Həzrət Zeynəb-Kubra əleyhasəlamın İlahi maarifindən bir damla

24 November 2024

07:09

۲۰۰

Xəbərin xülasəsi :
Xanım Zeynəb (əleyhasəlam) həzrət imam Huseyn əleyhissəlamın zahiri məğlubiyyətini, Kərbəla səhrasında düşmənin vəhşicəsinə qətlə yetirdiyi ən layiqli insanların şəhadətini, ağıldan, dindən, mərifətdən və insanlıqdan xəbərsiz olan zalımların Peyğəmbər (sallallahu əleyhi və alih) Əhli-beytinin üzvlərini qətlə yetirməklə fərəhlənməyini, insanı taqətdən salan bu əsirliyi və ağır müsibətləri görə-görə necə deyir: “Gözəllikdən başqa heç nə görmədim”
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Həzrət Zeynəb-Kubra əleyhasəlamın İlahi maarifindən bir damla

الحمد لله رب العالمین  
والصلاة و السلام علی زسول الله و آله الطیبین الطاهرین سیما بقیة الله فی الارضین روحی و ارواح العالمین له الفداءواللعن علی اعداءهم اجمعین

Kərbəla vaqeəsindən sonra Ömər ibn Sədin əmri ilə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-beytini (əleyhimussəlam) Kufəyə, İbn Ziyadın hüzuruna əsir apardılar. Bu ərəfədə Əhli-beyt (əleyhimussəlam) olduqca ağır və sarsıdıcı səhnələrlə üzləşdilər. O cümlədən, İbn Ziyad Kufə sarayında Əhli-beyt əsirlərinin qarşısında döyüşdən qalib çıxmış bir şəxs kimi öyünərək həzrət Zeynəbdən soruşur:

» كَيْفَ رَأَيْتِ صُنْعَ اللهِ بِأَخيكِ وَ أَهْلِ بَيْتِكِ«

“Qardaşın və Əhli-beytin başına Allahın gətirdiyi bu bəlanı necə qiymətləndirirsən?” Bu sualı müzakirə etməklə sanki əsirlərin Kərbəla vaqeəsini qəm və kədərlə xatırladıb, İlahi təqdirdən narazılıqlarını güdən İbn Ziyad, gözləmədən həzrət Zeynəbin (əleyhasəlam) olduqca tutarlı və kəskin cavabı ilə rastlaşır. Bu zaman Xanım Zeynəb (əleyhasəlam) onun cavabını tarixin səhifələrində həmişəlik yazılan yüksək bir ifadə ilə buyurdu:

"مَا رَأَیْتُ إلّا جَمِیلاً"
“Gözəllikdən başqa heç nə görmədim”.[1]
Bu cümlə hər bir etiqadlı alim və düşüncə sahibini fikrə vadar edir. Görəsən, Xanım Zeynəb (əleyhasəlam) həzrət imam Huseyn əleyhissəlamın zahiri məğlubiyyətini, Kərbəla səhrasında düşmənin vəhşicəsinə qətlə yetirdiyi ən layiqli insanların şəhadətini, ağıldan, dindən, mərifətdən və insanlıqdan xəbərsiz olan zalımların Peyğəmbər (sallallahu əleyhi və alih) Əhli-beytinin üzvlərini qətlə yetirməklə fərəhlənməyini, insanı taqətdən salan bu əsirliyi və ağır müsibətləri görə-görə nə üçün belə vəsf edir?

Bir cavabı budur ki, Allahın həqiqi canişinləri və İlahi xəlifələr şübhəsiz bütün kamal sifətlərində Allah-taalanın yer üzündə məzhəri və cilvəsidirlər. İlahi müqəddərata razı və onların həyata keçməsi üçün cəhd edib çalışırlar. Peyğəmbər (sallallahu əleyhi və alih) və Əhli-beyt (əleyhimussəlam) İlahi xəlifələrin ən bariz nümunələridir. Onlar, insanın Allah tərəfindən təyin olunmuş vəzifəyə dəqiq əməl etməsi və heç bir səhvə yol vermədən öhdəyə aldığı məsuliyyəti sona yetirməsi ilə dünya və axirət səadətinə nail olmasından xəbərdardırlar. 

Allah-taala müqəddəs Quranda dönə-dönə insanı şeytanın məkr və hiyləsindən xəbərdar edir və şeytanın dəstəsinə tabe olmaqdan çəkindirir:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ...

“Ey iman gətirənlər! Şeytanın addımlarının ardınca getməyin...” Yəni Şeytanın yolunu getməyin və ona tabe olmayın!

Təəssüflər olsun ki, illər ötdükcə insan Allahın bu ayələrini və ciddi tövsiyələrini unudur, bəzən bir sıra zahiri xeyir və mənfəət təsiri altına düşərək, hətta çirkin və şeytani əməllərlə iftixar da edir. Ona görə də Quran ayələri və Məsumların hədisləri şeytani sifətləri və əməlləri çox dəqiqliklə təsvirə çəkib, bəndələri pis və nalayiq işlərdən çəkindirir. Demək, bu ayə və hədislərdən insan hər nə qədər doğru dərs alsa, bir o qədər inhirafdan amanda qalar. Quranın möcüzə olmasını sübut edən cəhətlərdən biri də onun insan səadətini təmin edən dəqiq dərsləri və ibrətləridir. Bu dərslər və ibrətlər hər nə qədər duyulan və dərk edilən olsa, İlahi məqsədə daha uyğun və müvafiq olacaqdır. Odur ki, Allah-taala müqəddəs kitabında hətta kiçik böcəyi belə misal gətirməkdən çəkinmir və insanları hər bir mümkün yol ilə şeytana tabe olmaqdan uzaqlaşdırır.

Ənbiya, övliya və İlahi xəlifələr Allahın adlarının təzahürü və təcəllisidirlər. Kərbəlada əgər imam Huseyn əleyhissəlamın simasında ən yüksək mənəvi və maddi cilvələri görürüksə, ona görədir ki, o Həzrət Allahın hökmlərini təsvirə çəkmiş və tarixin ibrətamiz səhnələrini olduqca dəqiq və gözəl təcəssüm etmişdi. Məhz bu dəqiqlik və gözəllik səbəbinə hər bir mərifət sahibi bu səhnələrdən çox böyük dərslər və ibrətlər alır. Əgər Kərbəlada imam Huseynin (əleyhimussəlam) dəstəsində vəsfəgəlməz vəfadarlıq, şücaət, comərdlik, sədaqət, səbir, dözüm, istiqamət və müqavimət kimi insani dəyərləri görürüksə, həmçinin düşmən cərgəsində yalan, hiylə, zülm, xəyanət, rəzillik, dünyaya hərislik və digər şeytani sifətləri son dəqiqliklə müşahidə ediriksə, bunların hamısı həyatda insanın düzgün təlim-tərbiyəsi və uca məqamlara çatmasında çox təsirli dərslər və olduqca gözəl səhnələrdir. Aşura gününün səhnələri bəşərin maddi-mənəvi tərəqqisi üçün Allahın hər cəhətdən tam və dəqiqliklə təsvirə aldığı bir əsərdir. Bu əsər həqiqətən gözəldir və onun istər müsbət, istərsə də mənfi simalarının heç bir əvəzi və analoqu yoxdur. Bu əsərin İlahi cəbhəsində həm altıaylıq körpə Əli Əsğər (əleyhissəlam), həm də səksən yaşlı Həbib ibn Muzahir öz müxatəbinə ən gözəl dərsləri təlim verir. Həmçinin, şeytani cəbhədə olan hər bir qəddar, zalım, xain və nalayiq insan öz rəzil sifətləri ilə ən yüksək dərəcədə durur və onun mənfi görünüşünü başqası ilə əvəz etmək mümkün deyil.

Budur həzrət Zeynəbin (əleyhasəlam): “Gözəllikdən başqa heç nə görmədim” – deyə, buyurduğu cümlənin mənası. Allah-taala hadisələr silsiləsində müqəddər buyurduğu Özünün bu şah əsərindən faydalanmağı bizlərə nəsib etsin, inşa Allah.

والسلام علیکم و رحمه الله و برکاته

 

[1] Mənbə: Əl-Luhuf, Seyyid ibn Tavus, səh. 94; Əl-İrşad, səh. 472-473


Etiketlər :

Həzrət Zeynəb-Kubra əleyhasəlamın İlahi maarifindən bir damla