Həzrət Həmzənin şəhadəti və Əbduləzim Həsəninin vəfatı

19 April 2024

19:29

۲۲۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 1444-cü il şəvval ayının 15-i miladi 2023-cü il may ayının 6-sı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli və vəfadar əmisi həzrət Həmzə əleyhissəlamın şəhadəti, eləcə də həzrət Əbduləzim Həsəni əleyhissəlamın vəfatının ildönümü günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Həmzənin şəhadəti və Əbduləzim Həsəninin vəfatı

Hicri-qəməri 1444-cü il şəvval ayının 15-i miladi 2023-cü il may ayının 6-sı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli və vəfadar əmisi həzrət Həmzə əleyhissəlamın şəhadəti, eləcə də həzrət Əbduləzim Həsəni əleyhissəlamın vəfatının ildönümü günüdür. Əhli-beyt əleyhimussəlamın bu qəm-qüssəli günündə ilk növbədə həzrət Sahib-Zamana (Allah onun zühurunu tezləşdirsin), eləcə də bütün möminlərə dərin hüzn və təsəlli bildiririk.

Hicrətin 3-cu ilində “Uhud” döyüşü günündə həzrət Seyyiduş-şuhəda Həmzə (əleyhissəlam) və əlavə 69 nəfər müsəlman döyüşçüləri şəhadətə yetmişlər.[1]

Bu döyüşdə kafirlər və müşrüklərlə döyüşən müsəlmanların sayı 1000 nəfərə çatmışdır. Lakin belə yazırlar ki, Mədinə şəhərində olan münafiq və qəlblərində nifaq mərəzi olan ikitirəlik salmaq istəyənlərin təbliğatı nəticəsində müsəlmanlardan üç yüz nəfərə yaxını yoldan geri dönmüşlər və döyüşdə yalnız 700 nəfər müsəlman qalmışdır. Kafirlərin sayına gəldikdə isə onların 3000 nəfər olduğunu qeyd etmişlər.

Müsəlmanların məğlubiyyəti ilə nəticələnən bu döyüşdə kafir döyüşçülərindən 22, ya 23 və ya 24 nəfər qətlə yetirilmiş, müsəlmanlar isə 70 şəhid vermişlər.[2]

Uhud döyüşündə həzrət Peyğəmbəri- əkrəmi (sallallahu əleyhi və alih)  müdafiəsində son dərəcə fədakarlıq və şücaət göstərən Əmirəl-möminin Əli əleyhissəlamın bədəninə çoxlu qılınc yaraları dəymişdir. Halbuki döyüşün ortalarında həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) şəhadət şayeəsini eşidən əksər müsəlmanlar o Həzrəti döyüş meydanında tək qoyub döyüşdən qaçmışlar. Müqəddəs Qurani-kərim bu mövzuya bir neçə yerdə üstü örtülü şəkildə işarə etmişdir və Ali-İmran surəsinin 153-cü ayəsində nisbətən açıq şəkildə bu məsələni bəyan buyurmuşdur.

 Həzrət Əli əleyhissəlamın digər döyüşlərdə olduğu kimi Uhud döyüşündə də vəsfəgəlməz şücaəti bütün tarixçilərin əsərində öz əksini tapmışdır. Yazırlar ki, döyüş əsnasında həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) həzrət Əli əleyhissəlama buyurmuşdur: Ya Əli! Eşidirsənmi, Allah-taalanın mələkləri səmadan səni alqışlayır və mədh edirlər? Rizvan adında olan bir mələk belə deyir:

"لا سيف الا ذو الفقار و لا فتی الا علی"

“Qılınclar arasında ancaq Zulfüqar, cavanlar arasında ancaq Əlidir!”

(Zülfüqar həzrət Əli əleyhissəlamın qılıncının adı olmuşdur. Bu qılıncın barəsində tarixçilər çox söz yazmışlar, lakin burada qısa şəkildə bunu demək olar ki, bu kəsici qılınc həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) tərəfindən Əmirəl-mömininə (əleyhissəlam) hədiyyə verilmişdir.)

Həzrət Əmirəl-möminin Əli əleyhissəlam buyurur: “Bu sözləri həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) eşitdikdə  sevincimdən gözlərim yaşardı və bu böyük nemət müqabilində Allah-taalaya həmdü-səna etdim.”[3]


Həzrət Əbduləzim Həsəni-Şah Əbduləzim və Seyyidul-Kərim adı ilə məşhurdur və Həzrət Muctəbanın (əleyhissəlam) nəslindəndir və hədis ravilərindən olmuşdur. Onun nəsəbi dörd vasitə ilə həzrət imam Həsən Muctəbaya (əleyhissəlam) çatır. 

Mərhum Şeyx Səduq onun hədislər toplusunu “Cameu əxbari Əbdul-Əzim” adı altında yığmışdır. Əbduləzim Həsəni həzrət Rza və həzrət Cavad əleyhiməssəlamı dərk etmişdir. Nəql olunur ki, həzrət Əbduləzim öz iman və əqidəsini həzrət Hadi əleyhissəlama təqdim etmiş və məşhur nəzərə əsasən, 79 yaşında hicri-qəməri 252-ci il şəvval ayının 15-də vəfat etmişdir. Həzrət Əbduləzim Həsəninin pak qəbri Rey şəhərində (hazırda Tehranın bir hissəsi olmuş bir məkanda) yerləşir və şiələrin ziyarətgahına çevrilmişdir. Bəzi hədislərdə onun qəbrinin ziyarətinin savabı həzrət Seyyiduş-şuhəda əleyhissəlamın ziyarət savabına bərabər tanıtdırılır. 

------------------

Mənbələr:

[1] Biharul-ənvar, cild 20, səh. 18; Sireye İbn Hişam, cild 3, səh. 68


[2] Məsaruş-şiə, səh. 15

[3] Əl-İrşad, səh87; Usdul-ğabə, cild 4, səh. 21; Məsaruş-şiə, səh. 16; Misbahul-Kəfhəmi, cild 2, səh. 600




Etiketlər :

Həzrət Həmzənin şəhadəti və Əbduləzim Həsəninin vəfatı