Təthir ayəsinin təfsiri

28 March 2024

14:11

۲۱۶

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından

(ardı)

Yuxarıda qeyd olunan ayələrin içində Allahın mühüm bir işə dair iradəsindən söz açan cümlə ilə rastlaşırıq. Bu cümləyə çatanda kəlamın bəyan tərzi birdən-birə müsbət istiqamətdə dəyişilir və onda Allahın məşiyyəti, əzəli-təkvini (dəyişilməz, sabit) iradəsi barəsində söz açılır. O da bundan ibarətdir ki, Allah-Taalanın sabit və qaçılmaz iradəsi fəzilətin fövqündə dayanan bir sülaləni yaradıb onları pak-pakizə, məsum, ləyaqətli və insaniyyətin ən uca zirvəsində qərar vermək əsasında olmuşdur. 

Allah-Taala qısa bir cümlədə Öz məşiyyət və iradəsindən xəbər verərək buyurur:

اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا 

Allahın əzəli istək və iradəsi bu olmuşdur ki, yalnız nübüvvət Əhli-beytini (Peyğəmbərin zövcələrini deyil, ən yaxın və istədiyi ləyaqətli adamları) şeytançılıq ruhiyyəsindən, hər növ napaklıqdan (yaramaz və rəzil əxlaqlardan, ruhi-mənəvi xəstəliklərdən, tərəddüddən, şəkk-şübhədən-müt.), pis niyyətli olmaqdan, qəlbi darlıqdan pak saxlayıb qorusun, onların ruhiyyə və təfəkkür üfüqündə əzəli və heç vaxt məhv olmayan paklıq yaratsın elə bir paklıq ki, pak islam dini özünün pak ömrünü heç bir əyinti, inhiraf olmadan əbədiyyətə qədər davam etdirə bilsin. Deməli, ayənin bu hissəsində Allahın labüd və qaçılmaz qəzavü-qədərindən, Onun ali-insani səviyyədə olan, bütün əyintilərdən, alçaq və rəzil sifətlərdən, zahiri və batini aludəliklərdən, şeytani əməllərdən, ruhi və mənəvi xəstəliklərdən uzaq olub, bütün paklıqlara, nəcabətliyə, ruhi saflığa, ali-insani ruhiyyəyə malik olan bir sülaləni xəlq etmək barədə təkvini iradəsindən gedir.

Aydın məsələdir ki, Peyğəmbərin evində belə şəxsiyyətləri xəlq etməklə əlaqədar əzəli iradə və istəyin böyük hikməti vardır: Allah-Taala onları çox mühüm və dəyərli bir iş"müsəlmanlara rəhbərlik üçün hazırlamışdır.

Buna görə də sonradan qeyd olunacaq dəlillərdən əlavə, aşağıdakı iki dəlilə əsasən yuxarıda qeyd etdiyimiz qısa cümlənin ("innəma yüridullah..." cümləsinin) Peyğəmbərin zövcələrinə aid edilə bilmədiyini qəti şəkildə hökm edə bilərik. O dəlillər bunlardır:

1-Peyğəmbərin zövcələri haqqında nazil olan ayələrin heç biri Allah-Taalanın onları Öz istək və iradəsi əsasında böyük məqamlara çatdırıb, bütün çirkin əməllərdən uzaq saxlamasına dəlalət etmir. Əksinə "turidnə" (turidnə-Peyğəmbərin zövcələrinə xitab olunur, mənası: "o qadınlar istəsələr" deməkdir) kəlməsi ilə aşkar şəkildə buyurur ki, onların iki qat savab qazanması və ya iki qat əzaba düçar olması onların öz istək və tutduqları yoldan asılıdır. Bu kəlmə xitab olunan şəxslərin, yəni Peyğəmbərin zövcələrinin öz istək və iradələrinin (müqəddəratlarında) təsirli olmasını göstərir. Aydındır ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələrinin iradə və istəklərinin əsas rol oynadığı yerdə artıq Allah-Taalanın iradəsinin onların halına şamil olmasına yer qalmır, Allah da onların hər növ ricsdən (zahiri və batini napaklıqdan) amanda qalmalarına zəmanət vermir.

Başqa sözlə desək, qeyd olunan ayələr Peyğəmbərin zövcələrinin iradələrinin alçaq dünya həyatına, sırf maddi işlərə, Peyğəmbərin zövcəsi olmaqla münasib olmayan sair işlərə yönəlməsinin, nəticədə "Ümmül-möminin" və ya "Peyğəmbərin zövcəsi" olmaq kimi iftixardan məhrum olub başqa qadınlar kimi cəmiyyətdə müstəqil şəkildə (siyasi) fəaliyyətə başlamalarının mümkünlüyünü göstərir. Allah-Taalanın qaçılmaz iradəsinin onların hər növ napaklıqdan təmiz olmalarına aid olduğunu iddia etsək, bu iki müddəa (onların günaha düşməsinin mümkünlüyü və Allahın onları məsum xəlq etməsi) bir-birinə zidd olar. Deməli, onların müqəddəratları Allah-Taalanın iradəsi dairəsində deyil, başqaları kimi, öz şəxsi istəkləri sayəsində təyin olunmalıdır.

2-Peyğəmbərin zövcələri haqqında nazil olan ayələrin yeganə məqsədi onların vəzifəsini təyin edərək pak mühitdə evdarlıq olmasını göstərmək, tam iffət və şərafətlə yaşamalarını, mühüm siyasi və dövlət işlərinə əsla müdaxilə etməmələrini  çatdırmaqdır. Lakin "Təthir" ayəsi Allahın iradəsi ilə mühüm və ictimai bir vəzifə üçün hər növ aludəliklərdən pak-pakizə saxlanmış bir ailə barəsindədir.

Amma necə mümkün ola bilər ki, ayənin bu hissəsi Peyğəmbərin zövcələrinə aid olsun? Halbuki, ondan qabaqkı ayələrin bəyan tərzi tamamilə fərqlidir. Onlarda cəm qadın əvəzliyi (ərəb dilində 14 şəxs əvəzliyindən biridir) iyirmi dəfə təkrar olunduqdan sonra sözügedən ayədə birdən-birə bəyan tərzi dəyişilir və kişi cinsini bildirən "ənkum" cəm əvəzliyi qadın cinsini bildirən əvəzliyin yerinə keçir. Deməli, bu ayə Peyğəmbərin zövcələrinin paklıq və müqəddəsliyinə heç bir vəchlə dəlalət etmir.

Bu müddəa Quranla ünsiyyətdə olan şəxslərin dedikləri ilə eyni ahəngdədir, yəni "Təthir" ayəsinin Peyğəmbərin zövcələri ilə heç bir əlaqəsi yoxdur və bu cür xitab ("innəma yüridullah") onlara aid oluna bilməz. Çünki bu ayə İslamın ən ağır və mühüm vəzifələrini Peyğəmbərin ən yaxın və xüsusi adamlarından bir dəstəsinin öhdəsinə qoyan müqəddimədir ki, Allahın əzəli iradəsi onları hər növ ricsdən (zahiri və batini aludəliklərdən) uzaq saxlamaq, geniş ruhiyyələrində paklıq və müqəddəslik yaratmaq əsasındadır. Bu mühüm və incə məsələni yalnız Quranla yaxından tanış olanlar dərk edirlər. Onlar da sözügedən ayələrdə məhz bu mənanı qeyd etmiş və demişlər ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələrinin vəzifəsi, bu ayələrin dəlalət etdiyi kimi, layiqincə evdarlıq edib təqvaya riayət etmələridir.

İndi isə onlardan bir neçəsinin sözünü qeyd edirik. Yaxşı olar ki, əvvəlcə Peyğəmbərin zövcələrindən biri olan Ümmü Sələmənin sözlərini oxuculara təqdim edək. (Öncə onun yüksək şəxsiyyəti barədə qısa məlumat veririk.) 

(ardını izləyin)


Etiketlər :

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından