“Ləylətur-rəğayib”- rəcəb ayının ilk cümə axşamı

08 July 2024

11:50

۲,۳۸۸

Xəbərin xülasəsi :
Mübarək rəcəb ayının birinci cümə axşamı “Ləylətur-rəğayib” adlanır. Bu gecə mələklər İlahi rəhməti yer üzünə nazil edirlər. “Ləylətur-rəğayib” bütün İslam aləmində ən əziz gecələrdən sayılır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Mübarək rəcəb ayının birinci cümə axşamı “Ləylətur-rəğayib” adlanır. Bu gecə mələklər İlahi rəhməti yer üzünə nazil edirlər. “Ləylətur-rəğayib” bütün İslam aləmində ən əziz gecələrdən sayılır.

“Rəğayib” kəlməsi “rəğibə” sözünün cəm halıdır və ərəb dilində iki mənada işlənib: yəni həm rəğbət və meyl olunan bir şefy mənasına, həm də çoxlu əta və bəxşiş etmək mənasına gəlib. Birinci mənaya əsasən, “Ləylətur-rəğayib” ifadəsi: ibadət və bəndəliyə çoxlu meyl və təvəccöh olunan gecə mənasına, ikinci mənaya əsasən isə, Allah-taalanın insanlara çoxlu əta və bəxşiş etməsi nəticəsində bəndələrin İlahi dərgaha üz gətirib Allahın əzəməti qarşısında itaət göstərmələri ilə Pərvərdigarın sonsuz bəxşişinə layiq görülmələri mənasını verəcəkdir.

Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurubdur: “Rəcəb ayının ilk cümə axşamından qafil qalmayın. Mələklər bu gecəni “Ləylətur-rəğayib” adlandırır. Bu gecənin əvvəlindən az keçmiş yer üzünün və göylərin mələkləri Kəbəyə və onun ətrafına toplaşarlar.”

“Ləylətur-rəğayib” gecəsi İlahi rəhmətin yer əhlinə əta edilən gecəsidir. Bu gecənin əməllərindən: oruc tutmaq, namaz qılmaq, çoxlu salavat deyib istiğfar etmək, zikr edib dua oxumaq, Quran oxuyub sədəqə vermək, Allahın bəndələrinə ehsan və yaxşılıq edib hacət diləmək və s. qeyd edilmişdir.

“Ləylətur-rəğayib” gecəsinin 12 rükətli xüsusi namazı vardır ki, möminlər bu barədə əlavə məlumat üçün mərhum Şeyx Abbas Quminin “Məfatihul-cinan” kitabına müraciət edə bilərlər.

Əziz mömin bacı-qardaşlara bu əzəmətli gecənin savab əməllərindən faydlanmaları arzusu ilə onlara müvəffəqiyyətlər diləyir və səbirsizliklə intizarını çəkdiyimiz həzrət Sahib əz-Zaman əleyhissəlamın zühuru üçün dua etmələrini unutmamağı xatırladırıq. Allah-taala dualarınızı qəbul etsin, hacətləriniz müstəcab olsun!

Etiketlər :

“Ləylətur-rəğayib”- rəcəb ayının ilk cümə axşamı