Ayətullah Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin məhərrəm ayı və hicabla bağlı bəyanatı:

08 July 2024

23:47

۳,۱۹۲

Xəbərin xülasəsi :
Məhərrəm ayının astanasındayıq. Siz fəzilətli tələbələr də bu ayda təbliğ üçün Azərbaycana getmək niyyətindəsiniz. Şübhəsiz, Aşura hadisəsindən sonra hər bir müsəlmanın vəzifəsi bu hadisəni davam etdirməkdir. İmam Hüseynin (ə) ali hədəfini yaymaq olduqca çətindir. Hər bir müsəlman bu hadisə qarşısında öz vəzifəsini tanımalıdır.
آخرین رویداد ها

 


Ayətullah Şeyx Məhəmməd Cavad Fazil Lənkəraninin məhərrəm ayı və hicabla bağlı bəyanatı:

 

 

Məhərrəm ayının astanasındayıq. Siz fəzilətli tələbələr də bu ayda təbliğ üçün Azərbaycana getmək niyyətindəsiniz. Şübhəsiz, Aşura hadisəsindən sonra hər bir müsəlmanın vəzifəsi bu hadisəni davam etdirməkdir. İmam Hüseynin (ə) ali hədəfini yaymaq olduqca çətindir. Hər bir müsəlman bu hadisə qarşısında öz vəzifəsini tanımalıdır.

Hər il məhərrəm ayı yaxınlaşanda (əhalisinin əksəriyyəti şiə olan İran və Azərbaycanda) camaatda, hətta əhli-sünnə məzhəbindən bəzilərində təəccüblü bir həyəcan yaranır. Əza məclisləri qurulur, yeməklər verilir, söhbətlər olunur və mərsiyələr deyilir. Bunların hamısı da camaatın öz öhdəsindədir və Allaha şükürlər olsun ki, gözəl şəkildə yerinə yetirirlər. İnsana elə gəlir ki, Allah-taalanın sünnəsi (iradəsi) Aşura hadisəsinin yükünü camaatın üzərinə qoymaqdır. Hər nəsil başqa nəsillərə ötürərək həzrət Höccətin (əc) zamanına qədər davam edəcək. İnşallah!

Görəsən, bu günlərdə bizim vəzifəmiz nədir?

Bu elə bir mətləbdir ki, onun qarşısında dözümlü olmalıyıq və çiynimizdə ağır yükün olduğunu qəbul etməliyik. Baxmayaraq ki, biz Kərbəlada olmaq səadətinə nail olmamışıq, amma İslam üçün axıdılan pak qanları qorumaq üçün qiyamətə qədər məsuliyyət daşıyırıq, özü də çox ağır bir məsuliyyət! Biz hər il hamıdan öncə Aşura hadisəsinə bir baxış keçirməli və bu hadisənin aspektlərini diqqətlə müzakirə etməliyik. Beləliklə həzrət Seyyidüş-şühədaya (ə) olan etiqadımızı daha da artırmış olaraıq.

Təəssüflər olsun bir dəstə insanlar var ki, yaşları artdıqca imam Hüseynə (ə) olan eşqləri artmaqdansa azğın fikir sahiblərinin tələsinə düşərək o həzrətə olan eşqlərini günü-gündən azaltmışlar. Bir dəfə şübhə yaradaraq deyirlər; İmama (ə) ağlamaq nəyə görə lazımdır? Peyğəmbərin (s) nəvəsi 1400 il bundan öncə şəhid olub, indi ona ağlayıb sinə vurmaqdansa onun zülmlə mübarizəsini nümunə götürək və ağlamağı kənara qoyaq. Bunu da qeyd etmək yerinə düşərdi ki, Cəbrail (ə) Peyğəmbərimizə (s) imam Hüseynin (ə) şəhadət xəbərini gətirəndə özü uca səslə ağlamağa başladı. Bu rəvayətə təkcə şiə kitablarında deyil, sünni mənbələrində də rast gəlmək olar. Təbəraninin “Məcməul-kəbir” kitabı, 3-cü cilddə Ümmü Sələmədən belə nəql olunur: “Bir gün Peyğəmbər (s) evimdə idi. Həzrət mənə buyurdu ki, kimsə yanıma gəlməsin. O, imam Hüseyni (ə) – o kitabda “əleyhis-salam” sözünün əvəzinə “rəziyəllahu ənhu” kəlməsi işlədilmişdir – gözləyirdi. Elə ki, imam Hüseyn (ə) gəldi, Peyğəmbər (s) onu gördükdə ağlamağa başladı. Həzrət (s), imam Hüseyni (ə) öz qucağında oturtmuşdu. Məlum olur ki, imam Hüseyn o zaman kiçik yaşlarında idi. Hüseynin (ə) alnını sığallayaraq ağlayırdı. Mən öz-özümə sual etdim: Hüseyn (ə) nə vaxt Peyğəmbərin (s) yanına gəldi ki, mən onu görmədim?! Ona görə Peyğəmbərdən (s) soruşdum: “Mən (otaqdan) bayırda idim, Hüseyn (ə) nə zaman sizin yanınıza gəldi?” Peyğəmbər (s) buyurdu: “Hüseyn gələndə Cəbrail (ə) də, otaqda idi. Cəbrail (ə) məndən soruşdu: Ey, Allahın Rəsulu! Sən bu övladını sevirsənmi? Dedim: Bəli. Cəbrail (ə) dedi: Ümmətin, Kərbəla adlı yerdə bu övladını qətlə yetirəcək. Sonra Cəbrail (ə) bir ovuc Kərbala torpağından götürərək mənə göstərdi ki, bu Kərbəla torpağıdır. Peyğəmbər Ümmü Sələməyə buyurur, bu hadisədən sonra ağlamaq səsim ucaldı.

