Həzrət Həmzənin (əleyhissəlam) şəhadət günü
27 November 2024
13:06
۱,۱۰۵
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Hicri-qəməri 1439-cu il şəvval ayının 15-i, miladi 2018-ci il iyun ayının 29-u həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli əmisi həzrət Həmzənin (əleyhissəlam) şəhadət günüdür. Bu qəmli günü bütün müsəlmanlara təsəlli və başsağlığı deyirik.
Hicrətin 3-cu ilində “Uhud” döyüşü günündə həzrət Seyyiduş-şuhəda Həmzə (əleyhissəlam) və əlavə 69 nəfər müsəlman döyüşçüləri şəhadətə yetmişlər.[1] Bəzi tarixçilər Uhud döyüşünün tarixinin şəvval ayının 17-də baş verməsini qeyd etmişlər.[2]
Bu döyüşdə kafirlər və müşrüklərlə döyüşən müsəlmanların sayı 1000 nəfərə çatmışdır. Lakin belə yazırlar ki, Mədinə şəhərində olan münafiq və qəlblərində nifaq mərəzi olan ikitirəlik salmaq istəyənlərin təbliğatı nəticəsində müsəlmanlardan 300 yüz nəfərə yaxını yoldan geri dönmüşlər və döyüşdə yalnız 700 nəfər müsəlmanqalmışdır. Kafirlərin sayına gəldikdə isə onların 3000 nəfər olduğunu qeyd etmişlər. Bəzi tarixçilər kafirlərin 2000 yaxud 4000 və ya 5000 olduğunu da yazmışlar. Müsəlmanların məğlubiyyəti ilə nəticələnən bu döyüşdə kafir döyüşçülərindən 22 ya 23 və ya 24 nəfər qətlə yetirilmiş, müsəlmanlar isə 70 şəhid vermişlər.[3]
Uhud döyüşündə həzrət Peyğəmbəri- əkrəmi (sallallahu əleyhi və alih) müdafiəsində son dərəcə fədakarlıq və şücaət göstərən Əmirəl-möminin Əli əleyhissəlamın bədəninə çoxlu yara və zərbələr dəymişdir. Halbuki döyüşün ortalarında həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) şəhadət şayeəsini eşidən əksər müsəlmanlar o Həzrəti döyüş meydanında tək qoyub döyüşdən qaçmışlar. Müqəddəs Qurani-kərim bu mövzuya bir neçə yerdə üstü örtülü şəkildə işarə etmişdir və Ali-İmran surəsinin 153-cü ayəsində nisbətən açıq şəkildə bu məsələni bəyan buyurmuşdur. Həzrət Əli əleyhissəlamın digər döyüşlərdə olduğu kimi Uhud döyüşündə də vəsfəgəlməz şücaəti bütün tarixçilərin əsərində öz əksini tapmışdır. Yazırlar ki, döyüş əsnasında həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) həzrət Əli əleyhissəlama buyurmuşdur: Ya əli! Eşidirsənmi Allah-taalanın mələkləri səmadan səni alqışlayır və mədh edirlər? Rizvan adında olan bir mələk belə deyir:
"لا سيف الا ذو الفقار و لا فتی الا علی"
“Qılınclar arasında ancaq Zulfüqar, cavanlar arasında ancaq Əlidir!”
(Zülfüqar həzrət Əli əleyhissəlamın qılıncının adı olmuşdur. Bu qılıncın barəsində tarixçilər çox söz yazmışlar, lakin burada qısa şəkildə bunu demək olar ki, bu kəsici qılınc həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) tərəfindən Əmirəl-mömininə (əleyhissəlam) hədiyyə verilmişdir.)
