Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü

28 March 2025

11:13

۵۰

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il şəban ayının 15-i, miladi 2025-ci il fevralın 14-ü bəşəriyyətə nicat verəcək İlahi rəhbər, həzrət Sahib əl-Əsr vəz-Zaman Hüccət ibn il-Həsən imam Məhdinin (Allah onun şərafətli zühurunu tezləşdirsin) təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü

Hicri-qəməri 1446-cı il şəban ayının 15-i, miladi 2025-ci il fevralın 14-ü bəşəriyyətə nicat verəcək İlahi rəhbər, həzrət Sahib əl-Əsr vəz-Zaman Hüccət ibn il-Həsən imam Məhdinin (Allah onun şərafətli zühurunu tezləşdirsin) təvəllüd günüdür.

 Bu əzəmətli və şad günü öncə həzrət Peyğəmbəri-Əkrəmə (sallallahu əleyhi və alih) və onun pak Əhli-Beytinə (əleyhimussəlam), xüsusən  o Həzrətin əziz anası, Cənnət xanımlarının ən şərəflisi, Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) gözünün nuru və qəlbi həzrət Fatimei-Zəhraya (salavatullah əleyha) təbrik deyirik, eyni zamanda bu fərəhli münasibətlə sevincimizi bütün mömin bacı-qardaşlarla bölüşərək ümid edirik hamılıqla bu günün fəzilətindən tam şəkildə faydalanaq, inşa Allah.

Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış

Məşhur nəqlə əsasən, həzrət imam Məhdi əleyhissəlam hicri 255-ci il şəban ayının 15-i müqəddəs Samirra şəhəri, həzrət imam Həsən Əskəri əleyhissəlamın evində dünyaya gəlmişdir.

Əziz atası imam Həsən Əskəri əleyhissəlam və şərafətli anası Nərcis Xatun olmuşdur.

Məşhur ləqəblərindən; Məhdi, Hüccət, Qaim, Bəqiyyətullah, Muntəzər, Hüccətullah, Sahibuz-Zəman, Sahibul-Əmr, Xəlifətullah, Məv`ud və kunyəsi, Əbul-Qasim, Əbu Saleh adlarını qeyd etmək olar.

Əziz atası həzrət imam Həsən Əskəri əleyhissəlam hicri 260-cı ildə şəhid olduqdan sonra həzrət Məhdi əleyhissəlam həzrət Yəhya və İsa peyğəmbərlər kimi Allah-taala tərəfindən imam təyin olunmuşdur.

Həzrət Məhdi əleyhissəlam üçün Allah-taala tərəfindən iki növ qeybə çəkilmək dövrü qeydə alınmışdır. 1-Qeybəti Suğra (kiçik ömürlük qeybət), 2-Qeybəti Kubra (uzun ömürlük qeybət).

Məşhur nəzər budur ki, Həzrətin Qeybəti-Suğra dövrü elə doğum günündən başlanır, yəni 255-ci ildən 329-cu ilə qədər və onun müddəti 74 il olmuşdur. Bəzi alimlər bu qeybət dövrünü 260-cı ildən (əziz atasının şəhadətindən sonra) başlandığını və 69 il davam etdiyini qeyd etmişlər.

Amma Qeybəti-Kubra dövrü Allah-taalanın müəyyən etdiyi zamana qədər davam edəcəkdir.

Həzrət Məhdinin (əleyhissəlam) kiçik qeybət dövründə dörd xüsusi naibi olmuşdur:

1. Osman ibn Səid Əmri (Əbu Əmr);

2. Muhəmməd ibn Osman ibni Səid (Əbu Cəfər);

3. Huseyn ibn Ruh Nəvbəxti (Əbül Qasim);

4. Əliyyibni Muhəmməd Səmuri (Əbul Həsən).

Bu dörd naib şiələrlə rabitədə olmuş və onların qarşısına çıxan suallara cavab vermiş, onlara yol göstərmişlər və onların hər birinin məzarı Bağdad şəhərində yerləşir.

Həzrət imam Zaman əleyhissəlamın dürəfşan kəlamlarından

أمَّا الْحَوادِثُ الْواقِعَهُ فَارْجِعُوا فیها إلى رُواهِ حَدیثِنا (أحادیثِنا)، فَإنَّهُمْ حُجَّتی عَلَیْکُمْ وَ أنَا حُجَّهُ اللهِ عَلَیْکُمْ

Həyatda qarşıya gələn hər bir hadisə və çətinliklərin -ictimai, siyasi, ibadi, iqtisadi, hərbi, mədəni və s. həllində bizim hədislərimizi nəql edən alimlərə və fəqihlərə müraciət edin; onlar (İmamın) qeyb dövründə mənim sizə hüccətim və sübut-dəlilimdir, mən də Allah-taalanın onlara hüccət və sübut-dəliliyəm.

Mənbə: Biharul-ənvar, cild-75,  səh. 380, hədis-1

Bir daha bu şad və təntənəli gün münasibətilə Əhli-beyt (əleyhimussəlam) aşiqlərini və həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın yolunu səbirsizliklə gözləyən möminləri səmimi təbrik edir və cümləliklə əziz imamın hüzuruna yetmək və onun göstərişlərinə əməl etmək nailiyyətini qazanmağı diləyirik, inşa Allah!

İstifadə edilən ədəbiyyat:

Əl-Kafi (Kuleyni), Kəmalud-din və təmamun-nemət (Səduq), Əl-İrşad (Mufid), Əl-Qeybət (Tusi)



Etiketlər :

Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü