Məhərrəm, şəhadətin ən böyük cilvələnməsi ayıdır

29 November 2024

17:03

۱,۹۳۳

Xəbərin xülasəsi :
Hicri-qəməri tarixi məhərrəm ayının çatmasını bütün müsəlmanlara, məxsusən Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə başsağlığı və təsliyət deyirik.
آخرین رویداد ها

Bismillahir-Rəhmanir-Rəhim

Hicri-qəməri tarixi məhərrəm ayının çatmasını bütün müsəlmanlara, məxsusən Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə başsağlığı və təsliyət deyirik.

Məhərrəm ayında bir çox hadisələr baş vermişdir və onların ən əzəmətlisi həzrət Seyyiduş-şuhəda imam Huseyn əleyhissəlam və o həzrətin vəfalı səhabəsinin Öməvi xəlifəsi Yəzid ibn Muaviyənin (lənətullhi əleyh) əmri ilə şəhadətə yetişmələridir.

Məhərrəm ayında baş vermiş hadisələrdən, həzrət Huseyn ibn Əlinin (əleyhiməssəlam) Kərbəla torpağına daxil olması, o həzrətin Kufə əhlinə namə yazması, Ömər ibn Sədin (lənətullhi əleyh) dörd min qoşunla Kərbəlaya getməsi, Şureyh qazinin (lənətullhi əleyh) həzrət İmam Huseyn əleyhissəlamın qətlinə fətva verməsi, suyun Əhli-beytə (əleyhimussəlam) məhrum edilməsi, Əhli-beytin (əleyhimussəlam) xeymələrinin düşmən tərəfindən mühasirə edilməsi, həzrət İmam Huseyn əleyhissəlamın Əhli-beytə (əleyhimussəlam) və səhabələrinə xitabəsi, həzrət Zeynəb Kubranın (əleyhasəlam) İmam Huseyn əleyhissəlamla danışığı və s...

Həzrət Seyyiduş-şuhəda İmam Huseyn əleyhissəlamın şəhadəti, Qəməri Bəni-Haşim həzrət Əbul-Fəzl Əbbas əleyhissəlamın şəhadəti, həzrət Əli Əkbər əleyhissəlamın şəhadəti, Qasim ibn Həsənin şəhadəti, babul-həvayic Əli Əsğərin şəhadəti, Əbdullah ibn Həsənin şəhadəti, Həbib ibn Muzahir Əsədinin və Muslim ibn Əvsəcənin şəhadəti, Hurr ibn Yəzid Riyahi və Əbu Zər Ğəffarinin qulamı Covnun şəhadəti, həzrət İmam Huseyn əleyhissəlamın vəfalı səhabələrinin şəhadəti, Şimrin qulamının (lənətullah əleyhima) əli ilə Vəhəbin zövcəsinin şəhadəti məhərrəm ayında baş vermiş şəhadət məktəbinin ən böyük cilvələridir.

Məhərrəm ayında digər hadisələr də olmuşdur və onlardan bəziləri Kərbəla hadisəsindən əvvəl, bəziləri isə sonra baş vermişdir.

Mədinə əhlinin Yəzidin (lənətullah əleyh) əleyhinə qiyamı, İbn Ziyadın (lənətullah əleyh) qətli, həzrət İmam Səccad əleyhissəlamın şəhadəti, Zeyd ibn Əli ibn Huseynin (əleyhimussəlam) qiyamı və s. məhərrəm ayında baş vermiş hadisələrdəndir. İnşaallah Həzrət Məhdi əleyhissəlamın zühur və qiyamı da məhərrəm ayında, aşura günündə olacaqdır.

Bir daha əziz müsəlman bacı-qardaşlara başsağlığı verməklə xatırladırıq ki, məhərrəm ayı Əhli-beyt (əleyhimussəlam) məktəbinin davamçıları üçün öz məhəbbətlərini Peyğəmbər və Ali Peyğəmbərə (sallallahu əleyhim əcməin) təqdim etmək üçün ən münasib vaxtdır. Belə ki, gərək hər bir kəs bu qəm-qüssəli və hüzünlü günlərdə qara geyib yas saxlamaqla Rəsulullahın və o həzrətin Əhli-beytinin (əleyhimussəlam) dərdləri və kədərlərinə məlhəm olsun!


Etiketlər :