Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Əli ibn Əbitalibin (əleyhissəlam) şəhadəti
Hicri qəməri 1444-cü il, ramazan ayının 21-i, miladi
2023-cü il aprel ayının 12-i imamət səmasının birinci parlaq ulduzu müttəqilərin
mövlası həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) şəhadət günüdür. Həzrət Əmirəl-mö’minin Əli ibn Əbitalib (əleyhissəlam)
həzrət Rəsuləllaha (sallallahu əleyhi və alih) ilk iman gətirən müsəlman və
İslam dininin möhkəmlənməsində misilsiz fədakarlıqlar etmişdir. Bu ağır və əzəmətli
hüzn və qəmi ilk növbədə həzrət imam Sahib Zaman əleyhissəlama və eləcə də
bütün din sevər mömin bacı qardaşlara təsəlli və başsağlığı deyirik.
Həzrət
Əli (əleyhissəlam) şəhadətə çatdığı vaxt onun altmış üç yaşı vardı. Artıq o
otuz il idi ki, imamət məqamında idi. Həzrət beş ilə yaxın xilafət kürsüsündə
oturdu. İmam vəfat etdikdə həzrət Həsən və həzrət Hüseyn (əleyhiməssəlam) atasının
cənazəsini dəfnə hazırlayıb Kufə yaxınlığındakı Qəriy adlanan məhəldə (indiki Nəcəf) dəfn etdilər.
Mərhum
Seyyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində deyir: «Həzrəti tanımadan onun kəlamlarını
oxuyub düşünən insan elə təsəvvür edər ki, bu sözləri xanənişin bir adam
demişdir. Axı mə’nəviyyat dolu bu kəlamların sahibinin qılıncından qan
damdığını kim təsəvvür edə bilər?! Bəli, həzrət təzadlı xüsusiyyətlərin
toplandığı e’cazkar bir insan idi.
Əhli-sünnə
alimi İbn
Əbil-Hədid Nəhcül-bəlağənin şərhində yazır: «Biz şücaətli, eyni zamanda
bağışlayan insan görməmişik. Təlhə və Zübeyr, Abdullah ibn Zübeyr və Əbdül-Məlik
ibn Mərvan şücaətli insanlar idilər. Amma onların şücaəti paxıllıqlarının və hərisliklərinin
kölgəsində qalırdı».
Həzrət
Əli (əleyhissəlam) misilsiz təvazöyə malik idi. O yalın torpaq üstündə
oturduğundan Əbu-Turab (torpaq atası) ləqəbini almışdı. Amma bu sadə insanın
savaş meydanındakı heybəti ərəb qəhrəmanlarının bədəninə titrətmə salırdı.
Həzrət
Əli (əleyhissəlam) arpa çörəyi yeyirdi və hər dəfə süfrəyə oturanda üç tikədən
artıq yeməzdi. Amma həzrətin güclü biləkləri Xeybər qapısını yerindən oynatdı.
Mərhəb onun bir zərbəsi ilə canını tapşırdı. Bu barədə həzrət özü belə buyurur:
«Kim mənim süfrəmdə arpa çörəyini gördüsə, təəccüb etdi ki, bu qida ilə düşmən
qoşununa necə hücum edib onun sıralarını yarıram».
Ərəb cəngavərlərini
diz üstə çökürən həzrət Əli (əleyhissəlam) yoxsulları və ehtiyaclıları gördükdə
mum tək yumşalır, yetim körpələrlə rastlaşdıqda ağlayırdı.
Əmirəl-mö’minin
Əlinin (əleyhissəlam) şəxsiyyətini vəsf etməkdə dil və qələm acizdir.
Həzrət
Əli (əleyhissəlam) iman, təqva, zöhd, ibadət və yəqin baxımından misilsiz
olmuşdur. Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: «Əgər tərəzinin
bir gözünə səmalar və yer, o biri gözünə Əlinin (əleyhissəlam) imanı qoyularsa,
şübhəsiz ki, onun imanı ağır gələr».
Həzrət Peğyəmbər
(sallallahu əleyhi və alih) həzrət Əliyə (əleyhissəlam) buyurur: «Səni Allahdan
və məndən başqa kimsə yetərincə tanımadı».
Çoxlu ibadət
etdiyinə və uzun səcdələr yerinə yetirdiyinə görə «Səccad» ləqəbi almış imam
Zeynalabidin (əleyhissəlam) həzrət Əlinin (əleyhissəlam) haqqında belə buyurur:
«Babam Əli (əleyhissəlam) kimi ibadət edən kim ola bilər?!»
İmam
Səccad (əleyhissəlam) Yezidin məclisində özünü tanıtdırmaq üçün oxuduğu xütbədə
həzrət Əlinin (əleyhissəlam) bə’zi fəzilətlərini sadalamış və demişdir: «Mən, hamıdan
güclü, şücaətli, əzmli və iradəli olmuş, döyüşdə şir kimi döyüşən, ona atılan
oxları yaran, yaxınlaşan süvariləri dəyirman kimi üyüdən bir şəxsin övladıyam.
Qara yel otların üstündən əsdiyi kimi, o da düşmən üstünə şığıyıb onları pərən-pərən
etmişdir ».
Həzrətin
şücaətini e’cazkar bilən Şeyx Müfid yazır: «Ondan başqa bütün döyüşlərdə qalib
gələn cəngavər olmamışdır… Həzrət
Rəsulullah (sallallahu əleyhi və alih) buyurur:
«أیُّهَا النَّاسُ، مَنْ أرادَ أنْ یَنْظُرَ إلى آدَمَ فی عِلْمِهِ وَ إلى
نُوح فی فَهْمِهِ وَ إلى إبْراهیمَ فی حِلْمِهِ وَ إلى موُسى فی شِدَّتِهِ وَ إلى
عیسى فی زَهادَتِهِ وَ إلى مُحَمَّد وَ بهائِهِ وَ إلى جَبْرَئیلَ وَ أمانَتِهِ وَ
إلَى الْکَوْکَبِ الدُّرِّیِّ وَ الشَّمْسِ الضَّحیِّ وَ الْقَمَرِ الْمـُضیِّ،
فَلْیَتَطاوَلْ وَ لْیَنْظُرْ إلى هذَا الرَّجُلِ
Ey camaat! Hər kəs həzrət Adəmin elminə, həzrət
Nuhun dərkinə, həzrət İbrahimin helminə, həzrət Musanın qüdrətinə, həzrət
İsanın zöhdünə, həzrət Muhəmmədə (sallallahu əleyhi və alih) və onun camalınə,
həzrət Cəbrailə və onun əmanətdarlığına, parlayan ulduza, hərarətli günəşə, işıq
saçan aya baxıb onları dərk etmək istəyirsə, bu şəxsə nəzər salsın! Sonra Əli
ibn Əbitalibə (əleyhissəlam) işarə etdi.[3]