Həzrət Əli Əkbər əleyhissəlamın mövludu

23 November 2024

20:30

۱۳۵

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il şəban ayının 11-i, miladi 2024-cü fevralın 21-i həzrət imam Huseynin (əleyhissəlam) sevimli böyük oğlu, Kərbəla qəhrəmanı həzrət Əli Əkbər əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əli Əkbər əleyhissəlamın mövludu

Hicri-qəməri 1445-ci il şəban ayının 11-i, miladi 2024-cü fevralın 21-i həzrət imam Huseynin (əleyhissəlam) sevimli böyük oğlu, Kərbəla qəhrəmanı həzrət Əli Əkbər əleyhissəlamın təvəllüd günüdür. Bu fərəhli və şad günün münasibətilə həzrət Sahib-zamana (Allah onun gəlişini tezləşdirsin) və bütün Əhli-beyt (əleyhimussəlam) sevərlərinə təbrik deyir və Allah-təaladan o Həzrətin yolunun davamçılarından olmağı arzulayırıq.

Həzrət Əli Əkbər əleyhissəlamın dünyaya gəlişi barəsində tarixi mənbələrdə yazılanlara əsasən, bu tarixin hicri 33-cü ilinə mütabiq olması göstərilir. Həm zahiri görünüşcə, həm də əxlaqi dəyərləri baxımından həzrət Peyğəmbəri-əkrəmə (sallallahu əleyhi və alih) çox oxşarı olduğu üçün Əli Əkbər əleyhissəlam bütün Əhli-beyt (əleyhimussəlam) üzvləri tərəfindən böyük hörmət və məhəbbət qazanmışdır. O həzrətin adı Əli, əziz atasının adı Huseyn əleyhissəlam, mehriban anası isə Səqəfi tayfasından olan Murrətin qızı Leyladır.[1] Həzrət imam Huseyn əleyhissəlamın böyük oğlu olduğu üçün o həzrətə Əli Əkbər adı verilmişdir. Həzrət imam Sadiq əleyhissəlamdan nəql olunan hədisdə deyilir ki, həzrətin kunyəsi Əbul-Həsən olmuşdur.[2]

Bir sıra məsələlər Əli Əkbər əleyhissəlamın həzrət imam Huseynin (əleyhissəlam) yanında xüsusi mövqeiyyətə malik olduğunu və əziz əmisi, həzrət Əbulfəzl Abbas əleyhissəlamdan sonra bütün səhabələrdən fərqləndiyini sübut edir.

Aşura günündə Əli Əkbər əleyhissəlam döyüş meydanına gedərkən həzrət imam Huseyn əleyhissəlam kövrəlmiş halda Allah-taalaya xitabən ərz edir:

“Allahım! (Bizi savaşa vadar edən) bu zalım insanlara Özün şahid ol! Həqiqətən, onların döyüşünə elə bir cavan gedir ki, o, Sənin Rəsulun həzrət Muhəmmədə (sallallahu əleyhi və alih) xalq arasında əxlaqi səciyyələrdə, xilqətində (zahiri və batini xüsusiyyətlərində), məntiq və danışığında ən çox oxşarı olan bir şəxsdir. Biz hər zaman Sənin Peyğəmbərinin mübarək surətini görməyə müştaq olduqda bu cavanın surətinə nəzər salardıq...”

Sevindirici haldır ki, görünüş, əxlaq və danışıq baxımdan Peyğəmbəri-Əkrəmi (sallallahu əleyhi və alih) xatırladan Kərbəla hadisəsində misli görünməyən rəşadətlər göstərən Əhli-beytin (əleyhimussəlam) bu cavan və sevimli şəxsiyyətinin mövlud gününü bütün şiələr ümumi şəkildə “Cavanlar günü” – bayram olaraq qeyd edir və bununla da əziz cavanlarımıza bu böyük şəxsiyyətin İmamət və Vilayət yolunda getdiyi yolu davam etdirməyi arzulayırlar.

Bir daha bütün mömin bacı-qardaşları bu əziz bayram münasibətilə təbrik edir, onlara Quranın və Əhli-beytin (əleyhimussəlam) tövsiyələrinə əməl etməyi arzulayırıq.



[1] “Əli Əkbər”, mərhum Muqərrəm, səh. 15-16

[2] “Kamiluz-ziyarat”, səh. 240


Etiketlər :

Həzrət Əli Əkbər əleyhissəlamın mövludu