Camiəyi-kəbirə ziyarətnaməsində Məsumların siması

27 November 2024

06:00

۱,۱۷۳

Xəbərin xülasəsi :
«Camiəyi-kəbirə» ziyarətnaməsi sevimli Allahın və əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) bütün müsəlmanlara əmanət tapşırdığı iki dəyərli və əzəmətli mövzunu, yəni Allahın müqəddəs kitabı Qur`ani-kərimi və Həzrət Peyğəmbərin ən yaxın ailə üzvləri olan Əhli-beyt əleyhimussəlamı yaxından tanımaq və onlarla mənəvi ünsiyyət yaratmaq üçün ən gözəl və çox mötəbər sayılan elmi mənbə olaraq məşhurdur
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

«Camiəyi-kəbirə» ziyarətnaməsi sevimli Allahın və əziz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) bütün müsəlmanlara əmanət tapşırdığı iki dəyərli və əzəmətli mövzunu, yəni Allahın müqəddəs kitabı Qur`ani-kərimi və Həzrət Peyğəmbərin ən yaxın ailə üzvləri olan Əhli-beyt əleyhimussəlamı yaxından tanımaq və onlarla mənəvi ünsiyyət yaratmaq üçün ən gözəl və çox mötəbər sayılan elmi mənbə olaraq məşhurdur.

«Camiəyi-kəbirə» ziyarətnaməsinin şərhi üçün müqəddimə xarakteri daşıyan verilişimizdə insan həyatına məna verən ən əhəmiyyətli mövzuları, o cümlədən;

– Allahla mənəvi ünsiyyətin zəruriliyi;

– Dua və ziyarətin mənası və əhəmiyyəti;

– İnsanın mənəvi dirçəlişində duanın təsiri;

– Dua və ziyarətin qəbul olunma səbəbləri və şəraiti;

– Dua və ziyarətnamələrin son dərəcə yüksək məzmunu ilə tanışlıq

və digər mühüm mətləbləri araşdıracağıq.

Son dərəcə zəngin maarifə malik olan «Camiəyi-kəbirə» ziyarətnaməsində yüksək mə`nalı ifadələrin şərhinə başlamazdan əvvəl bu ziyarətnamənin məzmununu təşkil edən «dua», «minacat» və «ziyarət» kəlmələri ilə bağlı çox faydalı məsələlər hüzurunuza təqdim olunacaq.

İnsanın maddi və mənəvi müqəddəratında Allaha dua edib Onunla üns bağlamağın həlledici təsirini nəzərə alaraq, verilişimizdən kifayət qədər faydalanmağıniz arzusu ilə siz əzizlərdən verilişimizi diqqətlə izləməyinizi xahiş edirik.

Sevimli Allahla dua və ziyarətnamə vasitəsilə mənəvi üns bağlamaq mövzusu böyük əhəmiyyət kəsb etdiyi üçün qədim zamanlardan indiyə qədər görkəmli alimlər bu barədə çoxlu dəyərli kitablar yazmışlar. Bu kitablardan bəziləri dua və ziyarətnamələr toplusu şəklindədir. Məsələn, Həzrət İmam Səccad əleyhissəlamın dualarının toplandığı möhtəşəm «Səhifeyi-Səccadiyyə». Bir sıra kitablar da, dua və ziyarət etməyin necəliyi, şəraiti və qaydaları barəsindədir. Məsələn, mərhum İbn Fəhd Hillinin «Uddətud-dai və nicatus-sai» kitabı. Bəzi kitablar isə, dua və ziyarətnamələrin şərhi və təfsiri haqqındadır. Mərhum seyyid Əli xanın dəyərli «Riyazus-salikin» kitabı da bu qismə aiddir.

Dua və ziyarətnamələr haqqında yazılan kitablar saya gəlməz qədər çoxdur. Belə böyük həcmdə yazılan kitablar öz-özlüyündə dua və ziyarətnamə mövzusunun yüksək əhəmiyyət kəsb etməsini sübuta yetirən bir dəlildir.

Bu əhəmiyyətli mövzuya giriş olaraq öncə müxtəsər şəkildə dua, minacatziyarətnamə sözlərinin mənasının açıqlanmasını lazım bilirəm.

Dua sözü ərəb kəlməsi olub lüğətdə səsləmək, çağırmaq və istəmək mənasını verir. Terminaloji mənası isə, insanın Qadir Allaha ibadət edərək ondan hacət, ehtiyac, arzu və kamını ürəkdən diləməsidir.

Minacat sözü də, ərəb dilindən gəlmiş və «nəcva», yəni ahəstə və pıçıltı ilə danışmaq sözünün kökündəndir. Qeyd edək ki, ərəb dilində bu kəlmə «munacat» -deyə tələffüz edilir. Minacat sözünün terminaloji mənası, insanın qəlbində olan sirrini və arzularını Allah dərgahına deyib Onunla raz-niyaz edərək, yalnız Ondan kömək istəməsidir.

Ziyarət sözünün mənası haqqında da deməliyik ki, bu söz ərəb dilində olduğu kimi, azərbaycan dilində də eyni mənada işlənir. Lakin ərəb dilində ziyarət kəlməsini, ziyarətnamə mənasına da işlədirlər. Ona görə də, «Camiə» ziyarətnaməsinə, «Camiə» ziyarəti –deyilir.

Bu sözün lüğətdə mənası, birinin görüşünə getməkdir. Terminalogi mənası da müqəddəs sayılan şəxsləri, yerləri və məzarları görmək, habelə şövq və əlaqə ilə onların görüşünə getməyi bildirir. Müqəddəs yerlər və məzarlar dedikdə; məsələn, peyğəmbərlərin, məsum imamların, imamzadələrin, eləcə də böyük din alimlərinin məzarını və məscidləri ziyarət etmək nəzərdə tutulur. Elə məzar sözünün özü də ərəb dilində ziyarət edilən yer, məkan, yəni ziyarətgah deməkdir.

Ziyarətnamə kəlməsi də Həzrət Peyğəmbəri (səlləllahu əleyhi və alih), məsum imamları və imamzadələri istər yaxından, istərsə də uzaqdan ziyarət edən şəxsin yazı üzərindən və yaxud əzbərdən oxuduğu dualar üçün istilah və termindir. Məsum şəxs tərəfindən təsdiq olunmuş bu dualarda İslam maarifinin dəqiqlikləri və Əhli- beyt əleyhimussəlamın məqam və fəzilətləri özünü əks etdirir.
 
Bu qısa izahdan sonra məlum oldu ki, dua, minacat və ziyarət sözlərinin üçü də Allaha ibadət və Onunla raz-niyaz etmək mənasınadır.

Həzrət İmam Sadiq əleyhissəlam bu mənanın təsdiqində buyurur:

"الدُّعاءُ هُوَ العِبادة"

«Dua, məhz Allaha ibadət etməkdir».[1]

(ardını izləyin)


[1] Usuli-kafi, cild-2, səh. 467.

Etiketlər :

Camiəyi-kəbirə ziyarətnaməsində Məsumların siması