Həzrət Huseyn ibn Əli əleyhiməssəlamın təvəllüdü

28 March 2025

10:04

۶۰

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il şəban ayının 3-ü, miladi 2025-ci il fevral ayının 2-i imamət və vilayət səmasının üçüncü parlaq ulduzu, Cənnət cavanlarının sərvəri, Ali-əbanın beşincisi, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlamın mövlud günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1446-cı il şəban ayının 3-ü, miladi 2025-ci il fevral ayının 2-i imamət və vilayət səmasının üçüncü parlaq ulduzu, Cənnət cavanlarının sərvəri, Ali-əbanın beşincisi, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi Huseyn ibn Əli ibn Əbi Talib əleyhimussəlamın mövlud günüdür.

Bu böyük fərəh və şadlıq münasibətilə ilk olaraq həzrət Hüccət ibn Həsən Sahib Zamana (Allah onun zühurunu tezləşdirsin), sonra bütün Əhli-beyt (əleyhimussəlam) sevənlərinə və aşiqlərinə saysız-hesabsız təbriklər deyir və  məhəbbət dolu sevinclər çatdırıram.

Həzrət imam Huseyn əleyhissəlam hicrətin 4-cü ilində müqəddəs Mədinə şəhərində aləmi öz nuru ilə işıqlandırdı. Əziz atası həzrət Əli ibn Əbi Talib əleyhiməssəlam və mehriban anası həzrət Siddiqeyi-Tahirə Fatimei-Zəhra əleyhasəlamdır. O Həzrətin künyəsi Əbu Əbdullah və ləqəbləri Seyyiduş-şuhəda, Əş-şəhid, Sibtus-sani, Əz-Zəkiyy və digər zikr edilmişdir.

Həzrət Huseyn ibn Əli əleyhiməssəlam altı il bir neçə ay cəddi həzrət Rəsuləllah ilə (sallallahu əleyhi və alih), otuz il əziz atası həzrət Mövlayi Muttəqin Əmirəlmöminin əleyhissəlam ilə yaşamışdır. Həmçinin, atası ilə birlikdə Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində iştirak etmişdir.

Həzrət Əmirəl-möminin əleyhissəlamın şəhadətindən sonra həzrət imam Həsən (əleyhhissəlam) ilə birlikdə cəmiyyətin ağır günləri və əziyyətlərinə şərik olmuş və Əhli-beyt düşmənlərinin və münafiqlərin həzrət Əmirəl-möminin və imam Həsən əleyhiməssəlam barəsində dedikləri nalayiq sözlərin şahidi olmuşdur.

Həzrət imam Həsən əleyhissəlam məzlumcasına şəhid olduqdan sonra Allah-təalanın xəlifəlik və xalqın imamət məqamı o Həzrətə yetişmişdir. On il sonra Yəzid ibn Muaviyənin (Allahın lənəti onlara olsun) o Həzrətdən öz hakimiyyətinin möhkəmləndirməsi üçün beyət almaq məsələsindən sonra, Həzrət belə bir zəlilliyi qəbul etməmiş və hicri 60-cı il rəcəb ayının 28-i müqəddəs Mədinə şəhərini tərk edib, müqəddəs Məkkə şəhərinə tərəf yollanmış həmin ilin Şəban ayının 3-də Məkkə şəhərinə daxil olmuşdur.

Bir neçı ay Məkkə şəhərində Allah evi müqəddəs Kəbənin ziyarətində olmuş, lakin Yezidin ona qarşı sui-qəsd hazırlamasından xəbərdar olduqda bu müqəddəs məkanın hörmətini qorumaq, orada qan tökülməsinə yol verməmək üçün və eyni zamanda Kufə əhlinin o Həzrəti öz şəhərlərinə dəvət etmək məsələsini nəzərə alaraq zil-həccə ayının 9-u (Ərəfə) günü Məkkədən xaric olmuş və Kufəyə tərəf yola düşmüşdür.

Məhərrəm ayının 2-i Kufədən uzaqda yerləşən Kərbəla adlı məkana çatdıqda Yezid ibn Muaviyənin tərəfindən Kufənin valisi seçilən Ubeydullah ibn Ziyadın o Həzrətin qarşısını alıb, onun Kufəyə daxil olmasına mane yaratmaq məqsədilə göndərdiyi silahlı ordu ilə qarşılaşmışdır.

Məhərrəm ayının 10-na qədər Kərbəlada qızmar isti havada susuz halda müqavimət göstərmiş və Yezidin qoşununa təslim olmamış, eyni zamanda müsəlmanlar arasında qan tökülməyinə razı olmadığı üçün düşmən ordusunun sərkərdələri ilə danışığa girmiş, onları hidayət etmək istəmişdir.

O Həzrətin böyük cəhdinə baxmayaraq düşmən ordusu onun şərtsiz və tam təslim olmasını tələb etdiyini gördükdə Yezidə təslim olmağı rədd etmiş və izzətlə şəhid olmağı zillətlə yaşamağa üstün tutmuşdur. Nəhayət məhərrəm ayının 10-u Əhli-Beyt (əleyhimussəlam) cavanları və öz vəfalı yoldaşlarından ibarət olan 72 şərəfli insan ilə 30 min düşmən qoşununun qarşısında müqavimət göstərmiş və tarixdə misli görülməmiş cihad edərək qəhrəmancasına şəhid olmuşdur.

Cənnət cavanlarının Seyyidi, peyğəmbərlik bağının reyhanı, Rəsulullahın (sallallahu əleyhi və alih) doğma nəvəsi, ilahi ərşin iki sırğasından biri, Ali-əbanın beşincisi, dünyanın azad insanlarının rəhbəri, şəhidlər ağası Həzrət Əba Əbdillah Huseyn ibn Əlinin (əleyhiməssəlam) təvəllüdü bütün dünya müsəlmanlarına mübarək olsun!

İltimas dua!



Etiketlər :

Behişt cavanlarının sərvəri imam Huseyn əleyhissəlamın təvəllüdü