İmam Hüseynə (ə) ağlamaq məsələsi olduqca mühüm məsələdir. Keçirdiyimiz məclislərdə “yalnız aşuranın siyasi hədəflərini bəyan edək”, yaxud aşuradan hansı ibrət dərsləri götürülüb deməməliyiık. Doğrudur, bunlar hamısı öz yerində, amma hər şeydən öncə ən mühüm olan əzadarlığın təzahürüdür. Yəni əgər bizim camaatımızın aşura hadisəsini təhlil etməyə gücü çatmırsa bu o deməkdir, məclisləri tərk etməliyik?!

Ümumiyyətlə camaatın hamısının elmi bir səviyyədə deyil ki, hamı təhlil etməyi bacarsın, mühüm olanı əzadarlığın şöhrətidir və əzadarlığın təcəssümüdür. Biz eşitdiyimiz və bildiyimiz kimi, Azərbaycanda insafla desək, camaat güclü əzadarlıq keçirirlər. Sizin mühüm vəzifənizdən biri, bu əzadarlıq və ağlamaları ildən ilə daha güclü etməkdir.

Yenə də, əhli-sünnə bu mətləbi nəql edib və belə deyil ki, təkcə bizim kitablarımızda gəlib. Əhli-sünnə nəql edib ki, imam Səccad (ə) qırx il ağladı, bu qırx il əhli-sünnənin öz sözlərində var. Birdən biz elə fikirləşməyək bir damcı göz yaşı axıtdıqsa bu kifayətdir! İnsanın ağlamasının dərəcəsi Əba-əbdillah imam Hüseynin (ə) məqamını tanımasına bağlıdır. Kimin ağlaması zəifdirsə, onun İmama olan elmi mərifəti də zəifdir. Bu günlərdə camaatı ağlamağa və qəmgin olmağa təşviq edin. Hədisdə var ki, hansı gün imam Sadiqin (ə) yanında imam Hüseynin (ə) mübarək adı çəkilsə idi, o günü axşama qədər təbəssüm etməzdi. Bu belə deyil ki, desinlər yalnız bizim cəddimiz olduğu üçün qəmgin oluruq. Əksinə öyrətmək istəyirlər ki, şiə aşura hadisəsində belə olmalıdır.

Bu günlərin ənənəsinə çevrilən məsələlərdən biri də, qara paltar geyinməkdir. İnqilabdan qabaq İranda bəzi ziyalılar “qara paltarın tibbi zərərləri vardır” – deyirdilər və bu sözlə camaatı əza şüarı olan bu ənənədən ayırmaq istəyirdilər. Əslində “camaat özlərinə zərər vurmasın” – deyə bu sözləri demirdilər, çünki inqilabdan öncə şərabxorluq və minlərlə zərərli və fəsad mərkəzləri mövcud idi. Onlar bu barədə heç bir söz demirdilər, lakin qara köynək məsələsinə gəldikdə isə əzadarlıq atributlarından biri olduğu üçün irad tuturdular. Əhli-sünnə kitablarında imam Hüseynin (ə) şəhadətində qara köynək geyinmək zikr olunub ki, «لمّا قتل الحسين بن علي عليه السلام لبس نساء بني هاشم السواد» – “Hüseyn ibn Əlinin (ə) qətlində Bəni-Haşimin qadınları qara geyindilər.” Onlar “indi hava soyuq, yaxud istidir” – demirdilər. Bu şəkildə əza paltarları var idi. Yaxud İbn Əbil Hədid belə nəql edir: Əli ibn Əbu Talib (ə) şəhadətə çatdıqdan sonra imam Həsən (ə) qara paltar geyinmişdi.”

Bir neçə gün bundan öncə dərsdə tələbələr üçün qeyd etdim ki, imam Hüseynin (ə) hadisəsində istisna məqamlar vardır. Məsələn, Kərbəla torpağını yemək caizdir və üstəlik buna üstünlük də verilir. Həmçinin onda şəfa da vardır, amma Məscidul-həramın torpağından  yemək heç bir şəkildə caiz deyildir. Hətta bir nəfər şəfa tapmaq niyyəti ilə də ondan yesə haram və bidətdir. Kərbəla torpağı bir istisnadır. Belə ki, Allah-taala yer kürəsinin bütün hissəsindən təkcə onu bu məkan üçün qərar veribdir. Ağlayıb-yalvarmaq, imam Hüseyndən (ə) başqası üçün bütün hallarda məkruhdur. “Vəsailuş-şiə”də belə yazılır: “bütün “fəzə-(nalə-şivən), ağlamaq məkruhdur, yalnız imam Hüseynə (ə) ağlamaqdan başqa. Bəs “fəzə” nədir? Bir rəvayətdə imam Baqir (ə) fəzənin mənasını açıqlayaraq buyurur: “Fəzə – fəryad etmək və vaveyla deməkdir”. Əzadarlıqda “nalə-şivən etməyin!” – deyənlər imam Hüseynə (ə) əzadarlıq etməyin nə demək olduğunu anlamırlar. İmam Baqirdən (ə) olan bu mötəbər rəvayətdə gəlmişdir: fəzə –  vaveyla demək, başa, sifətə və sinəyə vurmaqdır.

Deyirlər: Sinə vurmaq barədə sübutunuz varmı? Bizə sübut lazım deyil, imam Hüseynin (ə) əzadarlığı naminə olan hər şey aydındır. Əlbəttə, ağlın qəbul etdiyi həddə qədər! Dinə ciddi bir zərər vurmasa, nöqsan gətirməsə bəyənilmiş xüsusiyyətdir. Bir şəxs atasını əldən verir və ürəyi gedirsə heç kim ona demir bu iş ağılsız işdir. Başa və sinəyə vurmaq, hətta o rəvayətdə başının saçını yolmaq da, fəzədən sayılır.

Dediyim budur ki, din düşmənləri, bizdən yalnız Aşuranı almaq istəyirlər (həm bizim ölkə həm də, Azərbaycan şiələri bu cür düşmənlər ilə üz-üzədir). İranda inqilabdan öncə Rza şahın dövründə müxalifətçilik başladı, əzadarlıqlar üçün məsçidlərin qapıları bağlandı və  əzadarlıq keçirib rövzə oxumağa kimsənin haqqı yoxdur – dedilər. Ruhanilərə “ruhani libası geyinməyə haqqınız yoxdur” – dedilər. Bütün bunların səbəbi Aşuranı unutdurmaq idi. Əlbəttə bu işi görməyə heç kimin qüdrəti çatmaz. Amma biz hər halda ayıq olmalıyıq. Məhərrəm günlərində, minbərə çıxanda elə birinci gün cavanlara qara geyinməyi tövsiyə edin. Bunun özü həm şiələrin şüarı, həm məhərrəmçilərin və həm də, biz “İslamı qorumaqdan ötrü canımızdan keçərik” – deyənlərin şüarıdır. Düşmən bundan ötrü narahatdır, deyir qara geyinmək ziyandır. Məkruh dedikləri rəvayət də zehinləri bu məsələyə qarşı zəiflətmək üçündür. Əgər biz İslamın yaşamasını istəyiriksə, imam Xomeyninin (r.ə): “İslam dini məhərrəm və səfər ayının bərəkətindəndir!” – kəlamına diqqət etməliyik. Məhərrəm geniş və möhtəşəm şəkildə təşkil olunmalıdır. Peyğəmbərin (s) özü belə buyurur: Mənim əbədiliyim, adımın yaşaması Hüseyndəndir (ə). Heç kimin haqqı yoxdur ki, bu əzadarlığa məntiqsiz iradlar tutsun. Məsələn bəzən görürsən ki, bir-birinə yaxın iki məsciddə əzadarlıq məclisi keçirilir və onlara “Gəlin hamımız yığışıb bir məsciddə əzadarlıq keçirək, digər məscidin qapısını isə bağlayaq” – deyirlər. Əksinə qoyun onlar da, əzadarlıq etsinlər. İcazə verin evlərdə əzadarlıq keçirsinlər. Camaatı bu işə təşviq edin. Məscid və hüseyniyyələrdən əlavə olaraq, mənzillərində də, əzadarlıq məclisləri bərpa etsinlər. Bilmirəm bu məsələ Azərbaycanda da adət halını alıb ya yox?: İranda Pəhləvi şah mane olduğuna görə əzadarlıqları evlərə yerləşdirdilər və onlar heç nə edə bilmədilər. Nəhayət, bu on gündə camaatda dəyişikliklər hiss olunsun. Diqqət edin düşmən hər gün bizim üçün planlar cızır. Hər zaman bir vasitə ilə bizə maneələr  yaratmağa çalışır. İslam atributlarından biri də, hicabdır. Hicab dinin zəruriyyətlərindəndir. Quranın birbaşa buyurduğudur:

  «يَا أَيُّهَا النَّبِىُّ قُلْ لِاَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ» Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər!”

Siz bütün lüğət kitablarına baxsanız, “cəlbab” çadra mənasındadır. “Cəlbab” başdan- ayağa qədər örtülən parçaya deyilir. Cəlbab “ximar”la bir az fərqlidir. “Ximar” bir növ hicabdır. O, başdan sinəyə qədər örtülür, amma “cəlbab” başdan ayağa qədər bütün bədəni örtən parçaya deyilir. Bu ayə nazil olduqdan sonra Peyğəmbərin (s) qadınları, mühacir və ənsardan olan Mədinə qadınları bu qara parça ilə çölə çıxırdılar. Yəni “cəlbab” həm adi parça, həm də qara parça mənasındadır. İndi bəhanələr uyduraraq deyirlər ki: “hicab qadına ictimai yerlərdə iştirak etməyə mane olur, hicab qadının dərs oxumasına mane olur, iş görməyə mane olur və s.” Bunların məqsədi, hicab İslamın şüarlarından olduğu üçün, onu aradan aparmaqdır. Onlar hicabın qadına zərəri olub-olmaması fikrində deyillər. Əzadarlıq İslamın şüarıdır, hicab İslamın şüarıdır, bunları bir yol ilə aradan aparmağa çalışırlar. Bir uşaq “bir qadın çadra ilə yol gedərkən” bu işi niyə görür? –  deyə soruşur. Ona cavab verirlər ki, Allah, İslam, Quran buyurduğu üçün! Belə olan zaman uşaq dini kitablala maraqlanmağa başlayır. Amma qadın çılpaq olarsa, dünyadakı digər canlılarla ilə fərqi olmur. Çox təəssüflər olsun ki, eşitdim (İnşallah bu söz yalan olsun və bir yerə çatmasın) Azərbaycan dövlətinin bəzi nazirləri hicab məsələsinə işarə edərək deyiblər ki, elm ocaqlarında hicab qadağan olunmalıdır. Camaatı ayıldın, niyə əhalisinin 80%-i şiə olan ölkədə bir nəfər Quran ilə bu cür müxalifət etməlidir?! Əgər o vaxt məlun Rafiq Tağı Peyğəmbəri (s) təhqir edəndə Azərbaycan xalqı birləşərək onu layiqli cəzasına çatdırsa idi, indi bu cür adamlarla qarşılaşmayacağdınız.

