Duanın insan həyatında əhəmiyyəti
29 November 2024
15:25
۱,۵۷۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
بسم الله الرحمن الرحيم
الحمد لله رب العالمين وصلی الله علی محمد وآله الطيبين المکرمين
Keçən bəhsimizdə sevimli Allahın ən istəkli bəndələri olan Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli- beyt əleyhimussəlamın İlahi məqam və fəzilətlərinə cüzi işarə olundu. Bugünkü verilişimizdə də Peyğəmbər və Ali- Peyğəmbərin (səlləllahu əleyhim əcməin) dua və ibadətə böyük diqqət və əhəmiyyət göstərmələri barəsində danışmaq istəyirəm.
Əhli- beyt əleyhimussəlam Allah-taala ilə o qədər yaxın və munisdir ki, hətta bir an Ondan qafil olmağı özlərinə rəva görmürlər. Onlar daima Allahla ünsiyyətdədir və Ondan ayrı qala bilmirlər. Hər kəs belə olsa, hətta göz qırpımı qədər Allahdan qeyrisinə nəzər salmağa peşimandır. Çünki Allahı bir an belə yaddan çıxarıb Onun müqabilində qəflət etməyi, ünsiyyətin qırılması, dua və ibadətin kəsilməsi, nemətlərə naşükürlük, əzab-əziyyətin nazil olması hesab edirlər.
Həzrət Əli əleyhissəlam dualarında buyurur:
"اللَّهمَّ اغْفِرْ لِيَ الذُّنوبَ الَّتِي تَهْتِكُ اْلعِصَمَ"
«İlahi! Məsumluq məqamına əks olan günahlarımı bağışla».
Aydındır ki, insan Allaha həqiqi və xalis ibadəti nəticəsində ən yüksək kamal dərəcələrinə yüksələ bilər. Həqiqi və xalis ibadət dedikdə, Allah-taalaya layiq və münasib ibadət etmək nəzərdə tutulur. Bu isə insanlar arasında nisbidir. Ona görə də, Allaha layiq və münasib ibadət etmək, Allahı daha yaxşı tanıyan və Ona yaxın olan şəxslərə müyəssərdir. Şübhəsiz, Allaha ən yaxın şəxs, Allahla vəhy vasitəsilə ünsiyyət bağlayan Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih), eləcə də İlahi vəhyin ilk günlərindən Peyğəmbəri dərk edən, ona arxa və havadar olan ailə üzvləridir.
Muhəmməd və Ali- Muhəmməd (səlləllahu əleyhim əcməin) məxluqatın ən üstünü, Allaha ibadət və itaət etməkdə hamıdan irəli, Allah dərgahına ən yaxın və İlahi maarifdən ən agah olanlardır. Bütün fəzilətlər və ən dəyərli mənəvi keyfiyyətlər onlara məxsusdur. Allahın nuru onların qəlbinə saçmış, sinələri İlahi sirlərə xəzinədir.
Əhli- beyt əleyhimussəlam Allahın rəhmət və mərhəmətini görürlər. Ona görə də, İlahi nemətlər müqabilində hər nə qədər şükr etsələr, yenə özlərini borclu bilirlər.
Onlar Allahın mülkü və qüdrətini tanıyırlar. Ona görə də, özlərini Ona tabe və asılı görürlər.
Onlar Allahın əzəmətini düşünürlər. Ona görə də, Onun müqabilində özlərini yox bilirlər.
Onlar Yaradanla yaradılmışın rabitəsini dərk edirlər. Məhz ona görə, bu rabitənin qırılmasını ən böyük bəla bilirlər.
Bu baxımdan, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) tez-tez Allahla minacat edərək deyir:
"اللَّهمَّ ولا تَكِلْنِي اِلَي نَفْسِي طَرْفَةَ عَيْنٍ اَبَداً"
«İlahi! Məni heç vaxt bir an belə tək və özbaşına qoyma».[1]
Əhli-beyt əleyhimussəlamın fəzilət və məqamları təsviredilməzdir.
Onlar Allahın razılığını cəlb etmək üçün, Onunla son dərəcə təvazö və yalvarışla minacat edirlər. Bununla da bəndəlik ədəbini və ibadət qaydasını ümmətə öyrədirlər.
Onların vücudları Qur`anla qarışmışdır. Ona görə də, onlar natiqi-Qur`andılar.
Onlar Allah tərəfindən bəşəriyyətin təlim və tərbiyəsi üçün müəllim təyin olunmuşlar. Ona görə də, onlara itaət edən Allaha itaət etmişdir.
Onlar insanları Allaha qovuşduran sirat və haqqı batildən ayıran mizandılar.
Onlar Allahın müqəddəs və məsum bəndələridir.
Onlar Allahın dostları ilə dostdur. Hər kəs Allahı sevsə, onları da sevmişdir.
Onlar Allahı sevmək və Ona məhəbbət etmək meyarıdırlar.
Həqiqətən, Allaha dua və ibadət edən onlardır. Dua və minacat onlar üçün abi-həyatdır.
Hədisdə deyilir ki, bir gün Ümmüsələmə gecə yuxudan ayıldıqda Həzrət Peyğəmbəri (səlləllahu əleyhi və alih) yataqda görməyib bir hadisənin baş verməsindən nigaran qalır və Həzrəti axtarmağa başlayır. Peyğəmbəri qaranlıq bir guşədə, ayaq üstə, əllərini qaldırıb göz yaşı tökərək belə dua etdiyini görür:
«İlahi! Mənə əta etdiyini məndən alma; Məni nicat verdiyin pisliklərə tərəf bir də qaytarma; Məni göz qırpımı qədər belə başlı- başına qoyma».
Ümmüsələmə deyir:
Peyğəmbərin ağlayaraq bu cür dua etməsi bədənimi lərzəyə saldı. Bir küncdə oturub ağlamağa başladım. Rəsulullah gəldikdə məni bu halda görüb soruşdu: «Nə üçün ağlayırsan?» Dedim: «Ey Allahın Rəsulu! Əgər sən, belə məqam və fəzilətə sahib olmaqla; «Məni bir an özbaşına qoyma» –deyə ağlayıb göz yaşı axıdırsansa, vay mənim kimilərin halına».
Həzrət buyurdu: «Ey Ümmüsələmə! Necə xatircəm olub nigaran qalmayım?! Yunus peyğəmbər bir an özbaşına buraxılmaqla o qədər müsibətlə üzləşdi».[2]
Həqiqətən, bəşəriyyətin ən yüksək şəxsiyyəti, İslam dininin banisi, bəndəlik və əxlaqi sifətlərin ən mükəmməlinə sahib olan bu şəxsiyyət, Allahla dua və minacat məsələsinə son dərəcə böyük diqqət yetirmiş və insanın həyatında duanın əhəmiyyətini ən gözəl şəkildə şərh etmişdir.