Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Musa ibn Cəfərin
(əleyhissəlam) şəhadəti
Hicri-qəməri 1440-cı il rəcəb ayının 25-i, miladi 2019-cu il aprelin 1-i
İmamət və Vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin
(əleyhiməssəlam) şəhadət günüdür. Bu böyük əza gününü ilk növbədə Sahibəl-əsri vəz-zaman
həzrət Məhdiyə (əccələllahu təala fərəcəhuş-şərif) və həmçinin Əhli-beyt (əleyhimussəlam)
aşiqlərinə təsəlli və başsağlığı deyirik. Ümid edirik əzizlər bu qəmli-qüssəli
gündə əqidəmizə uyğun şəkildə əzadarlıq məclisləri təşkil etsinlər və
Əhli-beytin (əleyhimussəlam) bəşərə nicat verən kəlamlarını hörmətli xalqımıza
çatdırsınlar.
Həzrət İmam Sadiq (əleyhissəlam) şəhid olan zaman Abbasi xəlifəsi Mənsur Dəvaniqi
öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət
idi ki öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız
insanları qətlə yetirirdi. O bu işdə təkcə şiələri deyil, eləcə də onun
hakimiyyəti ilə müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə
ağır əzablar verirdi. Belə ki, Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər
qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə
fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.
İmam Kazim (əleyhissəlam) atasının vəfatından sonra iyirmi yaşında İslam
hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə
üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiq əleyhissəlamın
şəhadət xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki əgər Cəfər
ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) öz yerinə bir nəfər canişin təyin
edibsə onu, çağırtdır və boynunu vur! Çox çəkmədi ki Mədinə hakimi Bağdada (Mənsura)
aşağıdakı məzmunda bir məktub yazdı: “Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində
beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır:
1-Dövrün xəlifəsi – Mənsur Dəvaniqi;
2-(Mədinə hakimi və məktubu yazanın
özü) Məhəmməd ibn Süleyman;
3-Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazim əleyhissəlamın böyük
qardaşı);
4-Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam));
5-Həmidə
(İmam Sadiq əleyhissəlamın həyat yoldaşı).
Mədinə hakmi bunları yazdıqdan sonra qeyd edir ki, bunlardan hansının
boynunu vurdurum?
Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk
qəzəblənib qışqırır ki bunları öldürmək olmaz!
Həzrət İmam Sadiq əleyhissəlamın bu vəsiyyətnaməsi tamamilə siyasi idi.
Çünki o həzrət özündən sonrakı İmamı və öz canişinini qabaqcadan şiələrə
tanıtdırmış, lakin Mənsurun bu cür təhlükəli
planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq və yaranmış təhlükəni
ondan uzaqlaşdırmaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.
Təəssüflər olsun ki, hazırki dövrümüzün bəzi cahilləri Şiə əqidəsində təqiyyə
mövzusunu dərk etmədən, bəlkə də dərk etmək istəmədən bəzən təqiyyəni bu məzhəbə
irad tutur və car çəkərək Şiə məzhəbində yalan danışmağın caiz olduğu kimi
iftiralı sözləri təkrar edirlər. Halbuki təqiyyə mövzusu həm şəriət baxımdan, həm
də əqli baxımdan təsdiq olunmuş bir məsələdir. Belə ki, hələ islamın əvvəllərində
müşriklərin görkəmli səhabə Əmmar Yasirin ata və anasını qətlə yetirməsi və
Əmmarın öz canını qorumaq məqsədilə yanlış fikirlər söylədikdə onu azad etmələrindən
sonra Əmmarın vicdan əzabı keçirdiyini gördükdə həzrət Peyğəmbər (sallallahu əleyhi
və alih) ona buyurur ki, kaş sənin ata və anan da bu kimi “yanlış sözlər” deyərək
(yəni təqiyyə edərək) öz canlarını ölümdən qurtaraydılar...!? Xülasə həzrət
Sadiqin (əleyhissəlam) buyurduğuna əsasən yerli olaraq təqiyyə etmək islam
dinində düzgün və lazımdır, hətta buyurur təqiyyəni qəbul etməyənlər sanki dini
qəbul etməmişlər...
Həzrət İmam Rza əleyhissəlamdan bir hədisdə
belə nəql edilir:
مَن تَصَدَّقَ وَقتَ افطارِهِ عليَ مِسكِينٍ
بِرَغِيفٍ غَفَرَ اللهُ لَهُ ذَنبَهُ وَ كَتَبَ لَهُ ثَوابَ عٍتقٍ رَقَبَةٍ مِن
وُلدِ اسماعٍيلَ
Hər kəs iftar
vaxtı yoxsul və möhtac olan şəxsə bir çörək versə, Allah taala onun günahlarını
bağışlar və ona İsmayil peyğəmbərin övladlarından olan bir qulun azad edilməsi
savabını yazar.
Mənbə:
Möhtəşəm "Vəsailuş-Şiə" kitabı, 10-cu cild, səh. 316
Iltimas dua!