“Təthir” ayəsinin təfsiri

24 November 2024

08:50

۳۱۸

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından

(ardı)

Təbəri yazır: Zeyd bu məktubdan sonra deyirdi:

رَحِمَ اللهُ اُمَّ الْمُؤْمِنِينَ اُمِرَتْ اَنْ تَلْزَمَ بَيْتَهاَ وَ اُمِرْناَ اَنْ نُقاَتِلَ فَتَرَكَتْ ماَ اُمِرَتْ بِهِ وَ اَمَرَتْناَ بِهِ وَ صَنَعَتْ ماَ اُمِرناَ بِهِ وَ نَهَتْنا عَنْهُ

"Allah Ümmül-mömininə rəhmət eləsin! Onun işindən doğrudan da təəccüb edirəm. Ayişənin vəzifəsi evində oturub ev işləri ilə məşğul olmaq, bizim işimiz isə cihada getmək idi. Amma iş əksinə oldu: Ayişə müharibəyə gedir, ev işlərini görməyi isə bizə əmr edir. Bizim görməli olduğumuz işləri o görür və bizi həmin işlərdən çəkindirir."

Zeyd ibni Suhan bilir ki, "vəqərnə fi buyutikunnə" ayəsi Ayişənin vəzifəsini təyin edir. Lakin o, öz vəzifəsinin əksinə əməl edir və elə güman edir ki, müsəlmanların rəhbəri olmalı, Osamanın intiqamını almaq bəhanəsi ilə Cəmələ (erkək dəvəyə) minməlidir.

Zeyd ibni Suhan yaxşı-yaxşı dərk edir ki, Allah "Təthir" ayəsində müsəlmanlara rəhbərlik etməyi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in Əhli-beytindən olan Həzrət Əli (əleyhissalam)-ın öhdəsinə qoymuşdur. Məhz buna görə də onu himayə edib cihad meydanında iştirak etməyə, öz rəhbərini və İmamını müdafiə etmək kimi islami vəzifəsini yerinə yetirməyə həmişə hazır olur.

Zeyd İslam cəmiyyətinin müqəddəratının qadınların əli ilə həll olunmadığını, eləcə də "Təthir" ayəsinin Ayişəni təthir etmədiyini (paklamadığını) bilir və onun tutduğu işdən çox təəccüblənir, heyrətə dalır. Əgər "Təthir" ayəsi Ayişənin haqqında nazil olsaydı, Zeyd onun dəvətinə mənfi cavab verməz, onun bu işini İslama hörmətsizlik saymaz və hökmən "Ayişənin gördüyü hər bir iş Allahın inayəti ilədir, Allahın əzəli iradəsi onun pak, nəcabətli olmasını hökm etmişdir və onun bu işləri hamı üçün höccətdir"-deyərdi. Necə ki, Ümmü Sələmənin dediyi sözlər onun Həzrət Əli (əleyhissalam)-a itaət və onu müdafiə etməsinə səbəb olmuşdu.

Zeyd yalnız buna görə Ümmü Sələmənin sözünü mötəbər sənəd kimi qəbul edir və Ayişənin gördüyü işi İslam dininin əleyhinə olan bir əməl hesab edirdi ki, o, "Təthir" ayəsinin Ayişənin barəsində deyil, Həzrət Əli və Əhli-beytin sair üzvləri barəsində nazil olduğunu bilirdi. Zeyd Ümmü Sələmənin Allah-Taala tərəfindən Peyğəmbərin zövcələri üçün nazil edilən ayələrin hökmünə əməl edərək, öz vəzifəsini layiqincə yerinə yetirdiyini gördüyü üçün onun sözünə inanır və öz canını Əli (əleyhissalam)-ın yolunda fəda edir.

3-İBN ABBASLA AYİŞƏNİN SÖHBƏTİ

Ayişə "Cəməl" müharibəsindən sonra Bəsrənin yaxınlığındakı "Bəni Xəlf" sarayına getdi. Həzrət Əli (əleyhissalam) İbni Abbası göndərdi ki, onu təcili olaraq Mədinəyə"öz evinə qaytarsın. İbni Abbas saraya gəldi, daxil olmaq üçün Ayişədən icazə istədi, lakin o, icazə vermədi. İşi belə görən İbni Abbas icazəsiz saraya daxil oldu. Ayişə onu danlayıb dedi: "Nə üçün mənim evimə icazəsiz girdin?!" İbni Abbas dedi: "İslamın hökmlərini və qayda-qanunlarını bizə öyrətmə! Bu qanunları sənə biz öyrətməliyik. Sənin evin həmin evdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) o evdən bayıra çıxmağı və müsəlmanların (siyasi) işlərinə müdaxilə etməyi sənə qadağan etmişdi. Sən isə özünə zülm edib, Peyğəmbərin evindən çıxdın, Allahı qəzəbləndirib Peyğəmbərə itaətsizlik etdin. Hər vaxt Mədinəyə qayıdıb öz evində otursan, onda mən heç vaxt icazəsiz sənin evinə gəlib fərşinin üstündə oturmaram." [1]

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsinin müəllimi və böyük Quran təfsirçisi İbni Abbasın bu sözləri də göstərir ki, Peyğəmbərin zövcələri haqqında nazil olan ayələr onların siyasi işlərə qoşulmalarına icazə vermir. Əgər siyasi işlərə qoşulsalar, təcavüzkar hesab olunar və belə olan təqdirdə onların hətta adi bir müsəlman qadını qədər də dəyəri olmaz. [2]

Bu məktublar və söhbətlər "Təthir" ayəsinin məfhumunu daha da işıqlandırır, onun Peyğəmbərin zövcələri ilə heç bir əlaqəsi olmadığını sübut edir. Məşhur dini şəxsiyyətlərin söhbətlərində bu qəbildən olan dəlil-sübutların sayı-hesabı yoxdur. Lakin biz burada bundan artıq bəhs etmək istəmirik.

(ardını izləyin)


[1] Qamusur-rical , 6-cı cild, səh 3

[2] Məhz buna görə də İbni Abbas icazəsiz evə girmişdi (mütərcim).


Etiketlər :

Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ruhunu şad etsin) “Təthir” ayəsinin təfsiri adlı dəyərli kitabından