Təthir ayəsinin təfsiri

25 April 2024

18:50

۲۳۱

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından

(ardı)

1. ÜMMÜ SƏLƏMƏ

Peyğəmbərin zövcələrindən biri olan Ümmü Sələmə, Xədicədən sonra o həzrətin zövcəsi olmaq üçün ən ləyaqətli qadın, Həzrətin zövcələri içində ən vəfalısı və ən əmanətdarı idi, belə ki, imamət əmanəti onun yanında əmin-amanlıqda qalmışdı.

İmam Sadiq (əleyhissalam) buyurur: "Xədicədən sonra Peyğəmbərin ən fəzilətli zövcəsi Ümmü Sələmə idi."[1]

O, Peyğəmbərin zövcələri içində haqqı deyən yeganə qadın idi, ən həssas anlarda belə haqqı aşkar etməkdə, Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-ı himayə etməkdə heç nəyi əsirgəməmişdi.

Ümmü Sələmə Peyğəmbərin diqqət mərkəzində idi. Həzrət ona buyururdu: "Sənin evin bərəkətlidir."[2]

Peyğəmbərin ailəsi onu öz sirlərinə yad hesab etmirdi. O, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -dən Əliyyibni Əbitalib (əleyhissalam)-ın fəziləti barəsində dəyərli hədislər nəql edir, bəzilərinin təəssübü onun hədisləri bəyan etməsinə mane ola bilmirdi.

Onun böyük şəxsiyyətli bir qadın və fəzilət sahibi olması dəlillərindən biri kimi "Təthir" ayəsinin onun evində nazil olmasını qeyd etmək olar. Həm sünnü, həm də şiələrin təsdiq etdiyi kimi, "bu ayə onun evində nazil olmuşdur." Sonradan "Əhləl-beyt" kəlməsinin mənasında qeyd olunacağı kimi, "beyt" (ev) dedikdə məqsəd elə Ümmü Sələmənin evidir. Bəyan olunan ayələrdə iki yerdə cəm halında zikr olunan və sonradan məxsus ləqəb surətinə düşən "Əhlul-beyt" ünvanı Ümmü Sələmənin evindən qaynaqlanır. Risalət xanədanının "Təthir" ayəsində bəyan olunan məxsus fərdlərinin orada olması ilə bu ev daha da fəzilət qazandı. Bu da Ümmü Sələmənin böyük şəxsiyyətli və fəzilətli bir qadın olmasına ən tutarlı dəlildir.

Onun böyük ruhiyyəli və insaflı olmasının isbat edilməsində Peyğəmbərin onun barəsində buyurduğu "Bu ayə sənə aid deyil və sən "Təthir" ayəsindəki "Əhlil-beytdən" hesab olunmursan" kəlamını aşkar nəql etməsi kifayətdir.

Əgər "Ümmü Sələmə o qədər böyük məqama malikdir və onun sözləri o qədər mötəbər sayılır ki, şiə alimləri onun Həzrət Əli (əleyhissalam) haqqında nəql etdiyi hədisləri qəbul edirlər" – desək, əsla yanılmamış olarıq. Ümmü Sələmənin nəql etdiyi hədislərdən birini burada qeyd edirik:

Zeyd ibni Suhan "Cəməl" müharibəsində Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-ın qoşununda idi. O, döyüş meydanında ağır yara aldıqdan sonra torpağa düşüb, öz qanına qəltan olduğu zaman Əli (əleyhissalam) onun başı üstünə gəldi. Zeyd ömrünün son anlarında gözünü açıb o həzrətə baxdı, dodaqaltı dedi: "Ey Möminlərin əmiri! Mən sənin köməyinə heç də gözübağlı gəlməmişəm. Mən Peyğəmbərin zövcəsi Ümmü Sələmənin dediyi sözlərdən inandım ki, müsəlmanların rəhbərliyinə yalnız sən layiqsən. Ümmü Sələmə deyirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurub:

مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِيٌّ مَوْلاَهُ اَلّلهُمَّ واَلِ مَنْ واَلاَهُ وَ عاَدِ مَنْ عاَداَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه ُ

"Mən hər kəsin mövlasıyamsa (rəhbəri və ixtiyar sahibiyəmsə), Əli də onun mövlasıdır. İlahi, onu sevən hər kəsi Sən də sev onunla düşmənçilik edən hər kəslə Sən də düşmən ol ona kömək edən hər kəsə Sən də kömək et onu xar etmək istəyən hər kəsi Sən də xar et!" Buna görə də çox narahat olub qorxurdum ki, sənə kömək etməsəm, Allah Qiyamət günündə mənim dadıma çatmayıb məni yalqız qoyar."[3]

-------------------------------------

[1] Biharul-Ənvar , 6-cı cild

[2] Biharül-ənvar , 6-cı cild

[3] Qamusur-rical , 4-cü cild, səh.256


Etiketlər :

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından