Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
28 March 2025
11:40
۵۹
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
Hicri-qəməri 1446-cı il şəban ayının 11-i, miladi 2025-ci fevralın 10-u həzrət imam Huseynin (əleyhissəlam) sevimli böyük oğlu, Kərbəla qəhrəmanı həzrət Əli Əkbər əleyhissəlamın təvəllüd günüdür. Bu fərəhli və şad günün münasibətilə həzrət Sahib-zamana (Allah onun gəlişini tezləşdirsin) və bütün Əhli-beyt (əleyhimussəlam) sevərlərinə təbrik deyir və Allah-təaladan o Həzrətin yolunun davamçılarından olmağı arzulayırıq.
Həzrət Əli Əkbər əleyhissəlamın dünyaya gəlişi barəsində tarixi mənbələrdə yazılanlara əsasən, bu tarixin hicri 33-cü ilinə mütabiq olması göstərilir.
Həm zahiri görünüşcə, həm də əxlaqi dəyərləri baxımından həzrət Peyğəmbəri-əkrəmə (sallallahu əleyhi və alih) çox oxşarı olduğu üçün Əli Əkbər əleyhissəlam bütün Əhli-beyt (əleyhimussəlam) üzvlərinin yanında böyük hörmət və məhəbbət qazanmışdır.
O həzrətin adı Əli, əziz atasının adı Huseyn əleyhissəlam, mehriban anası isə Səqəfi tayfasından olan Murrətin qızı Leyladır.[1]
Həzrət imam Huseyn əleyhissəlamın böyük oğlu olduğu üçün o həzrətə Əli Əkbər adı verilmişdir. Həzrət imam Sadiq əleyhissəlamdan nəql olunan hədisdə deyilir ki, həzrətin kunyəsi Əbul-Həsən olmuşdur.[2]
Cənab Bəzəntinin nəql etdiyi hədisin dəlalətinə əsasən, həzrət Əli Əkbər əleyhissəlam izdivac etmişdir.[3]
Həmçinin, imam Sadiq əleyhissəlamdan yetişən ziyarətnamədə həzrət Əli Əkbərin (əleyhissəlam) barəsində belə oxuyuruq:
"صلی اللَّه علیک و علی عترتک و اهل بیتک و آبائک و ابنائک و امهاتک الاخیار الذین أذهب عنهم الرجس و طهرهم تطهیراً"
“Allah-taalanın salam və salavatı sənə və ailənə, Əhli-beytinə, nənə və babalarına və övladlarına olsun, o kəslər ki, xeyirxah və ən yaxşı insanlardır və Allah-taala onlardan hər növ pisliyi və xoşagəlməzliyi uzaqlaşdırmış və onları pak-pakizə etmişdir.”
Bu ziyarətnamədə oxuduğumuz: “ابنائک” – övladlarına kəlməsindən belə məlum olur ki, həzrət Əli Əkbər əleyhissəlamın ikidən artıq övladı olmuşdur.[4]
Kərbəla vaqiəsinin 61-ci ildə olmasını nəzərə alsaq, belə nəticə əldə edirik ki, o həzrətin mübarək həyatından 27 il keçmiş şəhadətə yetişmişdir.
Sevindirici haldır ki, görünüş, əxlaq və danışıq baxımdan Peyğəmbəri-Əkrəmi (sallallahu əleyhi və alih) xatırladan Kərbəla hadisəsində misli görünməyən rəşadətlər göstərən Əhli-beytin (əleyhimussəlam) bu cavan və sevimli şəxsiyyətinin mövlud gününü bütün şiələr ümumi şəkildə “Cavanlar günü” – bayram olaraq qeyd edir və bununla da əziz cavanlarımıza bu böyük şəxsiyyətin İmamət və Vilayət yolunda getdiyi yolu davam etdirməyi arzulayırlar.
Bir daha bütün mömin bacı-qardaşları bu əziz bayram münasibətilə təbrik edir, onlara Quranın və Əhli-beytin (əleyhimussəlam) tövsiyələrinə əməl etməyi arzulayırıq.
İltimas dua!