Qurban bayramının mahiyyəti

23 April 2024

20:59

۴۵۴

Xəbərin xülasəsi :
Həqiqətdə, Qurban bayramı Allah-taalanın həzrət İbrahim-Xəlil peyğəmbərə, böyük sınaq və imtahan müqabilində əta etdiyi mükafatdır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qurban bayramının mahiyyəti

Həqiqətdə, Qurban bayramı Allah-taalanın həzrət İbrahim-Xəlil peyğəmbərə, böyük sınaq və imtahan müqabilində əta etdiyi mükafatdır. Çox illər övlad həsrətində olan həzrət İbrahimə (əleyhissəlam) yaşı ötdükdən sonra Allah-taala İsmaili bəxş edir. Qurani-məcid bu məsələyə işarə edib buyurur:

الحَمدُ لِلَّهِ الَّذي وَهَبَ لي عَلَى الكِبَرِ إِسماعيلَ وَإِسحاقَ ۚ إِنَّ رَبّي لَسَميعُ الدُّعاءِ

Həmd olsun Allaha! İsmail və (sonra) İshaqi mənə əta etdi. Şübhəsiz, Rəbbim  duaları eşidən (və müstəcab edəndir). [1]

Amma İsmail cavan yaşlarına çatdıqda Allah-taala tərəfindən həzrət İbrahimə (əleyhissəlam) sevimli oğlunu qurban etmək əmri verilir. Qurani-kərim bu hadisəni belə bəyan edir:

فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَى فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَى قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ

“(İbrahim) onunla sə`y məqamına yetdikdə dedi: Ey oğlum! Yuxuda görürəm ki, səni qurban edirəm, nəzərinə nə gəlir? (İsmail) dedi: Əmr edildiyin hökmü yerinə yetir, inşa Allah məni səbir edənlərdən görərsən.”[2]

فَلَمَّا أَسْلَمَا وَتَلَّهُ لِلْجَبِينِ، وَنَادَيْنَاهُ أَنْ يَا إِبْرَاهِيمُ، قَدْ صَدَّقْتَ الرُّؤْيَا إِنَّا كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ، إِنَّ هَذَا لَهُوَ الْبَلَاءُ الْمُبِينُ، وَفَدَيْنَاهُ بِذِبْحٍ عَظِيمٍ، وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ، سَلَامٌ عَلَى إِبْرَاهِيمَ، كَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ، إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ. 

“Bu zaman (ata və oğul) bir-biri ilə halallaşırlar, (və İbrahim İsmailin) başını torpağa qoyur (və Allahın əmrini yerinə yetirməyə cəhd edir). Onu səsləyib dedik: Ey İbrahim! Yuxuda deyilən əmri təsdiqlədin, yaxşı insanlara belə bəxşiş edirik. Açıq-aydın imtahan elə budur. Onu əzəmətli qurban müqabilində azad etdik və gələcək insanlara nümunə göstərdik. Salam olsun İbrahimə! Yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Həqiqətən, O, mömin bəndələrimizdəndir.”[3]

Bəli, bu böyük imtahan həzrət İbrahimin (əleyhissəlam) İlahi dərgahda xüsusi məqama yetməsinə səbəbi olmuşdur. Möminlərin bütün imtahanlarının mənası da, məhz inkişaf və tərəqqidir. Yəni hər bir imtahanda qazanılan müsbət nəticə insanın həmin imtahana münasib yüksəlişi və tərəqqisinə səbəbdir. Həqiqətdə, insanların kamala yetmələri bu imtahanlar olmadan əsla mümkün deyil.

Ona görə də, müqəddəs Quran buyurur:

وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا

“Allah-taala İbrahimi “kəlmələr” ilə imtahan etdi; O, onların hamısını yerinə yetirdikdən sonra, (Allah) buyurdu: Mən səni xalqa İmam təyin etdim!”[4]

Həzrət İbrahim (əleyhissəlam) imamət məqamına mənsub olundu. Nə üçün? Çünki o, ağır imtahanlardan başıuca çıxdı. İlahi imamət məqamının əvvəli və başlanğıcı Qurban bayramı günü hesab olunur. Qədir-Xum günü həzrət Əmirəl-möminin, Əli ibn Əbi-Talib əleyhissəlamın imamət məqamına təyin edilməsi ilə davam edir. Həzrət Əli əleyhissəlamın imamətə təyin edilməsi də böyük imtahanların nəticəsidir. O həzrət mübarək həyatında olduqca çətin və əzəmətli imtahanlardan keçmişdir. O, on üç, yaxud on beş yaşlarında Rəsulullahın (sallallahu əleyhi və alih) peyğəmbərliyini qəbul etməsindən “Leylətul-məbitə” qədər fədakar cavan, özünü Peyğəmbərə fəda etmişdir. O, öz fədakarlığını Peyğəmbərin (sallallahu əleyhi və alih) hicrətində aydın şəkildə isbata yetirir. Sonralar isə, Bədr, Uhud, Huneyn, Xeybər və digər imtahanlarda imamət məqamına haqq olaraq təyin edilməsi sübut olunur...

Odur ki, Qurban bayramı ilə Qədir-Xum bayramı arasında qırılmaz rabitə vardır. Ona görə böyük alimlər bu müddəti “İmamət ongünlüyü” kimi qeyd edirlər və möminlərin nəzər-diqqəti Allah-taalanın yer üzündə müəyyən edilmiş xəlifəsi və imamına tərəf yönəlir.

Ümid edirik, mömin bacı-qardaşlar bu ongünlükdə zamanın imamı həzrət Məhdi Sahib-zaman ilə (Allah onun zühurunu tezləşdirsin) ünsiyyətlərini möhkəmləndirsin və həyatın bütün imtahanlarından layiqli faydalanmaqla bəndəliyin kamil zirvələrinə yüksəlsinlər.

İltimas dua


[1] İbrahim surəsi, ayə 39

[2] Saffat surəsi, ayə 102

[3] Saffat surəsi, ayə 103-111

[4] Bəqərə surəsi ayə 124


Etiketlər :

Qurban bayramının mahiyyəti