Həzrət Həmzə və Həzrət Əbduləzim Həsəninin şəhadəti

29 March 2024

18:37

۱۹۰

Xəbərin xülasəsi :
Hicri-qəməri 1443-cü il şəvval ayının 15-i miladi 2022-ci il may ayının 17-si həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli və vəfadar əmisi həzrət Həmzə əleyhissəlamın şəhadəti, eləcə də həzrət Əbduləzim Həsəni əleyhissəlamın vəfatının ildönümüdür. Əhli-beyt əleyhimussəlamın bu qəm-qüssəli günündə ilk növbədə həzrət Sahib-Zaman əleyhissəlama, eləcə də bütün möminlərə dərin hüzn və təsəlli bildiririk.
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1443-cü il şəvval ayının 15-i miladi 2022-ci il may ayının 17-si həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli və vəfadar əmisi həzrət Həmzə əleyhissəlamın şəhadəti, eləcə də həzrət Əbduləzim Həsəni əleyhissəlamın vəfatının ildönümüdür. Əhli-beyt əleyhimussəlamın bu qəm-qüssəli günündə ilk növbədə həzrət Sahib-Zaman əleyhissəlama, eləcə də bütün möminlərə dərin hüzn və təsəlli bildiririk.

Həzrət Həmzə (əleyhissəlam) Rəsuli-əkrəmin (sallallahu əleyhi və alih) əmisi olmaqla bərabər o Həzrətlə yaş yaxınlığı olduğu üçün eyni zamanda Peyğəmbərin süd qardaşı da olmuşdur.

Həzrət Həmzə (əleyhissəlam) heybətli və çox şücaətli bir şəxs olmuş və İslam dininin möhkəmlənməsində böyük xidmətləri olmuşdur. Uhud döyüşündə o Həzrəti Vəhşi adlı bir zənci döyüşçü Əbu Süfyanın arvadı və Muaviyənin anası Hindin sifarişi ilə şəhadətə yetirmişdir.

Yazırlar ki, Bədr döyüşündə müsəlmanlar tərəfindən ata, qardaş və əmisini itirən Hind əvvəlcə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz anasının qəbrini dağıdır o Həzrətin anasına hörmətsizlik etmək fikrinə düşür. Lakin kafirlər öz ölülərinin qəbirlərinin müsəlmanlar tərəfindən dağıdılması qorxusundan bu fikirdən dönürlər. Ona görə də Hind böyük vədələr verərək Vəhşi adlı zənci bir döyüşçüyə çoxlu hədiyyələr boyun alıb onu həzrət Peyğəmbəri (sallallahu əleyhi və alih) yaxud Əli əleyhissəlamı və ya həzrət Həmzəni (əleyhissəlam) qətlə yetirməyə təhrik etmişdir.

Əbu Süfyanın arvadının bu istəyi müqabilində Vəhşi ona deyir: “Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) və Əli əleyhissəlamı qətlə yetirməkdən acizəm, ona görə ki, Peyğəmbəri möhkəm qoruyurlar və Əli əleyhissəlam da döyüşdə çox ayıqdır, amma Həmzəni qətlə yetirmək üçün gizlənib fürsət taparam. Çünki Həmzə döyüş zamanı o qədər döyüşə qərq olur ki, mənim pusquda durmağımdan xəbəri olmaz.”

O Uhud müharibəsində nizə ilə həzrət Həmzənin mübarək sinəsini nişanlayıb həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) çox əziz olan bu şəxsiyyəti şəhadətə yetirmişdir. Həzrət Həmzənin qətlə yetirilmə xəbəri Əbu Süfyanın arvadı Hində çatdıqda o xəbis arvad özünü Həmzənin cənazəsinə yetirib onun sinəsini yarır və mübarək ciyərini çıxarıb dişləri ilə didib-çeynəmişdir. Həmçinin, Hind xəncər ilə həzrət Həmzənin qulaqlarını, burnunu və s. kəsib, onları sapa keçirərək boynundan asmışdır...

Həzrət Əbduləzim Həsəni-Şah Əbduləzim və Seyyidul-Kərim adı ilə məşhurdur və Həzrət Muctəbanın (əleyhissəlam) nəslindəndir və hədis ravilərindən olmuşdur. Onun nəsəbi dörd vasitə ilə həzrət imam Həsən Muctəbaya (əleyhissəlam) çatır.

Mərhum Şeyx Səduq onun hədislər toplusunu “Cameu əxbari Əbdul-Əzim” adı altında yığmışdır. Əbduləzim Həsəni həzrət Rza və həzrət Cavad əleyhiməssəlamı dərk etmişdir. Nəql olunur ki, həzrət Əbduləzim öz iman və əqidəsini həzrət Hadi əleyhissəlama təqdim etmiş və məşhur nəzərə əsasən, 79 yaşında hicri-qəməri 252-ci il şəvval ayının 15-də vəfat etmişdir. Həzrət Əbduləzim Həsəninin pak qəbri Rey şəhərində (hazırda Tehranın bir hissəsi olmuş bir məkanda) yerləşir və şiələrin ziyarətgahına çevrilmişdir. Bəzi hədislərdə onun qəbrinin ziyarətinin savabı həzrət Seyyiduş-şuhəda əleyhissəlamın ziyarət savabına bərabər tanıtdırılır.

Bir daha hörmətli möminlərə bu iki əzəmətli şəxsiyyətin dünyadan getməsi münasibətilə təsəlli və başsağlığı deyirik.


 

Etiketlər :

Həzrət Həmzə əleyhissəlamın şəhadəti və həzrət Əbduləzim əleyhissəlamın vəfatının ildönümü