Bismilləhir-Rahmənir-Rahim
Mübarək rəcəb ayının yetişməsi
Hicri-qəməri 1445-ci il mübarək rəcəb ayının 1-i,
miladi 2024-cü il yanvar ayının 13-ü ilə müsadifdir. İslam tarixində Rəcəb
ayının mübarək Şəban və Rəməzan ayları kimi son dərəcə böyük fəzilətləri
vardır.
Rəcəb ayının fəzilətlərindən:
İmam Kazim əleyhissəlamdan nəql olunub: “Hər kəs Rəcəb ayının bir
gününü oruc
tutsa, cəhənnəm odu bir il ondan uzaq olar. Hər kəs bu ayda üç gün oruc tutsa, cənnət
ona vacib olar.”
Başqa yerdə buyurur: - “Rəcəb, cənnətdə süddən ağ, baldan şirin bir
bulağın
adıdır. Rəcəb
ayında bir gün oruc tutan şəxs mütləq o bulaqdan dadacaq.”
İmam Sadiq əleyhissəlamdan nəql
olunur ki, həzrət Peyğəmbər
(sallallahu əleyhi və alih) belə buyurdu:- “Rəcəb ayı ümmətimin
istiğfar ayıdır. Bu ayda çoxlu istiğfar edin! Allah çox bağışlayan və
mehribandır.” Bu
aya “Əsəbb” (çox tökülən) də deyilir, çünki bu ayda çoxlu ilahi rəhmət mənim
ümmətimə nazil olur. Rəcəb ayında bu zikri çoxlu deyin:- “Əstəğfirullahə və əs`əluhut
tovbə.”
Mərhum İbni Babəveyh mötəbər sənədlə Salim
adlı bir ravidən nəql edir ki, belə dedi:- “Rəcəb ayının sonuna bir neçə gün qalmış
İmam Sadiqin (əleyhissəlam) hüzüruna getdim. Həzrətin
mübarək gözləri məni görcək buyurdu:- “Heç bu ayda oruc
tutmusan?”
Dedim:- “Xeyr,
ey peyğəmbər oğlu!” Buyurdu: - “Sənin nə qədər savab
itirdiyini Allahdan başqa heç kim bilmir. Həqiqətən, Allah-taala
bu
ayı başqa aylardan üstün tutan, ona hörmətlə yanaşan və
bu ayda oruc tutan şəxsi əziz sanmağı
özünə
vacib bilir.”
Sonra soruşdum:- “Ey peyğəmbər oğlu! Əgər ayın qalan hissəsində oruc tutsam, oruc tutanların
savabına yetişərəm?” Buyurdu: - “Ey Salim! Əgər bu ayın axırıncı
günündə kim
oruc tutsa, Allah onu səkəratın, ölümün, qəbr əzabının qorxusundan qoruyar. Hər
kim axırıncı iki günündə oruc tutsa, Sirat körpüsündən asanlıqla keçər.
Axırıncı üç günündə oruc
tutsa, böyük Qiyamət gününün qorxu və şiddətindən amanda olar.”
Bil və agah ol ki, Rəcəb ayı haqqında çoxlu fəzilət yazılmışdır. Hədisdə
deyilir ki, hər kim oruc tutmağa qadir olmasa, bu zikri yüz dəfə oxusa, orucun
savabına çatar:
سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ
سُبْحَانَ مَنْ لا يَنْبَغِي التَّسْبِيحُ إِلا لَهُ سُبْحَانَ الْأَعَزِّ
الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ
Subhanəl ilahil cəlil, subhanə mən la yənbəğit təsbihu
illa ləh, subhanəl əəzzil əkrəm, subhanə mən ləbisəl izzə və huvə ləhu əhl.
“Böyük Allah bütün eyiblərdən pak və uzaqdır. Bütün eyiblərdən pak və
uzaqdır o Allah ki, təsbeh və zikr Ondan başqasına layiq deyil. Əziz və kərim
Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi
olan Allah bütün eyiblərdən pak və uzaqdır.”