Həzrət imam Muhəmməd Baqir əleyhissəlamın təvəllüdü

05 January 2025

04:07

۱۴

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-ci il, rəcəb ayının 1-i, miladi 2025-ci il, yanvar ayının 2-i imamət və vilayət səmasının beşinci parlaq günəşi, elm zirvələrini fəth edən həzrət imam Baqir əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Muhəmməd Baqir əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1446-ci il, rəcəb ayının 1-i, miladi 2025-ci il, yanvar ayının 2-i  imamət və vilayət səmasının beşinci parlaq günəşi, elm zirvələrini fəth edən həzrət imam Baqir əleyhissəlamın təvəllüd günüdür. Mübarək rəcəb ayının ilk günü ilə müvafiq olan bu böyük sevinc gününü öncə həzrət Sahib əz-Zaman əleyhissəlama (Allah-təala o həzrətin zühurunu tezləşdirsin), sonra Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə təbrik və gözünüz aydın deyirik.

Bütün haqsevən insanlara bu bərəkətli və əzəmətli rəcəb ayında cismi və mənəvi sağlamlıq, düzgün əqidə, izzət və başıucalıq, İlahinin dərgahına yaxınlıq diləyirik.

 Hədis və fiqhi mənbələrdə Əbu Cəfər kunyəsi və Baqir (elmin zirvələrinə çatan) ləqəbi ilə məşhur olan imam Muhəmməd ibn Əlinin (əleyhiməssəlam) əziz atası həzrət imam Səccad, Zeynul-Abidin, Əli ibn Huseyn (əleyhiməssəlam), hörmətli və şərəfli anası Fatimə bint Həsən (əleyhiməssəlam) olmuşdur.

Həzrət Baqir əleyhissəlam ana tərəfdən imam Həsən Muctəbanın (əleyhissəlam) və ata tərəfdən imam Huseynin (əleyhissəlam) nəvəsidir.

 Məşhur nəzərə əsasən, həzrət imam Muhəmməd Baqir əleyhissəlam hicri qəməri 57-ci il rəcəb ayının 1-i müqəddəs Mədinə şəhərində dünyaya göz açmışdır.

Hicri qəməri 61-ci ildə 3 yaş yarım olduğu halda atası ilə birgə qəm-qüssəli Kərbəla vaqeəsində olmuşdur.

Həmçinin, məşhur nəzərə əsasən, həzrət Baqir əleyhissəlam 57 yaşında hicri qəməri 114-cü il zil-həccə ayının 7-i Mədinə şəhərində şəhadətə çatmış və müqəddəs qəbir Bəqi qəbiristanında dəfn edilmişdir.

 Həyatının dörd ilini cəddi imam Husey əleyhissəlam və 37 ilini atası imam Səccad əleyhissəlamın həyatı dövründə yaşamışdır. Əziz atasından sonra təqribən 19 il Əhli-Beyt (əleyhimussəlam) davamçılarına imamət etmişdir.

Həzrət imam Muhəmməd Baqir əleyhissəlamın hikmətli kəlamlarından:

الصَّبرُ صَبرانِ: صَبرٌ عَلی البَلاءِ حَسَنٌ جَمیلٌ وَ أفضَلُ الصَّبرَین الوَرَعُ عَن المَحارم

“Səbir iki növdür; biri bəlaya səbirli olmaq (bu olduqca) yaxşı və layiqlidir, (ikinci) və hər iki səbrin ən fəzilətlisi haram məsələlər müqabilində özünü qoruyub saxlamaq və təqvalı olmaqdır.”

Mənbə: Vəsailuş-şiə, 15-ci cild, səh. 250




Etiketlər :

Həzrət imam Muhəmməd Baqir əleyhissəlamın təvəllüdü