Həzrət Əmirəl-möminin Əli əleyhissəlam buyurur: “Bu sözləri həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) eşitdikdə sevincimdən gözlərim yaşardı və bu böyük nemət müqabilində Allah-taalaya həmdü-səna etdim.”[4]
Həzrət Həmzənin şəhadəti
Bu gündə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz əmisi həzrət Həmzə ibn Əbdul-Mutəllib şəhadətə yetmişdir. Həzrət Həmzə (əleyhissəlam) Rəsuli-əkrəmin (sallallahu əleyhi və alih) əmisi olmaqla bərabər o Həzrətlə yaş yaxınlığı olduğu üçün eyni zamanda Peyğəmbərin süd qardaşı da olmuşdur. Ona görə ki, onların hər ikisinin Suveybə adlı bir qadından süd əmmələri də tarixdə qeyd olunmuşdur.[5]
Həzrət Həmzə (əleyhissəlam) heybətli və çox şücaətli bir şəxs olmuş və İslam dininin möhkəmlənməsində böyük xidmətləri olmuşdur. Uhud döyüşündə o Həzrəti Vəhşi adlı bir zənci döyüşçü Əbu Süfyanın arvadı və Muaviyənin anası Hindin sifarişi ilə şəhadətə yetirmişdir. Yazırlar ki, Bədr döyüşündə müsəlmanlar tərəfindən ata, qardaş və əmisini itirən Hind əvvəlcə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz anasının qəbrini dağıdır o Həzrətin anasına hörmətsizlik etmək fikrinə düşür. Lakin kafirlər öz ölülərinin qəbirlərinin müsəlmanlar tərəfindən dağıdılması qorxusundan bu fikirdən dönürlər. Ona görə də Hind böyük vədələr verərək Vəhşi adlı zənci bir döyüşçüyə çoxlu hədiyyə və vədələr boyun alaraq onu həzrət Peyğəmbəri (sallallahu əleyhi və alih) yaxud Əli əleyhissəlamı və ya həzrət Həmzəni (əleyhissəlam) qətlə yetirməyə təhrik etmişdir. Əbu Süfyanın arvadının bu istəyi müqabilində Vəhşi ona deyir: “Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) və Əli əleyhissəlamı qətlə yetirməkdən acizəm, ona görə ki, Peyğəmbəri möhkəm qoruyurlar və Əli əleyhissəlam da döyüşdə çox ayıqdır, amma Həmzəni qətlə yetirmək üçün gizlənib fürsət taparam. Çünki həmzə döyüş zamanı o qədər döyüşə qərq olur ki, mənim pusquda durmağımdan xəbəri olmaz.”
O Uhud müharibəsində nizə ilə həzrət Həmzənin mübarək sinəsini və ya qarnını nişanlayıb həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) çox əziz olan bu şəxsiyyəti şəhadətə yetirmişdir. Həzrət Həmzənin qətlə yetirilmə xəbəri Əbu Süfyanın arvadı Hində çatdıqda o xəbis arvad Həmzənin sinəsini yarıb mübarək ciyərini çıxarıb dişləri ilə onu didib-çeynəmişdir. Həmçinin, Hind xəncər ilə həzrət Həmzənin qulaqlarını, burnunu və s. kəsib, onları sapa keçirərək boynundan asmışdır.
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) Həmzə seyyiduş-şuhədanın cənazəsini o vəziyyətdə gördükdə çox narahat olmuş və ağlamışdır. Sonra həzrət Həmzənin bacısı Səfiyyə onun cənazəsini bu vəziyyətdə görməsin deyə, öz mübarək əbasını cənazənin üstünə salmış və belə buyurmuşdur:
"يا عم رسول الله و اسد الله و اسد رسوله... يا فاعل الخيرات، کاشف الکربات..."
Həzrət Əmirəl-möminin və Fatiməi-Zəhra (əleyhiməssəlam) və Səfiyyə və digər müsəlmanlar həzrət Həmzənin (əleyhissəlam) şəhadətində çox ağlamışlar.[6]
Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) o Həzrətin mübarək bədəninə namaz qılmış və onu Uhud məntəqəsində dəfn etmişdir.
Həzrət imam Rza əleyhissəlam həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edr ki, o Həzrət buyurmuşdur: “Əli mənim ən yaxşı qardaşım və Həmzə mənim ən yaxşı əmimdir.”
Bir daha bu qəm-qüssəli günü əziz müsəlman bacı-qardaşlara başsağlığı deyirik!
İltimas dua!
[1] Biharul-ənvar, cild 20, səh.
55
[2] Biharul-ənvar, cild 15, səh. 281
[3] Əl-İrşad, səh87;
Usdul-ğabə, cild 4, səh. 21; Məsaruş-şiə, səh. 16; Misbahul-Kəfhəmi, cild 2, səh.
600
[4] Məsaruş-şiə, səh. 15