Həzrət İmam Hadi əleyhissəlamın təvəllüdü mübarək!

29 November 2024

19:22

۲,۰۹۱

Xəbərin xülasəsi :
Həzrət İmam Əliyyən-Nəqi əleyhissəlam hicrətin 212-ci ili zil-hiccə ayının 15-də Mədinə yaxınlığında anadan olmuşdur. Bu mübarək günü bütün müsəlmanlara təbrik deyirik...
آخرین رویداد ها

Bismillahir-Rəhmanir-Rəhim

Həzrət İmam Əliyən-Nəqi əleyhissəlamın həyatına qısa baxış

Şiələrin onuncu İmamı - İmam Əliyyən-Nəqi (əleyhissəlam) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (əleyhissəlam) anası isə hörmətli Səmanə xanım olmuşdur. Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” deyirlər.

İmam Hadi (əleyhissəlam) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz iki il ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş, hicrətin iki yüz əlli dördüncü ilində isə Samirra şəhərində şəhadətə qovuşmuş və öz evində də torpağa tapşırılmışdır.

İmam Əliyyən-Nəqi əleyhissəlamın şagirdləri

İmam Əliyyən-Nəqi əleyhissəlamın dövrünün çox sıxıcı və pis dövrə təsadüf etməsinə o Həzrətin maarif təbliğ etməsi üçün geniş şəkildə azad olmamasına və o Həzrətin yaşadığı dövrün İmam Baqir (əleyhissəlam) xüsüsən də, İmam Sadiq əleyhissəlamın dövrü ilə müqayisədə böyük təfavütə malik olmasına baxmayaraq, o Həzrət belə bir pis şəraitdə İslam maarif və mədəniyyətini elmi müzakirə və bəhslər məktublar müşkülatı həll etmək suallara cavab vermək və azğın məzhəblər qarşısında düzgün fikri aşkar etməklə yanaşı, bir sıra şiə rəvayətçi alim və ziyalılar yetişdirərək onlara İslam maarifini öyrətmişdir. Onlar da öz növbəsində bu böyük maarif mirasını sonrakı nəsillərə ötürmüşlər. İslam dünyasının tanınmış alimi Şeyx Tusi o Həzrətin müxtəlif İslami elmlər sahəsindəki şagirdlərinin sayının yüz səksən beş nəfər olduğunu qeyd etmişdir.

Bu şagirdlər arasında Fəzl ibn Şazan Hüseyn ibn Səid Əhvazi Əyyub ibn Nuh Əbu Əli (Həsən ibn Əli), Həsən ibn Əli Nasir Kəbir Əbdüləzim Həsəni və Osman ibn Səid Əhvazi kimi parlaq elmi və mənəvi simalar olmuşdur. Bunlardan bəziləri müxtəlif İslami elmlər sahəsində bir sıra əsərlər yazmış onların yazdığı əsərlər göstərdiyi xidmətlər tarix səhifələrində qeydə alınmışdır.

İmam Əliyyən-Nəqi əleyhissəlamın şəhadəti

İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, çətinliklər nəticəsində bir an olsun belə, zalımlarla saziş etmir. Məlum məsələdir ki İmamın İlahi bir şəxsiyyət olması onun ictimai mövqeyi və eləcə də, xəlifələrlə həmkarlıq etməyib onlara qarşı apardığı mənfi mübarizə o dövrün hökuməti üçün təhlükəli olub dözüləsi deyildi. Onlar daima bu məsələdən narahat idilər. Axırda yeganə çıxış yolunu Allah nurunu söndürməkdə görüb İmam Əliyyən-Nəqi əleyhissəlamı öldürmək fikrinə düşdülər. Beləliklə o Həzrət də özündən qabaqkı İmamlar kimi təbii ölümlə deyil xəlifə Mötəzzin hakimiyyəti dövründə zəhərlənərək hicrətin iki yüz əlli dördüncü ili rəcəb ayında şəhid olur və Samirra şəhərində öz evində dəfn edilir.

Bir daha Həzrət İmam Hadi əleyhissəlamın mövlud günü münasibətilə ilk növbədə əziz nəvəsi Həzrət Sahib Zaman əleyhissəlamı, eləcə də bütün Əhli-beyt aşiqlərini ürəkdən təbrik edirik. İnşaallah tezliklə o Həzrətin ziyarətinə nail olaq və özümüzü Allah dostları sırasında qərar verək, Amin Ya Rəbbəl-Aləmin!

Etiketlər :