Həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) şəhadəti
27 November 2024
16:04
۸۹۸
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri qəməri 1439-cu il, ramaza ayının 21-I, miladi 2018-ci il iyun ayının 6-sı imamət səmasının birinci parlaq ulduzu həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) şəhadət günüdür. İmamiyyə şiələrinin birinci imamı həzrət Əmirəl-mö’minin Əli ibn Əbitalib (əleyhissəlam) həzrət Rəsuləllaha (sallallahu əleyhi və alih) ilk iman gətirən müsəlman və İslam dininin möhkəmlənməsində misilsiz fədakarlıqlar etmişdir. Bu ağır və əzəmətli qəmi ilk növbədə həzrət imam Sahib Zaman əleyhissəlama və eləcə də bütün din sevər mömin bacı qardaşlara təsəlli və başsağlığı deyirik.
Həzrətin atası Əbu-Talib ibn Əbdül-Müttəllib ibn Haşim ibn Əbdül-Mənaf, anası Fatimə binti Əsəd ibn Haşim olmuşdur. Göründüyü kimi, həzrət Əli (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Haşimi soyundandır.
Rəvayətlərdə Fatimə binti Əsəd və Əbu-Talibin Allahpərəstliyi və müsəlman olması da bildirilir. Onlar cahiliyyət dövründə də tək Allaha inanmışlar. Öz övladlarına ad vermək üçün Allah dərgahına üz tutmuş, onun əmrini gözləmişlər. Fatimə binti Əsəd həzrət Peyğəmbər üçün ana kimi olmuşdur. Fatimə həzrətə ilkin iman gətirənlərdən və Mədinəyə mühacirət edənlərdəndir. O, dünyasını dəyişdiyi vaxt həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) öz köynəyini Fatimə üçün kəfən etmiş, onun cənazəsinə namaz qılmış, qəbir sıxıntısından qurtarmaq üçün qəbrinə enmiş, ona təlqin buyurmuş və dua etmişdir.[1]
Həzrət imam Sadiq (əleyhissəlam) buyurmuşdur: «Əbu Talib Kəhf səhabələri kimidir. Qəlbində iman vardı, zahirən müşrik görünürdü. Allah ona iki mükafat verdi: Birini imanına, o birini isə təqiyyəsinə görə».[2]
Həzrət Peğyəmbər (sallallahu əleyhi və alih) həzrət Əliyə (əleyhissəlam) buyurur: «Səni Allahdan və məndən başqa kimsə yetərincə tanımadı».
Həzrət Əli (əleyhissəlam) şəhadətə çatdığı vaxt onun altmış üç yaşı vardı. Artıq o otuz il idi ki, imamət məqamında idi. Həzrət beş ilə yaxın xilafət kürsüsündə oturdu. İmam vəfat etdikdə həzrət Həsən və həzrət Hüseyn (əleyhiməssəlam) atasının cənazəsini dəfnə hazırlayıb Kufə yaxınlığındakı Qəriy adlanan məhəldə (bugünkü Nəcəf) dəfn etdilər.
Seyyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində deyir: «Həzrəti tanımadan onun kəlamlarını oxuyub düşünən insan elə təsəvvür edər ki, bu sözləri xanənişin bir adam demişdir. Axı mə’nəviyyat dolu bu kəlamların sahibinin qılıncından qan damdığını kim təsəvvür edə bilər?! Bəli, həzrət təzadlı xüsusiyyətlərin toplandığı e’cazkar bir insan idi.
İbn Əbil-Hədid Nəhcül-bəlağənin şərhində yazır: «Biz şücaətli, eyni zamanda bağışlayan insan görməmişik. Təlhə və Zübeyr, Abdullah ibn Zübeyr və Əbdül-Məlik ibn Mərvan şücaətli insanlar idilər. Amma onların şücaəti paxıllıqlarının və hərisliklərinin kölgəsində qalırdı».
Həzrət Əli (əleyhissəlam) misilsiz təvazöyə malik idi. O yalın torpaq üstündə oturduğundan Əbu-Turab (torpaq atası) ləqəbini almışdı. Amma bu sadə insanın savaş meydanındakı heybəti ərəb qəhrəmanlarının bədəninə titrətmə salırdı.
Həzrət Əlinin (əleyhissəlam) yediyi arpa çörəyi idi və hər süfrəyə oturanda üç tikədən artıq yeməzdi. Amma həzrətin güclü biləkləri Xeybər qapısını yerindən oynatdı. Mərhəb onun bir zərbəsi ilə canını tapşırdı. Bu barədə həzrət özü belə buyurur: «Kim mənim süfrəmdə arpa çörəyini gördüsə, təəccüb etdi ki, bu qida ilə düşmən qoşununa necə hücum edib onun sıralarını yarıram».
Ərəb cəngavərlərini diz üstə çökürən həzrət Əli (əleyhissəlam) yoxsulları və ehtiyaclıları gördükdə mum tək yumşalır, yetim körpələrlə rastlaşdıqda ağlayırdı.
Əmirəl-mö’minin Əlinin (əleyhissəlam) şəxsiyyətini vəsf etməkdə dil və qələm acizdir.
Həzrət Əli (əleyhissəlam) iman, təqva, zöhd, ibadət və yəqin baxımından misilsiz olmuşdur. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: «Əgər tərəzinin bir gözünə səmalar və yer, o biri gözünə Əlinin (əleyhissəlam) imanı qoyularsa, şübhəsiz ki, onun imanı ağır gələr».
Çoxlu ibadət etdiyinə və uzun səcdələr yerinə yetirdiyinə görə «Səccad» ləqəbi almış imam Zeynalabidin (əleyhissəlam) həzrət Əlinin (əleyhissəlam) haqqında belə buyurur: «Babam Əli (əleyhissəlam) kimi ibadət edə bilən kimdir?!»
İmam Səccad (əleyhissəlam) Yezidin məclisində özünü tanıtdırmaq üçün oxuduğu xütbədə həzrət Əlinin (əleyhissəlam) bə’zi fəzilətlərini sadalamış və demişdir: «Mən bir kəsin övladıyam ki, hamıdan güclü, şücaətli, əzmli və iradəli olmuş, cəsarətli şir tək döyüş vaxtı atılmış oxları, ona yaxınlaşan süvariləri dəyirman kimi üyütmüşdür. Qara yel otların üstündən əsdiyi kimi, o da düşmən üstünə şığıyıb onları pərakəndə salmışdır».[3]
Həzrətin şücaətini e’cazkar bilən Şeyx Müfid yazır: «Ondan savay bütün döyüşlərdə qalib gələn cəngavər olmamışdır…[4]
Mənbələr:
[1] “Əl-İrşad”, 3-cü bab, 56-cı fəsil.
[2] “Biharul-ənvar”, 45-ci cild, səh. 138
[3] “Əmali”, Şeyx Səduq, 89-cu məclis, 12-13 – cü hədis.