Əgər bu gün hicab məsələsində zəiflik görsətsəniz bilin ki, bir neçə il sonra bundan geniş planları həyata keçirəcəklər. Bizim ölkədə də belə idi. Əvvəlcə hicaba qadağadan başladılar, sonra İslamın tarixini dəyişdilər, Ayətullah Bürucerdinin vəfatından sonra qəzavət və mühakimə işlərində Qurana and içməyi götürdülər. Bunların hamısı bir-birindən sonra baş verdi. Hamı bilir ki, hicab, başını bağlayaraq sinifdə oturan xanımın, nə dərsinə mane olur, nə də başqalarına! Hicab ilə müxalifətçilik edən xanım müsəlman deyil. Çünki, o Quranla müxalifətçilik edir. Dinin zəruri məsələsi ilə müxalifətçilik edir. Bu mənada heç bir şübhə yoxdur, amma dediyim kimi ayıq olmalısınız. Məsələ hicab məsələsi deyil. Yadınızdadır keçən il məscid minarələrindən azana qadağa qoydular, təəssüflər olsun bir qrup Azərbaycanlı ruhani onlarla həmkarlıq etdi. Ondan sonra məscidləri sökməyə başladılar. Bunları bir-biri ilə əlaqələndirdikdə, Azərbaycanda dini aradan aparmaq üçün öncədən hazırlanmış planların olduğu görünmürmü?! Bir gün azan ilə müxalifətçilik edərlər, səhəri gün məsçid ilə, sonrakı gün hicab və əzadarlıq ilə müxalifət edərək bizə bildirmək istəyirlər ki, məsələ nədir? Mərhum Hacı Şeyx Abbas Qumi – bugünlərdə, xatirəsinə həsr olunmuş qurultay keçirildi – mərhum Hacı Şeyx Fəzlullah Nurini yad edərək buyururdu, o, şəhid olanda ən yüksək zirvəyə çatdı. “إنّما المصيبة فيمن قلّت بصيرته(Müsibət bəsirəti az olan adam üçündür). Hal-hazırda bəsirətimiz az olsa, dinimizi, dünyamızı, tariximizi, qürurumuzu bir sözlə hər bir şeyimizi əlimizdən verərik. Azərbaycanda niyə mərceyi-təqlidin risaləsi qadağan olunmalıdır?! Bu dövlət birdəfəlik rəsmi şəkildə, “dinlə müxalif olmalarını” elan edib mövqeyini bildirsin. Risaləni qadağan etmə məsələsi həm mərhum atamızın zamanında, həm də indi var. Bunların hamısı bir plana qayıdır. Azərbaycanda İslam və şiə əleyhinə hazırlanan layihələr müqabilində həqiqətən siz əziz tələbələrin çoxlu məsuliyyəti vardır. Məsələləri minbərlərdə camaata bəyan edin. Allahın dinini yaşatmaq uğrunda heç nədən qorxmayın! Nəhayət budur ki, insanı zindana aparacaqlar. Əgər şəhadət dərəcəsinə çatsa, uca zirvəni fəth etmişdir və bu da bizim imamlarımızn arzuladığı şeydir. Allah istəməzsə, kimsə kəsəyə zərər vura bilməz. Qorxunu bir kənara atmalı və həqiqətləri demək lazımdır.

Tarixdə oxumusunuz Müaviyənin ölüm xəbəri Mədinə şəhərinə çatanda, Mədinənin valisi Şamdan gələn “Yezid ilə beyət etmək” məsələsini imam Hüseynə (ə) xəbər verdi. Abdullah ibn Zübeyr və Abdullah ibn Öməri də hüzuruna çağırdı. Amma Abdullah ibn Zübeyr gecə ikən Məkkəyə qaçdı. Səhəri gün imam Hüseyn (ə) “darul-imarə”yə gələrək buyurdu: Nə deyirsən? Vəlid ibn Ütbə dedi: “Müaviyə ölüb, sən Yezid ilə beyət etməlisən!” İmam Hüseynin (ə) necə cavab verməsinə diqqət edin! İmam (ə) “fikirləşib təhlil aparıb cavab verərəm” – demədi, əksinə qəti və möhkəm cavab verib buyurdu: “إنّا لله و إنا اليه راجعون” – Hamımız Allahdanıq və ona doğru qayıdacağıq!” Bu Allaha doğru dönüş ayəsini oxudu və əlavə etdi: “Yezidə beyət etsəm, İslamın fatihəsi oxunmalıdır!” İslamla müxalifətçilik olunan yerlərdə insan “İnna lillah və inna iləyhi raciun” ayəsini oxumalıdır. İslami bir ölkədə kimsə hicabla müxalif olsa, camaat “إنّا لله و إنا اليه راجعون(İnna lillah və inna iləyhi raciun) ayəsini başa salın və Allaha təvəkkül edin, qoymayın bu hədəfləri həyata keçirsinlər!

İnşallah niyyətinizi xalis edin, iradənizi güclü edərək Allaha təvəkkül edin. Allahdan imdad diləyin ki, getdiyiniz bu təbliğ səfərində camaatı hidayət edəsiniz. Səadət qapılarını camaata göstərin. Zülmətə bürünmüş, qarışıq olan bu dünyada yalnız din, mənəviyyat və imam Hüseyn (ə) insanın əlindən tuta bilər və bu zülmətdən insanı xilas edə bilər.

İnşallah Allah-taala hamınıza kömək olsun! Allaha təvəkkül edərək çox yaxşı səfər edəsiniz. İnşallah sizin bu nəfəsləriniz o qədər təsirli olsun ki, düşmənin İslam əleyhinə çəkdiyi planlarını alt-üst edin.

 

Allahın salamı, rəhməti və bərəkəti olsun sizlərə!

 


Etiketlər :