Namaz, həqiqətlərə çatmaq yolu

23 November 2024

21:05

۱,۵۴۵

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Hacı Şeyx Muhəmməd Cavad Fazil Lənkəraninin "Namazın sirləri və qaydaları" mövzusunda bəyan etdiyi çıxışlarından
آخرین رویداد ها

Bismilləhir- Rahmənir- Rahim

Həzrət İmam Həsən Əsgəri əleyhissəlam:

"إِنَ‏ الْوُصُولَ‏ إِلَى‏ اللَّهِ‏ عَزَّ وَ جَلَ‏ سَفَرٌ-  لَا يُدْرَكُ إِلَّا بِامْتِطَاء اللَّيْل‏"

Allah- təalaya yetişmək elə bir səfərdir ki, yalnız gecələri oyaq qalmaqla müyəssər olar.”[1]

Namazın həqiqətləri və əsrarına yetişmək namazdan başqa bir yolla mümkün və müyəssər deyildir. Əgər bir kəs belə təsəvvür etsə ki, namazın əsrarına çatmaq üçün namazdan qeyri bir yol vardır, səhvdədir və təsəvvürü batildir. Namazın batininə çatmaq üçün yalnız bu zahirdən keçmək, onu tam şəraiti ilə və bütün əhkamını, dəqiqliklərini və çüziliklərini riayət etmək lazımdır. Buna görə də həzrət İmam Həsən Əsgəri (əleyhissəlam) bir rəvayətdə buyurmuşdur:

"إِنَ‏ الْوُصُولَ‏ إِلَى‏ اللَّهِ‏ عَزَّ وَ جَلَ‏ سَفَرٌ-  لَا يُدْرَكُ إِلَّا بِامْتِطَاء اللَّيْل‏"

Allah- təalaya çatmaq bir səfərdir və həqiqətdə namaz da bu səfərin bir vəsiləsidir.

Bu rəvayətdə belə varid olubdur ki, Allah- təbarək və təalaya yetişmək namazın ən əsas batini və elə Haqq- təalanın və Məbudun camalının şahidi olmaqdır. Nə üçün biz namazlarımızdan yorğunluq hissi edirik? Ona görə ki, namazın batinindən qafilik. Nə üçün bəzi vaxtlarda namazlar  zahiri rənc və incikliyimizə bais olur? Ona görə ki, namazın sirri, batini və həqiqətindən ayrıyıq.

Əgər namazın batini olan Allah- təalaya çatmağa təvəccöh etsək, əgər Məbudun müşahidəsi olan namazın həqiqətinə diqqətlə nəzər salsaq, o zaman insan namaz qılmaqla yorğunluq hissi keçirməz. Bütün yorğunluqların və narahatlıqların səbəbi namazın həqiqətindən uzaq olmaqdır. Bəzi vaxtlarda soruşulur ki, Məsum İmamlar (əleyhimussəlam) bir gecə- gündüzdə min rükət namazı necə qılmışlar, halbuki biz həmin bir neçə rükət gündəlik vacib namazını qılmağa çox çətinlik çəkirik? Cavab bu incəlikdədir: onlar özlərinin bütün zövqü- səfa və ləzzətlərini, bütün həqiqət və varlıqlarını namazda duyurdular, ona görə də heç bir yorğunluq hiss etmirdilər. Bu yüksək mərifət mərtəbələrinə yalnız Məsum imamlar (əleyhimussəlam) deyil, bəzi vaxtlarda imamların səhabələri də yetişib nail olurdular. Bildiyiniz kimi mərhum Kəşşi böyük “rical” alimlərindən biridir, o, “zuhhade səmaniyyə”ni, yəni dünyada zahidlikdə məşhur olan səkkiz nəfəri, o cümlədən, Uvəysi Qərəni, Amir ibn Əbdu Qeys və digərlərini zikr edərkən adını çəkdiyi şəxslərdən biri də Rəbidir. Rəbi ibn Xusəym haqqında belə hekayə nəql edilmişdir ki, “o, gecə yarısının əvvəlindən fəcrin tyluuna qədər rüku halında Allah- təala ilə münacat edərdi.”[2] Bu şəxs Əmirəl- möminin Əlinin (əleyhissəlam) səhabilərindən və o həzrətin tərbiyə etdiklərindən biridir. Elə ki, sübh yetişərdi bir ah çəkib deyərdi: “ah, muxlis (xalis) insanlar bizi keçdilər və Allah- təalaya vüsul yolunda bizi ötüb getdilər, bizlərsə geri qalmışıq.” Bu, Allah- təalanın xalis bəndələrinin ahıdır.
(ardını izləyin)

[1] “Biharul- Ənvar”, Əllamə Muhəmməd Baqir Məclisi, cild 75, səh. 380

[2] “Misbahuş- Şəriət”, Həzrət Sadiqə (əleyhissəlam) mənsub edilir; Əllamə Mustəfəvinin tərcüməsi səh. 62

Etiketlər :

Namaz həqiqətlərə çatmaq yolu