Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əbu Talib əleyhissəlamın vəfatıHəzrət Əlinin (əleyhissəlam) ata, baba və əcdadının əqidələri haqda kəlamı
عَنِ
الْأَصْبَغِ بْنِ نُبَاتَةَ قَالَ سَمِعْتُ عَلِیّاً (علیه السلام) یَقُول:
وَاللَّهِ مَا عَبَدَ أَبِی وَ لَا جَدِّی عَبْدُ الْمُطَّلِبِ وَ لَا هَاشِمٌ وَ
لَا عَبْدُ مَنَافٍ صَنَماً قَطُّ، قِیلَ وَ مَا کَانُوا یَعْبُدُونَ، قَالَ (علیه
السلام): کَانُوا یُصَلُّونَ إِلَى الْبَیْتِ عَلَى دِینِ إِبْرَاهِیمَ
مُتَمَسِّکِینَ بِهِ
Əsbəğ ibn Nubatə nəql
edir ki, həzrət Əli əleyhissəlam buyurdu: “And olsun Allaha! Nə atam, nə babam Əbdul-Muttəlib,
nə Haşim və nə də Əbdu Mənaf heç bir zaman büt pərəstiş etməmişlər.” Həzrətdən
sual etdilər ki, bəs nəyi pərəstiş etmişlər? Buyurdu: “Kəbəyə üz tutub namaz
qılardılar, həzrət İbrahim əleyhissəlamın dininə tabe idilər və onun dininə
əsasən, əməl edərdilər.”
Mənbə: Kəmalud-din və təmamun-nemət, səh. 174
Həzrət Əbu Talib əleyhissəlamın haqqında dini mənbələrdə müxtəlif nəzərlər vardır. Əhli-beyt əleyhimussəlamdan qeyd edilən hədislərdə Əbu Talib əleyhissəlam möhkəm iman və əqidə sahibi olduğu təsdiq olunur. Lakin Əli ibn Əbu Talibin (əleyhiməssəlam) düşmənlərinin yaydığı şayeələrdə həzrət Əbu Talibin İslam dinini qəbul etmədiyi nəzərə çatır. Amma şübhəsiz ki, bu kimi fikirlər fitnəkarların və Allah düşmənlərinin şayeələridir. Hərçənd hər bir şayeə zəif insanların qəlbində iz buraxa bilər və onları şəkkə sala bilər, lakin mömin insan üçün sağlam ağıl, Məsumların (əleyhimussəlam) etibarlı hədisləri və böyük din alimlərinin müttəfiq fikirləri tutarlı dəlil və sübutdur: Sağlam ağıl bunu deyir ki, ömrü boyu həzrət Peyğəmbəri (sallallahu əleyhi və alih) müşriklərdən qoruyan və ona böyük himayədar olan, bütün qəbilə əhlinin Peyğəmbərə havadar olmasını tələb edən, öz əziz övladlarının Peyğəmbərin dini və əqidəsi yolunda canlarından keçməsinə təkid edən bir insanın bütün bu əməlləri əqidəsiz və inamsız etməsi heç də məntiqə uyğun gəlmir. Etibarlı hədislərə gəldikdə isə Əhli-Beyt əleyhimussəlam olduqca çoxlu hədislərdə həzrət Əbu Talibi "Qureyş qəbiləsinin mömini", Cənnət əhli və Allahın çox razı olduğu bir insan kimi tanıtdırmaları bizə kifayət edər. Həmçinin, bütün şiə alimləri həzrət Əbu Talibin möhkəm iman , ixlas və təqvalı olması haqda müttəfiq fikirdədirlər. Bir sıra əhli təsənnün alimi də bu fikirdə olmuşlar. O cümlədən, İbn Cəvzi, əllamə Bərzənci, şeyx İbrahim Hənbəli və s.
Sonda həzrət imam Rza əleyhissəlamın cənab Əbu Talibin imanında şəkk edən Əban ibn Məhmudun sualına yazdığı cavabdan bir hissəni qeyd etməklə kifayətlənirəm. Bu məktubda Həzrət buyurur:
«وبعدها
إنّک إن لم تقرّ بایمان أبی طالب کان مصیرک الى النار»
"Əgər həzrət Əbu Talibin imanına etiraf etməsən, aqibətin cəhənnəm olacaqdır."
Mənbə: İbn Əbil Hədidin "Nəhcul-bəlağə" kitabına yazdığı şərhin 14-cü cildi, səh. 68
Allah-taala bütün möminlərə xoş aqibət nəsib etsin, inşa Allah!