Əhli-beytin (ə) dua və ibadətə bürünmüş yaşayışları

08 July 2024

13:54

۲,۰۲۶

Xəbərin xülasəsi :
Əhli-beyt əleyhimussəlamın səciyyəvi xüsusiyyətləri ilə tanış olmaq və məsumların hər birinin həyat tərzini mütaliə etmək zəruridir
آخرین رویداد ها


Bismilləhir-Rahmənir-Rahim

İmamət səmasının birinci parlaq ulduzu, məhəbbəti Behişt müjdəsi olan, Peyğəmbərin yolunda canından keçən, bütün vücudunu Allaha bağlayan Həzrət Əli əleyhissəlam kimi müqəddəs bir varlıq, İslam məktəbinin təkallahlıq örnəyi və abidlərin nümunəsi olaraq tanıtdırılır:

"كانَ أَمِيرُ المُؤمنينَ رَجُلاً دَعَّاءً

«Həzrət Əli əleyhissəlam çoxlu dua və zikr edəndir».[1]

Burada İmam Əli əleyhissəlamın dua və raz-niyaz barəsində buyurduğu çox gözəl bir hədisi sizə təqdim edirəm. Həzrət buyurur:

"مَنْ أُعْطِىَ‏ أَرْبَعَاً لَمْ‏ يُحْرَمْ أَرْبَعاً: مَنْ أُعْطِى َ‏الدُّعَأَ لَمْ‏ يُحْرَمِ الاِجَابَةَ، وَمَنْ أُعْطِىَ‏ التَّوْبَةَ لَمْ يُحْرَمِ الْقَبُولَ، وَمَنْ أُعْطِىَ الاِسْتِغْفَارَ لَمْ يُحْرَمِ الْمَغْفِرَةَ، وَمَنْ أُعْطِىَ الشُّكْرَ لَمْ يُحْرَمِ الزِّيَادَةَ".

«Hər kəs dörd nemətə nail olsa, dörd şeydən məhrum olmaz: Hər kəs dua etməyə nail olsa, duanın qəbul olmasından məhrum edilməz. Hər kəs tövbə etməyə müvəffəq olsa, onun qəbulundan məhrum olmaz. Hər kəs istiğfar etməyə nail olsa, günahlarının bağışlanmasından məhrum edilməz. Hər kəs şükr etməyə müvəffəq olsa, ruzisinin artmasından məhrum qalmaz».[2]

Həzrət Əli əleyhissəlamın həyatına diqqət yetirdikdə, habelə «Şəbaniyyə münacatı» kimi duaları mütaliə etdikdə məlum olur ki, o Həzrət Allahla dua və raz-niyaz etmək məsələsinə nə qədər əhəmiyyət verir. Məsələn, Həzrətin həmişəki dualarından biri belədir:

"إِلَهِي وَأَلْهِمْنِي وَلَهاً بِذِكْرِكَ إِليَ ذِكْرِكَ..."

«İlahi! Məni, Öz zikrinlə daima Səni zikr etməyə valeh və məftun et!»[3]

Həzrət Əli əleyhissəlamın Allahla dua və münacata göstərdiyi böyük diqqət və əhəmiyyət, digər məsum imamlara da aiddir. Çünki Əhli-beyt əleyhimussəlamın hamısı Allah-taalanın vahid nurundan yaranmışlar.

İndi isə, nəzərinizi Həzrət Əba Əbdillahil- Huseyn əleyhissəlamın Allahla münacat və raz-niyazın əhəmiyyətini, eləcə də tövhid əqidəsini bəyan edən çox şirin bir kəlamına cəlb edirəm:

"إِلَهِي... مَا ذَا وَجَدَ مَنْ فَقَدَكَ؟ وَ مَا الَّذِي فَقَدَ مَنْ وَجَدَكَ؟ لَقَدْ خَابَ مَنْ رَضِيَ دُونَكَ بَدَلاً، وَ لَقَدْ خَسِرَ مَنْ بَغَى عَنْكَ مُتَحَوِّلاً..."

«İlahi!...Səni itirən şəxs nəyi tapmışdır? Səni tapan şəxs nəyi itirmişdir? Sənin əvəzinə qeyrisinə razılaşan, şübhəsiz özünü məhrum etmişdir. Səndən üz döndərən şəxs, şübhəsiz zərər görmüşdür».[4]

Həmçinin, abidlərin zinəti, münacat əhlinin öndəmi, dua və raz-niyazda bərabəri olmayan Həzrət İmam Səccad əleyhissəlam Allahla belə danışır:

«İlahi! İzzət və cəlalına and olsun! Məni xəlq etdiyin ilk gündən Sənin Allahlığın davam edənə qədər Sənə həmd-səna deyib ibadət etsəydim, yenə də özümü Sənin nemətlərindən birinin hətta şükrünü əda etmiş bilməzdim.

Əgər dünyanın bütün dəmir mədənlərini dişlərimlə didsəydim, bütün torpaqları kirpiklərimlə şumlasaydım, Sənin qorxundan yer, göy və dəryalar qədər qan ağlasaydım, yenə Sənin böyük haqqın müqabilində borcumu ödəməzdim.

İlahi! Bütün bunlarla bərabər, əgər məni günahkarların əzabı ilə cəzalandırsan və bədənimi, yalnız mənə cəza verib cismimi yandırmaq üçün Cəhənnəmin bütün təbəqələrini doldura bilən qədər böyütsən də, Sənin ədalətinə uyğun və mənim layiq olduğum cəzadan azdır»[5].

Eləcə də Həzrət Zəhra əleyha salamın duaları, münacatları və «Səhifəyi-Fatimiyyə», İmam Huseyn əleyhissəlamın «Ərəfə» duası, Həzrət Səccad əleyhissəlamın davamlı göz yaşları və «Səhifəyi-Səccadiyyə», habelə digər məsum imamların başdan-başa dua və ibadətə bürünmüş yaşayışları, duanın həyatda çox böyük əhəmiyyət kəsb etməsinə dəlildir. Bu baxımdan, Əhli-beyt əleyhimussəlamın səciyyəvi xüsusiyyətləri ilə tanış olmaq və məsumların hər birinin həyat tərzini mütaliə etmək zəruridir.

Ümidvaram, ənbiya və övliyanın həyat və yaşayış tərzi barəsində faydalı, dəqiq və geniş məlumatlara yiyələnmək üçün bu sahədə mötəbər mənbələrə müraciət edəsiniz.

(ardını izləyin)

[1] «Kafi», cild 4, səh. 213.

[2] «Nəhcul-bəlağə», hikmətli kəlmələr 135.

[3] «Məfatihul-cinan», (Munacati -Şəbaniyyə).

[4] «Məfatihul-cinan», (Ərəfə duası).

[5] «Əsrarus-səlat» (Mirza Cavad Ağa Məliki Təbrizi), səh. 484.

Etiketlər :