Ərəfə günü haqqında Ayətullah Fazil Lənkəraninin çıxışı
30 November 2024
03:18
۲,۳۴۴
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Ərəfə günü haqqında Ayətullah Fazil Lənkəraninin çıxışı
Bismillahir-Rəhmanir-Rəhim
Həmd olsun aləmlərin Rəbbinə!
Allahın salavatı ağamız Məhəmməd və onun pak Əhli-Beytinə (ə) olsun!
“Ərəfə” gününün xüsusiyyətlərindən biri də onun böyük bayramlardan olmasıdır. Qurban bayramının ondan sonra olmasından əlavə Allah-taalanın Ərəfə günündə Öz bəndələrinə xüsusi diqqət edir, dua və münacatla məşğul olanları öz rəhmətinə qərq edir. Əsasən bu gecə üçün zikr olunan müstəhəb əməllər bundan xəbər verir ki, olduqca böyük gecədir və Allah-taalaya dua və istiğfar etmək üçün əlverişlidir.
Buna görə də biz bu gecənin və gündüzün göstərişlərinə və müstəhəb əməllərinə diqqət etməliyik. Bu günün mühüm müstəhəblərindən biri də oruc tutmaqdır. Amma bu şərtlə ki, dua (Ərəfə duası) oxuyanda zəifliyinə səbəb olmamalıdır.
Ərəfə duası haqqında iki mətləbi ərz etmək istəyirəm. Birinci mətləb Ərəfə duasında aşağıda gələn bir ifadədir və bəziləri ona daha çox əhəmiyyət verirlər.
Bu ifadənin İmama (ə) aid və duanın bir hissəsi olub-olmaması məsələsi mübahisəyə səbəb olmuşdur. Belə ki, Kəfəmi "Bələdul-əmin" kitabında və Məclisi keçmişdə “Məfatihul-cinan” kitabı əvəzinə camaatın istifadə etdiyi və olduqca yaxşı kitab sayılan "Zadul-məad" kitabında bu ifadəni gətirməyib. Lakin mərhum Əllamə Məclisi “Biharul-ənvar” kitabının 98-ci cildində belə bir ibarəsi var ki, «أنا الفقير في غناي فكيف لا أكون فقيراً في فقري» cümləsi nə Seyid ibn Tavusun “Misbahuz-zair” kitabında, nə də Kəfəminin “Bələdul-əmin” kitabında gəlib.
Bu hissə Seyidin “İqbal” kitabınnın bəzi nüsxələrində gəlib, bəzilərində isə gəlməmişdir. Sonra mərhum Əllamə Məclisi buyurur: bu kəlmə məsumların dualarındakı işlədilən ifadələrin üslubu ilə uyğun gəlmir. Bu sufilik ruhiyəsi ilə uyğunlaşır və deyirlər ki, bəzi sufi şeyxləri bunu əlavə etmişdir.
Bu ibarəni insan görəndə bilir ki, həqiqətən mərhum Məclisi haqlıdır. Elə bir ibarədir ki, imamların (ə) dua üslubu ilə uyğun gəlmir. Siz əgər “Səhifeyi-Səccadiyyə”yə əvvəldən axıra qədər baxsanız, orda belə bir ifadə olması mənim yadıma gəlmir. Bunu da vurğulayım ki, mən kamil formada axıra qədər araşdırmamışam. «الهي طهّرني من شكّي و شركي قبل حلول رمصي» (İlahi ölümüm çatmamışdan və qəbirə girməmişdən qabaq məni şirkdən və şək etməkdən paklaşdır) ifadəsi haqda fikirləşirəm ki, görəsən Əbu Həmzə duasında, Səhifeyi-Səccadiyyədə, yaxud başqa dualarda gəlib ya yox? Məsum imam “(ə) الهي طهّرني من شكّي و شركي – İlahi məni şirkdən və şək etməkdən pak et?» belə bir ifadə işlətmişdir ya yox?
Mümkündür «أعوذ بك من الشكّ و الشرك» vücudumda şək və şirkin olmağından Sənə pənah aparıram” ifadəsi olsun, lakin - «الهي طهّرني من شكّي و شركي قبل حلول رمصي» - İlahi ölümüm çatmamışdan və qəbirə girməmişdən qabaq məni şirkdən və şək etməkdən paklaşdır” - ifadasi ilə rastlaşmamışam.
