«Camiəyi-kəbirə» ziyarətnaməsinin şərhi

29 November 2024

10:23

۱,۵۲۵

Xəbərin xülasəsi :
«Camiəyi-kəbirə» ziyarətnaməsi Məsum imamı tanımaq üçün ən mötəbər dəlil və elmi mənbələrdən biridir. Allahın yer üzündə olan xəlifəsi, öz dövrünün imamı həzrət Əliyyən-Nəqi əleyhissəlam bu ziyarətnaməni imamət və hidayət məktəbinin davamçılarına təlim vermişdir
آخرین رویداد ها


Bismilləhir-Rahmənir-Rahim

«Camiəyi-kəbirə» ziyarətnaməsi Məsum imamı tanımaq üçün ən mötəbər dəlil və elmi mənbələrdən biridir. Allahın yer üzündə olan xəlifəsi, öz dövrünün imamı həzrət Əliyyən-Nəqi əleyhissəlam bu ziyarətnaməni imamət və hidayət məktəbinin davamçılarına təlim vermişdir.

«Camiəyi- kəbirə» ziyarətnaməsi Məsum imamın İlahi məqam və fəzilətini tanımaq yönündə kamil bir elmi əsərdir. Hər kəs bu ziyarətnamənin son dərəcə yüksək məzmunlu ibarələri üzərində fikirləşsə, Məsum imam barəsində yeni bir məna və elm kəsb edəcəkdir. Deməli, bu ziyarətnamə həqiqətdə Əhli-beyt əleyhimussəlamın mənəvi xəzinələrindən sayılır.

Bu ziyarətnamə Qur`ani-məcidin ayələrinə və Üsulı-dinin bürhan və dəlillərindən bir hissəsinə istinad edərək, məsumların mənəvi məqamlarına şamil olur.

Bu ziyarətnamə zəngin ibarələri ilə Məsum imamların yüksək vücudlarını və müqəddəs varlıqlarını vəsf edən, eləcə də kamil ürfan və mərifət üçün zəminə hazırlayan ən mötəbər mənbələrdən biridir.

Bu ziyarətnamədə dərin və geniş maarif vardır. Burada Məsum imamların məqamlarının həqiqəti və onların varlıq aləmində təsiri bəyan edilmişdir. Həyatda hər kəs onların vücudlarının faydasını düzgün düşünsə, biləcəkdir ki, onlar hər bir dərdə dərman və hər bir xəstəliyə şəfadır. Hər kəs məsumların yaranış aləmindəki təsirlərini dərk etsə, dərhal onların ziyarətinə can atacaqdır.

Məsum imamın ziyarəti, ancaq insanın axirəti deyil, həmçinin, dünyasını və yaşayışını da təmin edərək ona məna və şərafət verir.

«Camiəyi-kəbirə» ziyarətnaməsi ümmətin hidayətçisi, həzrət Əli ibn Muhəmməd Hadi əleyhissəlamın bərəkətli vücudundan sel kimi axıb gələn imamətin təsdiqlənmə sənədidir. Bu dəyərli sənəd kamil insanların və seçilmiş xəlifələrin, yəni Məsum imamların kamal və fəzilətlərinin şərhi şəklində olmasına baxmayaraq, dərin tövhid və imamət maarifinə istinad edərək şirk və küfrün əsasını kökündən qoparır. Burada İslamın həqiqəti haqq teşnələrinə olduğu kimi tanıtdırılır.

«Camiəyi- kəbirə» ziyarətnaməsinin məzmunu hər bir insaflı şəxsə bildirir ki, bu yüksək maarif, məsumdan qeyrisinin vasitəsilə deyilə bilməz. Burada bəyan olunan mənaların bütünlüklə Qur`ani-kərimin maarifi ilə uyğunluğu xüsusilə nəzəri cəlb edir. Ziyarətnamənin ilk cümləsi belədir:

"ألسلامُ عليكُم يا أهلَ بيتِ النُّبُوَّة"

«Salam olsun sizə ey Peyğəmbərin Əhli-beyti!»

Müqəddəs Qur`ana müraciət etdikdə görürük ki, ziyarətnamənin ibarəsi Allahın kitabı ilə tam uyğun və müvafiqdir. Belə ki, Qur`an buyurur:

﴿... رَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ...﴾

«Allahın bərəkəti və rəhməti sizə, Əhli-beytə olsun».[1]

Bu əsasla, çəkinmədən deyə bilərik ki, ziyarətnamənin dəqiq məzmunu heç kəsdə onun etibarlığı barəsində şübhə yaratmağa yer qoymur.

İnşaallah, gələn məqalələrdə «Camiəyi- kəbirə» ziyarətnaməsinin şərhini davam etdirəcəyik.

"غفر الله لنا ولكم، والسلام عليكم ورحمة الله وبركاته"

[1] «Hud» surəsi, ayə 73.

Etiketlər :