Dua və ibadət insan ömrünün ən şirin anıdır
29 November 2024
16:56
۱,۸۵۲
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
بسم الله الرحمن الرحيم
الحمد لله رب العالمين وصلی الله علی محمد وآله الطيبين المکرمين
Hörmətli və müsəlman bacı qardaşlar! Bu günki bəhsimizdə Allah-taalaya ibadət edib Onunla üns bağlamağın həyatda zərurəti və əhəmiyyəti ilə bağlı danışığımızı davam etdirəcəyik.
Danılmaz bir həqiqətdir ki, dua və minacat etmək insanın fitrəti ilə qarışmış təbii bir xüsusiyyətdir. İnsan, həyatı dərk etdiyi zamandan ətrafında baş verən dəyişgənliyi müşahidə etməklə bu dünyada sabit və dəyişməz bir qüdrətin, yəni Allah-taalanın varlığını hiss edir. Həmçinin, dünyada baş verən dəyişgənliyin məxluqatı xəlq edən sabit qüdrət sahibinə heç bir təsir edə bilməməsini də öz vücudu ilə duyur. Deməli, insan öz fitri və təbii tələbatına əsasən, Xaliqi daha yaxşı tanımağa, Onunla üns bağlamağa, Ona itaət və təzim etməyə can atır.
Müqəddəs Qur`an ibadətin insan təbiəti ilə uyğunluğuna işarə edərək buyurur:
﴿فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لاَ تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ذَلِكَ الدِّينُ الْقَيِّمُ...﴾
«Üzünü haqq olan dinə (İslama) tərəf tut (və ona itaət et)! Allah fitri olaraq insanları bu dində yaratmışdır. Allahın xəlq etdiyi (din) dəyişməzdir. Doğru və daimi din budur...»[1]
Məlum olur ki, insan öz fitri və təbii meylinə əsasən, onu xəlq edən qüdrəti daha yaxşı tanıyıb onunla munis olmağa can atır. İnsanı Allah xəlq etmişdir. İnsan da öz ruhunda qeyb aləmi ilə əlaqə və uyğunluq duyduğu üçün, həmişə Allahla mənəvi ünsiyyət bağlamaq istəyindədir.
Allah- taala insanla olan mənəvi bağlılığına işarə edərək buyurur:
﴿فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي...﴾
«Mən insanı yaratdım və ona Öz ruhumdan üfürdüm...»[2]
Deməli, insanın vücuda gəlməsi Allahın ruhu vasitəsilə baş vermişdir. Ona görə də, insanın Allahla bağlılığı fitri, təbii və qırılmazdır.
Eyni zamanda unutmayaq ki, Allaha dua və səna etmək məxluqla Xaliq arasında ünsiyyət vasitəsi olaraq, öz-özlüyündə fəzilət və yüksək mənəvi keyfiyyət sayılır. Bu baxımdan, insan gərək müxtəlif vaxtlarda öz bəndəliyini göstərmək üçün Allah dərgahına üz tutub Ona ibadət və dua etsin. Təbiidir ki, Allahla üns bağlamaq üçün insan özünü günahlardan saxlamalıdır. Məhz günahlardan saqındıqda duanın qəbul olmasına şərait yaranır. Məsumların hədis və dualarında insanın mənəvi paklığının onun duasında təsirli olması göstərilir. Məsələn, «Komeyl» duasında belə oxuyuruq:
"اللَّهُمَّ اغْفِرْلِيَ الذُّنوبَ الَّتِي تَحْبِسُ الدُّعاءَ"
«Pərvərdigara! Duaların qəbul olunmasına mane olan günahlarımı bağışla».
Ariflərin əmiri Həzrət Əli əleyhissəlamın bu duası göstərir ki, Allahla üns bağlayıb Ona dua etmək insana lazım olduğu üçün, duaların qəbul olmasının qarşısını alan əməl və günahlardan çəkinməliyik. Çünki dua və minacat əhvali-ruhiyyəsini itirmək əvəzolunmaz bir xəsarətdir.
Nəql edirlər ki, bir kişi həmişə Allaha dua və ibadət edərmiş. Bir gün Şeytan ona vəsvəsə edib deyir:
«Ay kişi! Bu qədər Allah, Allah deyirsən və sübh tezdən özünü zəhmətə salıb Ona dua edirsən. De görüm, heç bir dəfə də olsun Ondan cavab almısanmı? Ondan başqa hər bir kəsin qapısına gedib bu qədər yalvarsaydın, kömək də etməsəydi, ən azı sənə cavab verərdi».
Bu sözlər kişinin ağlına batır və daha “Allah” kəlməsini dilinə gətirmir. Röyada: «Nə üçün Allahla minacat və raz-niyaz etmirsən?»– deyə ondan soruşurlar. Deyir:
«Ona görə ki, bu qədər dua və ah-nalə qarşısında bir dəfə də olsa: «ləbbeyk» -deyə cavab eşitmədim».
Nida gəlir ki, mən Allah tərəfindən sənə cavab gətirmişəm. Allah buyurur: «Ey mənim bəndəm! Bu ah-nalə, dua və minacat əhvali-ruhiyyəsini Mən sənə vermişəm. Elə sənin Allah deyib dua etməyin, Bizim sənə cavabımız və ləbbeyk deməyimizdir».
«İftitah» duasında belə buyurulur:
"اللَّهُمَّ أَذِنْتَ لِي فِي دُعَائِكَ وَ مَسْأَلَتِكَ..."
«İlahi! Dərgahına dua edib hacətimi istəməyə icazə vermisən...»
Deməli, davamlı şəkildə dua və raz-niyaz etmək, Allahın duanı qəbul etməsinə dəlildir. Allaha dua və ibadət edib, Onunla minacat və raz-niyazın ləzzətini duyan şəxslər, hətta bir an belə bu ləzzəti dünyanın naz-nemətinə dəyişməzlər. Çünki dua və minacat vasitəsilə Allahla üns bağlamaq, onların ömrünün ən şirin anlarıdır.(məqalənin ardını izləyin)