«الهي حقّقني بحقايق أهل القرب واسلك بي مسلك أهل الجذب» Digər ibarə arif və sufilərin terminlərindən olan “Cəzb və qürb əhli” terminidir. “Müqərrəbin” (yaxınlar) kəlməsi Quranda gəlmişdir: "Öncül (təqvada) qabaqcıllar! Onlar (Allahın dərgahına) yaxın olanlardır.", lakin “Qürb əhli” kəlməsi gəlməmişdir. Yaxud «الهي علمت باختلاف الآثار و تنقّلات الأطوار أنّ مرادك منّي عن تتعرف إليّ في كلّ شيءٍ حتّي لا أجهلك في شيء» ifadəsi həqiqətən məsum imam (ə) ifadələri ilə münasib deyil və onların dua üslubları ilə uyğunlaşmır və bu cəhətdən insan onun “Ərəfə” duasının bu hissəsi və İmamın (ə) sözü olmasına inanmır.
Əgər bir nəfər bu hissələri ümid edərək, yaxud ehtimal verib oxusa heç bir eybi yoxdur. Lakin bu ibarələrin imam Hüseynin (ə) kəlamlarından olmasını iddia edə bilmərik. Məxsusən duanın sonunda "ya Rəbb, ya Rəbb" kəlməsi haqqında rəvayətlərdə var ki, İmam (ə), ailəsi və köməkçiləri o qədər ağladılar və qürub olana qədər bu ya Rəbbi dedilər sonra da amin dedilər, dua bitdi və “Məşər”ə tərəf hərəkət etdilər....
Bəziləri belə nəql edir: “Bir nəfər deyir: Yeddinci əsrin sonları səkkizinci əsrin əvvəllərində İbn Əta İskəndərani adlı sufi və arifə aid olan "Əl-hokmul-Ətaiyə" adlı bir kitabda mən bütün bu mövzuları görmüşəm.” Ehtimal olunur ki, sonradan yavaş-yavaş bu ibarələr duaya birləşdirilib və bu duanın tərkibində gəlmişdir. Bu birinci mətləb!
İkinci mətləb isə “Ərəfə” duasında olan mövzulara diqqət etməkdir. Yəni Ərəfə duasında elə mövzular var ki, insanı sürətlə Allaha qovuşdurur. Baxmayaraq ki, bütün duaların mövzuları da Allaha yaxınlaşmaq və insanın dünyəvi əlaqələrdən qırılması üçündür, lakin “Ərəfə” duasının müxtəlif hissələrində olan ibarələr olduqca əhəmiyyətli ibarələrdir.
Ərəfə duasını oxumamışdan öncə Ərəfə gününün özündə olduqca sifariş olunanlardan biri də, Allahın zikridir. Seyidin “İqbal”da zikr etdiyi "Təsbihate əşəri"ni insan bacardığı qədər zikr etməsi müstəhəbdir,.«سبحان الذي في السماء عرشه»
Bu zikrlər onun üçündür ki, bizim naqis və zəif zehnimiz bəzən Allah-taalaya diqqəti olmur. Həqiqətdə Allah pakdır, lakin biz Allahın naqisliklərdən pak olmasını özümüzə təlqin etməliyik. Bu zikrlər zehni pak, nəfsi işıqlı, qəlbi nurani və ruhu Allaha yaxın edir. Buna görə də, insan nə qədər bu zikrləri desə, bir o qədər faydalıdır. Bu zikrlər insanın zehnindən çirkinliyin çıxarılması üçündür. Əgər səma varsa Allahın ərşidir, əgər yer varsa Allahın hökmüdür, əgər qəbir varsa Allahın qəzasıdır, əgər Cəhənnəm varsa Allahın səltənətidir, əgər Cənnət varsa Allahın rəhmətidir, əgər Qiyamət varsa Allahın ədalətidir, hər bir şey Allaha aiddir. Dünya, axirət, yer-göy, dəniz, quruluq hər şey Allaha aiddir.
