Təthir ayəsinin təfsiri

19 April 2024

20:56

۳۹۰

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından

(ardı)

"TƏTHİR" AYƏSİ

اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا

"Həqiqətən, Allahın istək və iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər növ zahiri və batini çirkinlikləri aradan aparıb Sizi pak-pakizə qərar versin."

Bu şərif ayə ən məşhur ayələrdən biridir və sünnüşiə rəvayətlərində qeyd olunduğu kimi, xususi bir hadisə ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in ən yaxın adamları barəsində nazil olmuşdur. Bu ayənin Əhli-beytin yüksək məqama malik olmalarına, layiqli, pak və məsum şəxsiyyətlərinə dəlalət etməsində əsla şəkkə yer yoxdur.

"Təthir" ayəsi insaniyyətin ən yüksək dərəcələrində olanların fövqündə dayanan şəxsiyyətlərdən söz açır. Onlar özlərini fəzilət, ismət, paklıq, əzəmət və sair layiqli səciyyələrlə zinətləndirmiş insanlardır.

"Təthir" ayəsi həqiqətgörən, müdrik insanların diqqətini ismətli, pak və məsum şəxsiyyətlərə tərəf yönəldir, həqiqətə yabançı olan təəssübkeş insanları qalın təəssüb pərdəsində tora salır, Əhli-beytin haqq, fəzilətli və layiqli olmalarını etiraf etməkdən qaçmalarını qeyri-mümkün edir. Nəticədə aydın fikirli insanların nəzərində onların haqq olması cilvələnir.

İndi isə şərif "Təthir" ayəsi ilə əlaqədar dərin və geniş araşdırma aparmaq lazımdır. Birinci mərhələdə rəvayət və hədisləri nəzərə almadan"ümumiyyətlə beş əsas və mühüm məsələ diqqət mərkəzində olmalıdır:

1-"Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə xitab məqamında nazil olan ayələrin içində yazılmasına baxmayaraq bu ayələrə dərindən diqqət yetirməklə məlum olur ki, "Təthir" ayəsi o həzrətin zövcələri haqqında nazil olmayıb.

2-"Təthir" ayəsinin şəni-nüzulunu araşdırarkən məlum olur ki, bu ayə xüsusi bir yerdə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələrinin birinin evində nazil olmuşdur, amma Quranda yazılarkən o həzrətin zövcələri haqqında nazil olan ayələrin içində aşağıdakı şəkildə yerləşdirilib:

وَ وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَ لاَ تَبَرَّجْنَ تَبَرُّجَ الْجاَهِلِيَّةِ الاُوليَ وَ اَقِمْنَ الصَّلوَةَ وَ أتِيْنَ الزَّكوَةَ وَ اَطِعْنَ اللهَ وَ رَسُولَهُ اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا 
3-"İnnəma yuridullah" cümləsindəki "iradə" kəlməsinin (bu, "yuridu"nun məsdəridir-müt) mənası nədir?

4-Quran nəzərindən "rics" nə deməkdir ki, onun Əhli-beytdən ümumiyyətlə inkar olunduğunu göstərsin?

5-"Əhləl-beyt" kəlami (sintaktik) tərkibdə nədir? "Əhli-beyt"in məfhumu daha geniş olub Peyğəmbərin bütün yaxın adamlarına şamil olurmu, yoxsa ümumi məfhum olmayıb sadəcə olaraq onların içində bəzi şəxsiyyətləri göstərən "müşir" (işarə edən) ünvanıdır? Başqa sözlə desək, "Əhli-beyt" kəlməsində vəsfi məna nəzərə alınıbdır, yoxsa məxsus şəxslərə aiddir?


(ardını izləyin)


[1] "Əhzab" surəsi, ayə 33

Etiketlər :

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından