25 zil-qədə günü “Dəhvul-ərz” günüdür.

29 November 2024

19:17

۳,۳۵۵

Xəbərin xülasəsi :
25 zil-qədədə Allah taala Yer kurəsinə nəzər salıb ona həyat bəxş etdi. Bu gündən eitibarən başdan başa su ilə əhatə edilmiş Yer kurəsi yavaş yavaş qurumağa başladı. Belə ki, altı gün keçdikdən sonra Yerin dörddə biri indiki vəziyyətə uyğun olaraq quruya çıxdı və yaşayış şəraiti vücuda gəldi.
آخرین رویداد ها


Bismillahir Rəhmanir Rəhim

Hicri-qəməri ili 25 zil-qədə günü “Dəhvul-ərz” günüdür.

Mərhum Seyyid ibn Tavus özünün “İqbalul Ə`mal” kitabında yazır: Allah taalanın bu gündə Yer üzünü genişləndirib insanların məskunlaşmağı üçün hazırlaması öz bəndələrinə əta etdiyi elə böyük rəhmətdir ki, qələm bunu yazmaqdan acizdir.

Dəhvul-ərz günü Allah taala Yer kurəsinə nəzər salıb ona həyat bəxş etdi. Bu gündən eitibarən başdan başa su ilə əhatə edilmiş Yer kurəsi yavaş yavaş qurumağa başladı. Belə ki, altı gün keçdikdən sonra Yerin dörddə biri indiki vəziyyətə uyğun olaraq quruya çıxdı və yaşayış şəraiti vücuda gəldi. Rəvayətə əsasən suyun altından ilk üzə çıxan torpaq Allah taalanın müqəddəs Kəbə evi olmuşdur.

Müqəddəs Quranda Dəhvul-ərz gününə işarə edilib buyurur:

و الارض بعد ذلک دحاها

“Bundan (yeri və səmanı xəlq etdikdən) sonra yeri döşəyib (yaşamaq üçün yararlı hala salaraq) genişləndirdi.”

“Dəhvul-ərz”gecəsi, yəni yerin suda, Kəbə evinin altından salınması, çox şərafətli gecələrdən biridir. İlahi rəhmətin yerə nazil olduğu bu gecədə ibadətlə məşğul olmağın böyük savabı vardır.

 Həsən ibn Əli Vəşşa bir rəvayətdə belə deyir: “Mən uşaq ikən atamla həzrət İmam Rzanın (əleyhissəlam) xidmətində, zilqədə ayının 25-i şam yeməyi yeyirdik. İmam belə buyurdu: “Bu gün Həzrət İbrahim və İsa peyğəmbər anadan olmuşlar. Kəbə evinin altından yer salınıb genişlənmişdir. Hər kəs bu günü oruc tutsa, orucu altmış ayın orucuna bərabərdir.” Başqa rəvayətə görə, İmam Zaman (əleyhissəlam) bu gündə qiyam edəcək.

“Dəhvul-ərz” günü oruc tutmaq il ərzində ən çox savabı olan dörd gündən biridir. Bir rəvayətə görə, bu günün orucu yetmiş ilin orucu ilə bərabərdir. Başqa rəvayətə görə, yetmiş ilin kəffarəsidir. Hər kəs gündüzünü oruc tutsa, gecəsini ibadətlə başa vursa, onun üçün yüz ilin ibadəti yazılar. Bu günü oruc tutan şəxs üçün, yerlə göy arasında olanların hamısı istiğfar edərlər. Bu gün Allahın rəhmətinin paylanan günüdür. Bu gündə ibadətin və Allahın zikri üçün toplaşmağın böyük savabı vardır. Bu gün üçün oruc, ibadət, Allahın zikri və qüsllərdən başqa iki əməl də yazılmışdır:

1. Qum şiələrinin kitablarında gələn iki rükət namaz və bu namaz, zöhrə bir az qalmış qılınır. Hər rükətdə “Həmd”dən sonra beş dəfə “Şəms” surəsini oxumaq lazımdı. Salamdan sonra isə desin: 

لاحَوْلَ وَ لا قُوَّةَ إِلا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيم

La həvlə və la quvvətə illa billahil əliyyil əzim.

 Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur!

Sonra dua edib oxu:

یا مُقِيلَ الْعَثَرَاتِ أَقِلْنِي عَثْرَتِي يَا مُجِيبَ الدَّعَوَاتِ أَجِبْ دَعْوَتِي يَا سَامِعَ الْأَصْوَاتِ اسْمَعْ صَوْتِي وَ ارْحَمْنِي وَ تَجَاوَزْ عَنْ سَيِّئَاتِي وَ مَا عِنْدِي يَا ذَا الْجَلالِ وَ الْإِكْرَام

Ya muqiləl əsərati əqilni əsrəti, ya mucibəd dəəvati əcib də`vəti, ya samiəl əsvati ismə` səvti, vər­həmni və təcavəz ən səyyiati, və ma indi ya zəl cəlali vəl ikram.

Ey xətalardan keçən, mənim yanlışlıqlarımdan keç! Ey duaları qəbul edən, duamı qəbul et! Ey səsləri eşidən, səsimi eşit, mənə rəhm et, pisliklərimi bağışla, ey əzəmət və ehsan sahibi!

Mərhum Mirdamad “Ərbəətu əyyam” adlı kitabında “Dəhvul-ərz”in əməlləri bölməsində yazır: “İmam Rzanı (ə) ziyarət etmək belə bir gündə müstəhəb əməllərin ən fəzilətlisi və sünnəyə uyğun ədəblərin ən çox təkid olunmuşudur. Habelə rəcəb ayının ilk günündə də o həzrəti ziyarət etmək çox təkid olunmuşdur.

Əziz müsəlman bacı qardaşları bu bərəkətli gün münasibətilə təbrik edir hamınıza Dəhvul-ərz gününün fəzilətlərindən bəhrələnməyi arzusu edirik!

Etiketlər :