Deməli bu zikrləri etməliyik və bunun üçün də sifarişlər olunmuşdur. Ərəfə günündə yüz dəfə oxunulası bəzi zikrlər də, var. Baxın ərəfə duasının bu hissəsinə işarə edim. Həzrət Hüseyn (ə) Allaha ərz edir: «و إن اعدّ نعمك و مننك و كرامك و منحك لا احصيها يا مولاي» “İnsan Allahın ona verdiyi nemətləri yadına salmamışdan qabaq etiraf edək ki, biz bu nemətləri saya bilmərik. İlahi Sənin nemətlərini saymaq istəsəm bacarmaram!”
Sonra Həzrət (ə) ərz edir: «أنت الذي مننت» – Sən mənə minnət qoyansan – insan daim bunları oxusun, bunlar “Ərəfə” gününə məxsus deyil. İnsan xəlvətdə olanda, gecə namazında, tək olan zaman bu zikrləri oxuyub əzbərləsin. Sən mənə minnət qoydun, Sən mənə nemət verdin, Sən mənə yaxşılıq etdin, əgər zahiri və mənəvi gözəllik, elm və s. məndə varsa bunların hamısını Sən mənə vermisən və mənim özümdən heç nə yoxumdur. Əgər ruzi varsa Sən vermisən, mən ehtiyacsızam, indi mənim əlim başqalarına tərəf uzanmırsa, Sən məni ehtiyacsız etmisən. Sən mənə pənah verdin, Sən mənə kifayət edirsən, Sən məni hidayət etdin, Sən məni səhvlərdən qorudun, bəzən insan qürurlanaraq deyir “mən özümə baxıram görürəm böyük günah etməmişəm”, bu fikrin özü günahdır. O bizi qoruyub və hifz edib, Sən günahları örtənsən, Sən bağışlayansan, Sən yardım edənsən.
Xüsusilə biz tələbələr maddi-mənəvi, elmi yaxud qeyri-elmi nemətlərin hamısına diqqət edib, iki rükət namaz qıldıqdan sonra Allaha belə ərz edək: İlahi, Sən mənə kömək etdin ki, iki rükət namaz qıldım! Quran oxuyuruqsa, ərz edək: İlahi, Sən məni müvəffəq etdin! Məsum mamların (ə) ziyarətinə gediriksə, ərz edək: İlahi, Sən məni müvəffəq etdin və Sənin bu müvəffəq etməyin olmasaydı bu işləri görə bilməzdik! Əgər bunları desək və həqiqətən sahib olduğumuz bu nemətlərin bütünlüklə Allahdan olduğuna inansaq, müvəffəq olarıq. Bunun müqabilində həzrət Hüseyn (ə) buyurur: “Əvvəl mən günahlarıma etiraf edirəm, mənim günahlarımı bağışla. İlahi mən asi oldum, mən səhv etdim, mən cahillik və nadanlıq etdim, mən qafil oldum, səhv mənə aiddir.
Sonra ərz edir: «فبأي شيءٍ أستقبلك يا مولاي أبسمعي» - nə ilə sənin dərgahına gəlim? Qulağımla? – Olduqca qəribə ibarədir!
İlahi mən asi oldum, mən səhv etdim, mən cahillik və nadanlıq etdim. Bu etiraflarından sonra Allaha ərz edir ki, İlahi nə ilə Sənin dərgahına gəlim? Qulağımla? Gözümlə? Dilimlə? Əlimlə? Ayağımla? Bunların hamısı Sənin mənə olan nemətlərin idi və mən bu nemətlərlə Sənə qarşı üsyan etdim. Sənin mənə höccətin var, yəni mənim haqqımda nə hökm etsən, nə desən, o doğrudur. İmam (ə) bu ibarə ilə özünü bu cür tanıtdırır.
Əgər “Ərəfə” duasını tam şəkildə oxumağa vaxt olmursa, mühüm və həyatımızda olduqca təsirli olan bəzi hissələrini oxuyaq və yadımızda saxlayaq. Məxsusən namazın qunutunda bu duaları oxuyaq. Xoş o kəsin halına ki, bu duaları qunutunda oxuya bilir! Allah-taala ona necə bəhrələr nəsib edir!?
Allah “Ərəfə” günündə vədə verib ki, hər kim Ramazan ayında bağışlanmazsa, Ərəfə gününə ümidi olsun. Biz deyirik ki, İlahi geniş və böyük rəhmətini bizim hamımıza nəsib et!
Allahın salamı, rəhməti və bərəkəti olsun sizlərə!