Həzrət imam Huseyn əleyhissəlamın Kufəlilərin məktublarına cavabı

27 November 2024

10:21

۹۱۹

Xəbərin xülasəsi :
Öz canıma and olsun ki, (gerçək) imam yalnız Allahın kitabına əməl edən, ədaləti rəhbər tutan, haqqa boyun əyən və varlığını Allahın varlığına həsr (fəda) edəndir!”
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn əleyhissəlam- Mədinədən Kərbəlayadək

Həzrət imam Huseyn əleyhissəlamın Kufəlilərin məktublarına cavabı

Kufə əhalisi Hüseyn ibn Əlinin (əleyhissəlam) beyətdən imtina etdiyindən, fəsadlarla mübarizəyə hazır olduğundan və Məkkəyə gəldiyindən xəbər tutduqda fərdi qaydada müxtəlif qasidlərlə göndərilən yüzlərcə məktubla ona müraciət edir. Həmin məktubların ümumi məzmunu aşağıdakı kimi idi:

“İndi, Müaviyənin ölümü nəticəsində müsəlmanların onun şərindən qurtulduğu bir zamanda bizi çaşqınlıqdan xilas edə və batmaqda olan gəmimizi nicat (əbədi qurtuluş və səadət) sahilinə çatdıra biləcək bir imama, rəhbərə ehtiyacımız var. Biz – Kufə xalqı artıq Yezidin bu şəhərdə valisi olan Neman ibn Bəşirə müxalif mövqe tutmuş və onunla bütün əlaqələri kəsmişik, hətta onun qıldırdığı camaaat namazlarında belə iştirak etmirik. Biz sizin gəlişini gözləyirik. Amallarınızı gerçəkləşdirmək uğrunda əlimizdən gələni edəcək, malımızı və canımızı belə əsirgəməyəcəyik”.

Həzrət Hüseyn (əleyhissəlam) bəzi tarixçilərin verdiyi məlumatlara əsasən, sayı on iki minə çatan bu məktublara belə cavab yazır:

“Rəhman və Rəhim Allahın adı ilə! Hüseyn ibn Əlidən mömin, müsəlman xalqa. Hani və Səid sizin məktublarınızı mənə təqdim etdi. Onlar mənim yanıma gələn son elçilərinizdir. Bütün yazdıqlarınızı, qeyd etdiklərinizi başa düşdüm. Ümdə mətləbiniz bundan ibarətdir ki, “başımızda bir imamımız (rəhbərimiz) yoxdur, bizə sarı gəl ki, Allah bizi hidayət (doğru yol) və haqq ətrafında toplasın” deyirsiniz. Mən də qardaşım, əmim oğlu və ailə üzvlərim arasında güvəndiyim bir insanı (Müslim ibn Əqili tərc.) sizin yanınıza göndərir və ona tapşırıram ki, məni (öz müşahidələri əsasında) sizin vəziyyətiniz və rəyinizlə bağlı məktub yazaraq məlumatlandırsın. Beləliklə, əgər elçilərinizin mənə təsvir etdiyi və məktublarınızda oxuduğum kimi əksəriyyətinizin, o cümlədən aranızdakı ləyaqətli və gözüaçıq insanların həmfikir olduğunu yazarsa, Allahın izni ilə tezliklə sizin yanınıza gələcəyəm. Öz canıma and olsun ki, (gerçək) imam yalnız Allahın kitabına əməl edən, ədaləti rəhbər tutan, haqqa boyun əyən və varlığını Allahın varlığına həsr (fəda) edəndir! Məktubun sonu”.[1]

Təbəri və Deynəvərinin verdikləri məlumata əsasən, İmam (əleyhissəlam) bu cavab məktubunu Kufə əhalisinin onun yanına göndərdikləri Hani və Səid adlı iki qasidlə onlara göndərmişdi.[2] Xarəzminin nəqlinə əsasən isə o, məktubu Müslim ibn Əqilin özü ilə göndərmiş və ona buyurmuşdu: “Səni kufəlilərin yanına göndərirəm. Allah (cəllə cəlaluh) səni Onun razılığını və sevincini qazandıran yolda müvəffəq etsin! Yola düş, Allah köməyin, pənahın olsun! Ümidvaram, hər ikimiz şəhidlərin məqamına nail olacağıq”.[3]

(ardı var)


[1]Təbəri, c. 7, səh. 235; İbn Əsir, c. 3, səh. 267; əl-İrşad, səh. 204; Məqtəl (Xarəzmi), c. 1, səh. 195-196.

[2] Təbəri, c. 7, səh. 235; əl-Əxbar ət-tival, səh. 238.

[3] Məqtəl (Xarəzmi), c. 1, səh. 196.

Etiketlər :

Həzrət imam Huseyn əleyhissəlamın Kufəlilərin məktublarına cavabı