Həzrət Ayətullah Muhəmmədcavad Lənkəraninin Namazın sirləri bəhslərindən

27 November 2024

04:05

۹۵۱

Xəbərin xülasəsi :
İcmal surətli hüzur: Allah-təalaya həmd-səna deməyə məşğul olmaq: İmam Xomeyni (Allahın rizvanı olsun ona) huzuru qəlb üçün ümumilikdə səkkiz mərhələ qeyd etmişdir və səkkizinci mərhələdə buyurur: bu səkkizinci mərhələnin özünün elə bir mərhələləri vardır ki, onları düşünüb, dərk və bəyan etməkdə acizik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İcmal surətli hüzur: Allah-təalaya həmd-səna deməyə məşğul olmaq

" إِنِّي وَجَّهْتُ وَجْهِيَ لِلَّذِي فَطَرَ السَّمَاوَاتِ وَالْأَرْضَ حَنِيفًا وَمَا أَنَا مِنَ الْمُشْرِكِينَ "

Üzümü göyləri və yeri yaradana çevirdim; mən öz imanımda xalisəm və müşriklərdən deyiləm.[1]

Namazda hüzuri-qəlbin müxtəlif mərtəbələrinin olduğunu qeyd etdik. Namaz qılan şəxs bu mərtəbələrə diqqət etməlidir. Doğrudur, bu mərtəbələrin bəzisinin həqiqəti və dərki hamı üçün mümkündür, bəzisinin həqiqətinə çatmaq da olduqca çətindir və bəzisinə nail olub, onları dərk etmək isə çoxları üçün qeyri-mümkündür.

Namazın sirləri və namaz qılanın mənəvi dərəcələri barədə yazılmış üç məşhur əsər olan: Şəhid Saninin “Ət-Tənbihatul əliyyəh”, mərhum Mirzə Cavad Məliki Təbrizinin “Əsrarus-səlat” və imam Xomeyninin (Allahın rizvanı olsun onlara) “Sirrus-səlat” kitabları arasında hüzuri-qəlbin mərtəbələri mövzusunda daha dəqiq bəyana imam Xomeyninin sözlərində rast gəlinir. Baxmayaraq ki, “Sirrus-səlat” kitabını mütaliə etdiyimiz zaman İmamın öz kitabını Şəhid Saninin şərafətli kitabına əsasən təlif etməsi aydın şəkildə məlum olur, lakin İmamın huzuru-qəlbin mərtəbələri barədə verdiyi dərin izahlar o kitabda movcud deyildir. İmam (Allahın rizvanı olsun ona) huzuru qəlb üçün ümumilikdə səkkiz mərhələ qeyd etmişdir və səkkizinci mərhələdə buyurur: bu səkkizinci mərhələnin özünün elə bir mərhələləri vardır ki, onları düşünüb, dərk və bəyan etməkdə acizik. İndi biz də müəyyən həddə qədər bu mərtəbələrə işarə edəcəyik.

Qeyd edirlər[2] ki, namazda hüzuri-qəlbin birinci mərhələsi hər bir insanın kəsb edə biləcəyi icmal surətli hüzurdur. İcmal surətli hüzurun mənası budur ki, insan öz qəlbinə düşündürüb inandırmalıdır ki, Allah-təalaya sitayiş etmək və həmd-səna demək məqamındadır. Bilsin ki, Allah təbarək və təalaya həmd, təsbeh, tənzih, təqdis demək və vəsflərini bəyan etmək məqamındadır. Hətta necə həmd və təsbeh dediyini dərk etməsə belə, Allahı vəsf etmək halında olduğunu bilməlidir. Amma bu vəsf etmək nədir, hansı bəyan və ünvanladır, bunlara xüsusi diqqəti yoxdur. Buna bənzəyir ki, kiçik yaşlı uşağın hüzurunda bir şair böyük bir şəxsi əzəmətlə xatırlayıb, vəsf edib. O uşaq bu miqdar qavrayır ki, bu şair o böyük şəxsə mədh və sitayiş edir. Amma bu sözlərin, ibarələrin, mədh və sitayişin həqiqi mənalarını dərk etmir və onlara diqqəti yoxdur. Bu, hüzuri-qəlbin mərtəbələrindən birincisidir ki, namaz qılan şəxs Allaha həmd-səna deməsinə məşğul olduğunu bilsin. Necə həmd-səna? Elə bir həmd-səna ki, Allah-təala özünə onun vasitəsilə təsbeh deyir. Elə bir həmd-səna ki, Allah dərgahının məxsus bəndələrinin həmişəki zümzüməsidir.

Burada İmam (Allahın rizvanı olsun ona) diqqəti incə bir məqama cəlb edir ki, onu əncam vermək adi insanlar üçün də müyəssərdir. O məsələ budur ki, Allah-təalaya həmd-səna deyən şəxs özü ilə Allah arasında belə münacat etsin: İlahi! Özümü Sənə həmd-səna deməyə layiq bilmirəm, (odur ki,) Sənin dərgahında ləyaqətli olan kəslərin dili və danışığı ilə Sənə həmd-səna deyirəm. Övliyanın dili ilə Allaha dua və səna etmək hər növ nifaq və iftiradan uzaqdır. İnsan əgər öz tərəfindən Allaha həmd-səna etmək istəsə, sözü ilə əməli bir olmadığı üçün yalan və nifaqa mürtəkib olar. Amma övliyanın dili ilə Allah-təalaya həmd etmiş olarsa, onların sözləri və əməlləri bir-birinə uyğundur.

(ardını izləyin)



[1] “Ənam” surəsi, ayə 79

[2] “Sirrus-səlat” (Meracus-salikin), səh. 17


Etiketlər :

İcmal surətli hüzur: Allah-təalaya həmd-səna deməyə məşğul olmaq