Həzrət Əbu Talibin vəfatı

25 November 2024

18:27

۴۲۷

Xəbərin xülasəsi :
Hicrətdən üç il əvvəl, besətin 10-cu ili, rəcəb ayının 26-ı həzrət Əmirəl-möminin Əli əleyhissəlamın əziz atası, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) himayədarı Seyyid Bətha həzrət Əbu Talibin (əleyhissəlam) vəfat günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əbu Talibin vəfatı

Hicrətdən üç il əvvəl, besətin 10-cu ili, rəcəb ayının 26-ı həzrət Əmirəl-möminin Əli əleyhissəlamın əziz atası, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) himayədarı Seyyid Bətha həzrət Əbu Talibin (əleyhissəlam) vəfat günüdür. Bu qəmli və kədərli gün münasibətilə öncə həzrət İmam Zaman əleyhissəlama, eləcə də bütün şiələrə və Əhli-beyti (əleyhimussəlam) sevənlərə təsəlli və başsağlığı deyirik.

Həzrət imam Baqir əleyhissəlamdan üməvilərin quraşdırdıqları saxta “Zəhzah” hədisi barəsində soruşduqda həzrət buyurdu:

:«لَوْ وُضِعَ اِیمَانُ اَبُوطَالِبٍ علیه السلام فِی کَفَّةٍ وَایِمَانُ هَذَا الْخَلْقِ فِی الْکَفَّةِ الاُخْرَی، لَرَجَحَ اِیمَانُهُ»

Əgər Əbu Talibin imanını tərəzinin bir gözünə və bütün xalqın imanını tərəzinin o biri gözünə qoysalar, Əbu Talibin imanı onların hamısının imanından ağır gələr.”(1)

“Zəhzah” hədisi Bəni Üməyyə dövründə həzrət Əli əleyhissəlam ilə düşmənlik nəticəsində o həzrətə tənə və nöqsan düzəltmək üçün saxta və düzəlmiş bir hədisdir. Bu saxta hədisi Əhli-beyt (əleyhimussəlam) ilə inadkar mövqe tutan bəzi əhli-sünnə mənbələri qeyd etmişlər. Onun məzmununa əsasən, İslam dininin qələbəsindən qabaq vəfat etmiş Peyğəmbərin (sallallahu əleyhi və alih) əmisi həzrət Əbu Talib əleyhissəlam qeyri-müsəlman halda dünyadan getmişdir. Halbuki tarixi mənbələr və Əhli-Beyt əleyhimussəlamın etibarlı hədisləri tam onun əksinədir və həzrət Əbu Talibin övliyadan olmasını bəyan edir.

Əbu Talib əleyhissəlamın qəsidəsindən, yalnız kiçik bir nümunəni sizə təqdim edirəm. Əlbəttə, onun mömin və müsəlman olmasına çoxlu dəlillər var, lakin müxtəsər olaraq burada özünə mənsub şerdən misal gətirirəm. Şerin bir hissəsində deyir: “Şərafətli və idraklı insanlar bilsinlər ki, Muhəmməd (sallallahu əleyhi və alih) Musa və İsa kimi peyğəmbərdir. Səma nuru o ikisinin ixtiyarında olduğu kimi, o da bundan bəhrələnmişdir. Bütün peyğəmbərlər Allahın əmri ilə insanlara yol göstərir və onları günahlardan çəkindirirlər. Qureyş əhli! Təsəvvür edirsiz ki, onu ələ keçirə biləcəksiz, sizin bu arzunuz, yalnız pərişan bir yuxudur. O peyğəmbərdir, Allah tərəfindən ona vəhy nazil olur.”(2) Həmçinin, başqa bir hissədə buyurur: “Qureyş! Görəsən, bizim onu (Muhəmmədi) Musa simasında tanıdığımızı bilmirsizmi? Onun adı və nişanələri səmavi kitablarda qeyd edilmişdir və İlahi bəndələr ona xüsusi məhəbbət bəsləyirlər. Məhəbbətini Allah insanların qəlbinə salmış bir şəxs barəsində zülmə yol vermək olmaz.” (3)

Əhli təsənnün alimi İbn Əbil Hədid bir şerin bəyanında deyir: “Əgər Əbu Talib və onun oğlu (Əli əleyhissəlam) olmasaydılar, İslam dini möhkəmlənib ucalmaz və dindən bir əsər qalmazdı. Əbu Talib Məkkə şəhərində Peyğəmbəri (sallallahu əleyhi və alih) müdafiə və himayə etmiş, oğlu isə Mədinə şəhərində tam qüdrəti ilə Peyğəmbəri (sallallahu əleyhi və alih) müdafiə və himayə etmişdir.”(4)

Həzrət Baqir əleyhissəlam başqa bir hədisdə buyurur:

«مَاتَ اَبُوطَالِبِ بْنِ عَبْدُ الْمُطَلِّبُ مُسْلِما مُؤْمِنا وَشِعْرُهِ فِی دِیوَانِهِ یَدُلُّ عَلَی اِیمَانِهِ»

“Həzrət Əbu Talib əleyhissəlam müsəlman halında və imanla dünyadan getdi, onun şür divanı buna aydın dəlalət edir.” (5)


Mənbə:

1-Biharul-ənvar, cild-35, səh.156

2-Peyğəmbər əkrəmin tarixindən səhifələr, səh. 163, Ayətullah Subhaninin Əbu Talibin şer divanından, səh32 və İbn Hişamın tarix kitabından, cild-1, səh. 373

3-Həmin mənbə

4-Nəhcul-bəlağənin şərhi, cild-14, səh. 76, İbn Əbil Hədid.

5-Biharul-ənvar, cild-35, səh. 117


Etiketlər :

Əli əleyhissəlamın əziz atası həzrət Əbu Talib əleyhissəlamın vəfatı