İmam Həsən Muctəba əleyhissəlamın təvəllüdü

06 July 2024

20:48

۷۹۶

Xəbərin xülasəsi :
Hicri qəməri 1438-ci il Ramazan ayının 15-i, miladi 2017-ci il iyun ayının 10-u həzrət İmam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür. Bu şad və sevinc gününü bütün Əhli-Beyt (əleyhimussəlam) aşiqləri və tərəfdarlarına təbrik deyir əziz mömin bacı-qardaşların namaz, oruc və digər ibadətlərinin qəbul olunmasını arzu edirik.


آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri qəməri 1438-ci il Ramazan ayının 15-i, miladi 2017-ci il iyun ayının 10-u həzrət İmam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür. Bu şad və sevinc gününü bütün Əhli-Beyt (əleyhimussəlam) aşiqləri və tərəfdarlarına təbrik deyir əziz mömin bacı-qardaşların namaz, oruc və digər ibadətlərinin qəbul olunmasını arzu edirik.

İmam Həsən Müctəba əleyhissəlamin həyati

Həzrət imam Əli əleyhissəlamın Peyğəmbəri-Əkrəmin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Fatiməi-Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.

Tarix kitablarında qeyd edilir ki, həzrətin təvəllüdünün yeddinci günündə anası həzrət Fatiməi-Zəhra (əleyhasəlam) bu mübarək körpəni Cənab Cəbrailin (əleyhissəlam) Beheştdən hədiyyə gətirdiyi ipək parçaya büküb həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) xidmətinə gətirdi və o Həzrət körpənin adını Həsən qoydu və onun üçün qoyun kəsdirib ehsan verdi.[1]

 Həzrət İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası həzrət imam Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmişdir.[2]

İslam dini nöqteyi-nəzərindən varlı və imkanlı şəxslər, kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlığa əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmalıdırlar. Peyğəmbəri-Əkrəm (sallallahu əleyhi və alih) və din rəhbərləri olan Məsum İmamlar (əleyhimussəlam) bu barədə nəinki ancaq sifarişlər etmişlər, əslində insansevərliyin və zəiflərə yardım göstərməyin bariz bir nümunəsi olmuşlar.

İkinci İmamımız həzrət Muctəba (əleyhissəlam), elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (əleyhissəlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhissəlam) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə və utanmağa icazə verməzdi.

Süyuti öz kitabında yazır: «Həsən ibn Əli (əleyhissəlam) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin, səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət olmuşdur.»[3]

Həzrətin ləqəbləri də onun səciyyəvi xüsusiyyətlərini əks etdirən aydın bir nişanələrdəndir. O cümlədən, Seyyid, Sibt (həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) oğlu və nəvəsi), Əmin, Hüccət, Nəqi, Zəki, Birr, Müctəba, Zahid.

Həzrət imam Həsən əleyhissəlamın dürəfşan kəlamlarından birini burada sizə təqdim edirik, inşa Allah bu hədisdə tövsiyə edilən məsələyə uyğun yaşamaq ümidi ilə hamınıza həyatda müvəffəqiyyətlər arzu edir və bir daha bütün müsəlman bacı-qardaşları təbrik edirik:

قال امام المجتبی عليه السلام: اعلموا ان الله لم يخلقکم عبثا وليس بتارککم سدی، کتب آجالکم و قسم بينکم معائشکم ليعرف کل ذی لب منزلته و ان ما قدر له و ما صرف عنه فلن يصيبه

Həzrət buyurur: Ey Allahın bəndələri! Bilin ki, Allah-taala sizi bihudə və gərəksiz xəlq etməmiş və sizi xəlq etdikdən sonra özbaşına boşlamamışdır. Sizin ömrünüzün müddətini yazmış və ruzilərinizi sizin aranızda bölmüşdür ki, hər bir ağıl sahibi öz dəyər və qədrini bilsin və başa düşsün ki, onun üçün təyin olunan miqdardan artıq ona yetişməyəcəkdir.[4]

[1] “Tuhəful uqul”,  səh. 234

[2] Tarixi Xuləfa, səh. 189.

[3] “Əl-İrşad”, mərhum Şeyx Mufid, səh. 187.

[4] “Biharul ənvar”, cild-43, səh. 250

İltimas dua!

 

Etiketlər :

İmam Həsən Muctəba əleyhissəlamın təvəllüdü