Hacı Şeyx Məhəmməd Fazil Lənkərani cənablarının, Qədir Xumun davamı olan – həzrət Sahib Zamanın (ə.f) imamətə təyin olmasının ildönümü münasibətilə təşkil olunmuş yığıncaqdakı bəyanatı

30 November 2024

00:25

۵,۰۶۱

Xəbərin xülasəsi :
«هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ»
آخرین رویداد ها



Hacı Şeyx Məhəmməd Fazil Lənkərani cənablarının, Qədir Xumun davamı olan həzrət Sahib Zamanın (ə.f) imamətə təyin olmasının ildönümü münasibətilə təşkil olunmuş yığıncaqdakı bəyanatı

 

Bismillahir-Rəhmanir-Rəhim

 

«هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ»

Rəbiul-əvvəlin doqquzu, vəsilərin sonuncusu imam Zamanın (ə.f) vilayətinin başlanması münasibətilə bütün müsəlmanları, şiələri və olduqca çox mənalı adlanan Qədir Xumun davamı adlı bu yığıncaqda iştirak edən siz əziz universitet tələbələrini təbrik edirəm.

Bizə ayrılan bu qısa vaxtda bir neçə mətləbə işarə etmək istəyirəm: “Məhdəviyyət” və həzrət Höccətin (ə) varlığı məsələsi inkar olunmaz bir həqiqətdir. Quranla sıx əlaqədə olan şəxslər (istər şiə, istər sünni) bu həqiqətin Quran ayələrindən çox yaxşı istifadə olunmasını bilirlər. Hətta əhli-sünnənin təfsir kitablarında bəzi ayələrin təfsirində Həzrətin (ə) adı zikr olunub. Bu həqiqətə yalnız Quranla öz arasında fasilə salan şəxslər şəkk edə bilərlər. Eyni zamanda inkar etmək istəyənlər üçün bəhanə yeri qalmamışdır. Hətta az olsa belə, Quranla əlaqəsi olanlara bu həqiqət, yəni son vəsinin vilayəti, imam Zamanın (ə.f) zühuru – xilaskar rəhbər kimi – aydın bir məsələdir.

Bundan əlavə, biz Allahın qüdrət və yaradıcılığını müşahidə etdikdə bu sual müzakirə olunur: Bildiyimiz kimi, varlıq aləmini və bəşəri yaradan, bütün peyğəmbərləri və səmavi kitabları göndərən Allahdır. O kitablardan da ən dolğunu, kamili və sonuncusu isə Qurandır. Həmçinin bəşər üçün kamil dinin icra və bəyan olunmasını da istəyən Allahdır. Görəsən, bəşəriyyətin az bir hissəsinin hidayət olub sonra Qiyamətin qurulması və dünyanın sonunun çatması Onun hikmətinə uyğun gəlirmi?

Əgər ağıla müraciət etsək, hikmət ilə uyğun gəlmədiyini deyir. Məsələn, əgər böyük min nəfərlik tutumu olan bir bina tiksinlər, sonra o binanı tikən şəxs “iki üç nəfər burada otursa onu dağıdarıq” deyərsə, bu ağıla yad olan bir işdir. Hikmət və məntiq, bəşəriyyətin hidayəti üçün olan bir dinin kamil şəkildə bəşərə təklif olunmasını tələb edir.

Allah və bizim aramızda, batini höccət olan zehn və əqlimizdə belə bir sual yaranır ki, nə vaxta və hansı dövrə qədər bu din kamil şəkildə bəşərə təqdim olunacaqdır? Allah-taala bir gün yer üzündə din və elmi bütün aspekt və gözəllikləri ilə birgə hakim etmək istəmirmi? Bu Allahın hikməti ilə uyğundurmu ki, insanı yaratsın, milyon illər yer üzündə qalsın, milyardlarla insan doğulsun, ölsün və Allahın mütləq elmini az miqdarda və az sayda insan dadsın və qurtarsın?! Bu da, hikmətlə uyğun gəlmir.

Ağıl deyir ki, dini göndərən şəxs bu dinin kamil şəkildə yayılması və bütün insanlar tərəfindən qəbul olması üçün mütləq, bir zaman tutumu yaratmalıdır. Elə bir zaman olmalıdır ki, insanlar bu həqiqətə tamamilə təslim olsunlar. Bu dinin yer üzərində mütləq hakim olması üçün o zamanın yüz illərlə uzanması mümkündür.

Bu məsələnin Qurani bir həqiqət olmasından əlavə, mən də həmişə tələbə və tədqiqatçılara “Məhdəviyyət” haqqında araşdırmalar aparmağa, bu məsələni Quran baxımından daha çox bəyan etməyə təkid edirəm. Belə ki, bu məsələnin yalnız şiəyə aid olduğu düşünülməsin. Başqa məzhəblərdən fərqli olaraq, ədəbiyyat mədəni-maarifimizdə ən dəqiq şəkildə Məhdəviyyət haqqında söhbətlər olunmuşdur. Amma bu məsələ birbaşa Qurandan qaynaqlanmış və möhkəm əqli köklərə malikdir. Bu bir zərurətdir və bir zaman həyata keçməlidir.

Bəzən deyilir elə bir zaman gəlməlidir ki, fəsad tamamilə aradan qaldırılsın. Amma bu sikkənin bir üzüdür. Əksinə elə bir zaman gəlməlidir ki, səadət və Allaha yaxınlaşmaq yolları kamil və düzgün şəkildə bəyan olunsun. Biz iddia edə bilərik ki, indi ibadət və bəndəliyin yolları olduğu kimi bizim ixtiyarımızda deyil. Elə bir zaman gəlməlidir ki, insanın əqli Allaha yaxınlaşmaq üçün yüksək həddə çatsın və o zaman həzrət Höccətin (ə.f) zühuru zamanıdır.

İndi xatırlatmaq istədiyim mühüm nöqtə budur: “Qeybət” (yəni imamın qeybdə olması) və qeybətin fəlsəfəsi haqqında çoxlu sözlər danışılır və adətən hadisənin bu tərəfini açıqlayırlar ki, cəmiyyət və insanlar indi zühura hazır deyil.

Bu sözlər, imanın zəifliyindən, yaxud digər cəhətlərdən qaynaqlanır. Lakin onlar qeyb dövrünün bərəkət və təsirlərinə diqqət etmirlər. Belə bir sual qarşıya çıxır: Olmazdı ki, həzrət Höccət gələydi və bu zəifliklər, sıxıntılar da olmayaydı? Ümumiyyətlə, biz Həzrətin hüzurundan nə qədər istifadə edə bilərik və onun qeybdə olmasına görə hansı bərəkətlərdən məhrum qalmışıq? Məhz buna görə, qeybət mövzusu üzərində bir qədər dərin düşünülməlidir. Bəzi hədislərə müraciət etdikdə, qeyb dövründə olan ibadətin, zühur dövründə olan ibadətlə fərqli olduğunu görürük. Yəni, biz qeyb dövründə olduğumuza görə, Allah bizim ibadətlərimizə, imamların dövründə olan insanların ibadətləriilə müqayisədə üstünlük veribdir.

Üsuli-Kafidə belə rəvayət edilir:1

 «مُفَضَّلِ بْنِ عُمَرَ عَنْ أَبِى عَبْدِ اللَّهِ عليه السلام قَالَ أَقْرَبُ مَا يَكُونُ الْعِبَادُ مِنَ اللَّهِ جَلَّ ذِكْرُهُ وَأَرْضَى مَا يَكُونُ عَنْهُمْ إِذَا افْتَقَدُوا حُجَّةَ اللَّهِ جَلَّ وَعَزّ»

Müfəzzəl ibn Ömər imam Sadiqdən (ə) nəql edir: “İnsanın Allaha ən yaxın vəziyyəti və Allahın insandan ən çox razı qaldığı zaman, əlləri höccətlərinə çatmadığı zamandır!”

 «وَلَمْ يَظْهَرْ» o höccət camaat arasında deyil.

«وَلَمْ يَعْلَمُوا مَكَانَهُ» məkanını bilmirlər.

 «وَهُمْ فِى ذَلِكَ يَعْلَمُونَ أَنَّهُ لَمْ تَبْطُلْ حُجَّةُ اللَّهِ جَلَّ ذِكْرُهُ» imanları o qədər möhkəmdir ki, deyirlər baxmayaraq bizim aramızda deyil, amma o, Allah ilə bizim aramızda höccətdir. Onun qeybdə olması ilə höccət olması batil olmur!

 «وَلَا مِيثَاقُهُ فَعِنْدَهَا فَتَوَقَّعُوا الْفَرَجَ صَبَاحاً وَمَسَاءً» və o anda səhərdən axşama qədər zühur və fərəcə ümidləri vardır.

Hədisə diqqət etdikdə başa düşürük ki, höccətinə əli çatmayan lakin onu qəbul edərək ona inanan insanın ibadəti fərq edir və Allaha daha yaxındır.

Başqa bir hədisimiz də, o şəxsin ibadətinin miqdar və dərəcəsinin daha artıq olmasını bəyan edir. Elə bil ki, bu adamın ibadət və namazı, hüzur dövründə, Allah Rəsulu (s) və imam zamanın kənarında namaz qılan şəxsin ibadətinin 50 bərabəridir.”

Bu hədisdən hansı nəticəyə gəlmək olar? Fikrimcə, İmamın qeybdə olmasının özü bir hikmətdir. Biz həmişə qeyb dövründə özümüzün mənfi cəhətlərini deməməliyik. Doğrudur, bunlar da vardır, lakin özümüzü bu cəhətlər ilə məhdud etməyək, qeyb dövrünü qənimət sayaq. Mümkündür, zühur üçün bir sıra maneələr olsun, lakin biz qarşıya çıxan bu şərait və fürsətdən layiqincə istifadə etməliyik!

Allahın höccətinə inamımızı nə qədər güclü etsək, ibadət və Allaha yaxınlaşmağın təsiri daha çox olar.

İmam Sadiq (ə) bəzi hədislərində Əmmar Sabatiyə buyurur: “Fəqirə gizlində sədəqə vermək aşkarda sədəqə verməkdən üstün olduğu kimi, insanın İmamın (ə.f) qeybdə olduğu dövrdə ibadət etməsi də, İmamın (ə.f) hazır olduğu dövrdə ibadət etməsindən fərqlidir.”

Yəni qeyb dövründə sirlər vardır. Əgər insan qeybə diqqət edərsə, onun inkişafa və ucalmağa səbəb olduğunu müşahidə edəcəkdir. Biz yalnız savablar ardınca deyilik, əksinə demək istəyirik qeyb dövründə inkişaf, ucalmaq, Allaha yaxın olmaq və kamilliyə çatmaq, hərəsi öz növbəsində zühur dövründən daha çoxdur.

Bu fikrə aydınlıq gətirmək istəyirəm, çünki bu fikir çox yayılmışdır: ey kaş, biz Ağanın (ə) yanında olaydıq! Belə sual yaranır, əgər İmamın yanında olsaydıq (inşallah Allah onu da bizə qismət etsin) bizim Allaha yaxınlığımız o zaman çox olardı yoxsa indi?

Cavabımız indidir. Çünki nə qədər Həzrətə inamımızı artırıb özümüzü o həzrətin hüzurunda bilsək, kamilliyimiz daha çox olacaq. Bəzən özümüzü Allah Rəsulunun (s) zamanında olan insanlarla müqayisə etdikdə, deyirik ki, necə də, Peyğəmbər və imamların yanında olmaq şərəfinə nail olublar. Doğrudur, insanın məsum imamın xidmətində olub onun, Allahın höccəti olmasına inanmasında bir sıra bərəkətlər vardır. Həmçinin İmamın təkvini (yaradıcılıq) və təşrii (şəriətə əsasən) vilayəti  olduğuna inanmaq da böyük imtiyaza malikdir. Hər bir iş onun mübarək barmağının başından düzəlmişdir. Hüzur dövrünün də təsir və bərəkətləri vardır, lakin Allaha yaxınlıq baxımından, Allah-taala həqiqi yaxınlıq və daha çox kamilliyi qeyb dövründə qərar vermişdir.

Belədirsə, gəlin bu nöqtə və məqam üzərində fikirləşək! Fərz edək ki, İmamın (ə) yanındayıq o, bizdən nə istəyir? Onu görmək çox gözəldir, amma görməkdən də yaxşısı ona təslim olmaq və əlaqə göstərməkdir. Qəlbimiz daima o həzrətin məhəbbəti ilə dolu olsun və cəmiyyətdə və etdiyimiz fəaliyyətlərimiz bu fikir və düşüncə ilə hazır olaq!

Bu bəyana əsasən, intizarda olan insan inzivaya çəkilməz, intizarda olan insan əlini əlinin üstə qoyub bizim qeyb dövründə vəzifəmiz yoxdur və səbr edək Həzrət gəlsin işləri qaydasına qoysun deməz! Bu sözü deyənlər həqiqi intizarda olanlar deyildir.

Həzrət Höccətə (ə.f) aid olan hədislərin birində Allah Rəsulunun (s) dilindən nəql olunmuş hədis, həm şiə, həm də sünni kitablarında qeyd edilmişdir. Ümumiyyətlə, şiə və əhli-sünnə maarifində külliyyatının çoxu müştərək olan nöqtələrdən biri elə bu “Məhdəviyyət” məsələsidir. Əhli-sünnə kitablarından birində yazılmışdır: Cabir imam Sadiqdən (ə) nəql edir ki, Peyğəmbər (s) buyurdu: “Haqq və batil arasında olan münaqişədə, Həzrət zühur edənə qədər Allah Rəsulunun (s) ümmətindən bir dəstəsi həmişə haqq üçün və haqqı müdafiə üçün vuruşacaqlar.

«لا تَزَالُ طَائِفَةٌ مِنْ أُمَّتِي تُقَاتِلُ عَنِ الْحَقِّ حَتَّى يَنْزِلُ الْمَهْدِيِّ(عج»

Şiə kitablarından olan “Bəşarətul-Mustəfa” kitabında da, bu ifadə gəlmişdir:

«لا تزال طائفة من امّتی یقاتلون عن الحق ظاهرین إلی یوم القیامة» yəni haqq və batil arasında olan münaqişədə, Həzrət zühur edənə qədər Allah Rəsulunun (s) ümmətindən bir dəstəsi həmişə haqq və haqqı müdafiə üçün vuruşacaqlar.

Bu mübarizənin kökü hara qayıdır? İntizara qayıdır. Belə ki, həqiqi intizarda olan, zülmün müqabilində “haqq uğrunda vuruşur”, batilin müqabilində aram otura bilməyə şəxsdir. Zülm hər gün bəşəri məhv etmək və dini ondan almaq üçün proqramlar qurduqda, o, “mən bir iş görə bilmərəm, Allahın höccəti qeybdədir” demir. Təəssüflər olsun ki, belə fikirlərin şahidi oluruq! Bəziləri Məsum (ə) zahirdə və hazır olmadığı üçün heç bir iş görməməliyik deyirlər. Onlar məsələni o qədər xarab edirlər ki, hətta  əmr be məruf və nəhy əz münkər (yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək) və İslamın “şəri hədləri”nin icra olunmasını istəmirlər. Eyni zamanda Həzrətin gəlib İslamın hədlərini icra etməsini gözləyirlər. Yəni biz min illərlə İslam hökmlərini dəfn edək. Görəsən, həqiqətən bu Allahın istəyidirmi ki, biz “ictimai, siyasi, İslami qəzavət hökmlərinin müqabilində Həzrət gələnə qədər heç bir vəzifəmiz yoxdur” – deyək?! O zaman İslam və müsəlmançılıqdan nə qalacaq?

«لا تزال طائفةٌ من امّتی تقاتل عن الحق» – haqq və batil arasında olan müharibə Həzrətin zamanına qədər gerçəkdir, batil nə qədər olarsa onunla mübarizə olunmalı və haqq müdafiə edilməlidir. Buna görə də, “Məhdəviyyət” hadisəsi aşkar həqiqətlərdəndir. Gəlin, qeyb dövrünə başqa aspektlərdən baxaq! Qeyb dövründə Allaha yaxın olmaq və kamilliyə çatmaq, hərəsi öz növbəsində zühur dövründən daha çoxdur. İşarə etdiyimiz hədisə uyğun olaraq, gəlin özümüzə bu zamanda həqiqi intizarda olan şəxs adı verib, Allah Rəsulunun buyurduğu kimi batil ilə mübarizə, haqqı müdafiə və İslam hökumətinin təşkili üçün çalışaq.

İnqilabın əvvəllərində bir qrup deyirdi ki, Həzrətin hökumətindən qabaq qurulan hər bir hökumət batildir. Bəs Peyğəmbərin (s) buyurduğu bu - لا تزال طائفةٌ من امّتی یقاتل عن الحقşəxslər kimlərdir? Onlar İslamı başqa cür yozurlar ki, İslamı öz həqiqətindən uzaqlaşdırsınlar. Təəssüflər olsun ki, indi də bu tərzi-təfəkkürdə olanlar vardır. Bizim əziz cavanlarımız, universitet tələbələrimiz ayıq olmalıdırlar ki, bu fikirlər ikinci dəfə cəmiyyətdə yayılmasın. Biz .Məhdəviyyət hadisəsini yaxşı anlamalı və bərəkətlərindən istifadə etməliyik.

Ümidvaram, bütün əməllərimiz həzrət Höccətin (ə.f) razılığına səbəb olsun!

İlahi, Həzrətin zühurunu tezləşdir! Qeyb dövründə bizi öz vəzifələrimizə agah et!

Allahın salamı, rəhməti və bərəkəti sizlərə olsun!



1              Üsuli-Kafi” kitabul-höccət, nadirul-qeybət fəsli, 1-ci hədisi


Etiketlər :