəlmanların qarşısına çıxaraq döyüşçü tələb etdiyi zaman müsəlmanlar arasında həzrət Əlidən (əleyhissəlam) başqa heç kəs onun döyüşünə çıxmağa cürət tapmadı. Həzrət Əli (əleyhissəlam) o zəhmli pəhləvanla vuruşub onu məğlub etdikdən sonra həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) həzrət Cəbrailin dediyi hədisi belə bəyan buyurur:

لَضَرْبَةُ عَلِیٍّ يَوْمَ الْخَنْدَقِ أَفْضَلُ مِنْ عِبَادَةِ الثَّقَلَيْن

“Xəndək (Əhzab) günü həzrət Əlinin (əleyhissəlam) zərbəsi (Əmr ibn əbdi-Vudu qətlə yetirməsi) insanların və cinlərin ibadətindən üstündür.”[7]

[1] “Ali-İmran” surəsi, ayə 61

[2] “Maidə” surəsi, ayə 3

[3] “Maidə” surəsi, ayə 67

[4] “Bəqərə” surəsi, ayə 207

[5] “Maidə” surəsi, ayə 55

[6] “Mucadilə” surəsi, ayə 12-13

[7] “Əl-İqbalu bil-Ə`malil həsənəh”, cild-1, səh. 467; “Əl-Müstədrəku ələs-səhiheyn”, cild-3, səh. 34 (Əlbəttə, Müstədrək kitabında hədisin sonu belədir: اعمال امتی الی یوم القیامة)

(ardı var)

Etiketlər :

Aşura hadisəsinin təhlillərindən (ardı)