Həzrət Əmirul-möminin Əlinin (əleyhissəlam) təvəllüdü

08 July 2024

11:49

۱,۵۲۲

Xəbərin xülasəsi :
Rəcəb ayının 13-ü Rasulullahın (sallallahu əleyhi və alih) bərhəqq canişini, həzrəti-Fatimənin (əleyhasalam) həyat yoldaşı, Məsum imamların (əleyhimussəlam) əziz atası müttəqilərin mövlası, müvəhhidlərin imamı, həzrət Əmirul-möminin Əli əleyhissəlamın təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Rəcəb ayının 13-ü Rasulullahın (sallallahu əleyhi və alih) bərhəqq canişini, həzrəti-Fatimənin (əleyhasalam) həyat yoldaşı, Məsum imamların (əleyhimussəlam) əziz atası müttəqilərin mövlası, müvəhhidlərin imamı, həzrət Əmirul-möminin Əli əleyhissəlamın təvəllüd günüdür.

Bu şərafətli və əziz günü ilk öncə həzrət imam Sahib əz-Zaman əleyhissəlama, sonra da bütün Əhli-Beyt sevərlərinə təbrik və gözünüz aydın deyirik.

Həzrət Əlini (əleyhissəlam) onu yaradandan başqa kimsə kamil şəkildə tanıya bilməz. Həzrət Peğyəmbər (sallallahu əleyhi və alih) həzrət Əliyə (əleyhissəlam) buyurur: «Səni Allahdan və məndən başqa kimsə yetərincə tanımadı».

Nəzər əhli üzü bu gün Kə’bəyə,           Pərdədən süzülür Allahın nuru.

Qiblədən sıyrılır qiblənümamız,            Arzular çin olur, könüllər duru.

Tarixçilərin yazdıqlarına görə həzrət Əli (əleyhissəlam) otuzuncu Fil ilində, rəcəb ayının on üçü, cümə günü Kə’bənin daxilində görünməmiş bir şəkildə dünyaya göz açmışdır. Təhqiqatçı alim höccətül-İslam Nəyyir deyir:

Ey Kə’bə evində göz açan insan,          Gövhərsən, cisminin sədəfi Məkkə.

Kə’bədə mövludun heyrət doğurdu,      Haqqın evi saldı üstünə kölgə.

Fatimə qucağında Əmirəl-mö’minin (əleyhissəlam) bayıra çıxdı və dedi: «Mən keçmişdəki bütün qadınlardan üstünəm. Çünki xanım Asiya, Allaha elə bir yerdə gizlin pərəstiş edirdi ki, həmin yerdə yalnız çarəsizlikdən pərəstiş edilməsi mümkün idi. İmran qızı Məryəmi beytül-müqəddəsdə doğuş sancısı tutduqda ona nida edilir ki, bayıra çıxsın, ibadətgahda doğuş olmaz. Mən isə Allahın evinə daxil oldum, behişt meyvələrindən yedim, bayıra çıxmaq istədikdə nida gəldi ki, ey Fatimə, onun adını «Əli» qoy. Nida gəldi ki, Əliyyul-ə’la Allah-taala buyurur: «Mən ona öz adımdan götürdüyüm ad qoydum, onu öz ədəbimlə tərbiyə etdim, ona gizli elmlərimdən agahlıq verdim; odur mənim evimdə bütləri sındıran, odur evimin damında azan deyən, məni pak bilən; xoş o kəsin halına ki, onunla dost olar, ona itaət edər; vay o kəsin halına ki, onunla düşmənlik edər və ona müxalif olar».

Həzrət Əlinin (əleyhissəlam) Kə’bədə dünyaya göz açmaqla qazandığı iftixar nə keçmişdə kimsəyə nəsib olub, nə də gələcəkdə birisinə nəsib olasıdır. Həzrətin Kə’bədə dünyaya göz açması sünnə əhlinin də e’tiraf etdiyi bir həqiqətdir. Necə ki, ibn Səbbağ Maliki, «Füsulul-Mühimmə» kitabında deyir: «Həzrət Əlidən (əleyhissəlam) qabaq kimsə Kə’bə evində dünyaya göz açmamışdı. Bu fəziləti Allah-təala yalnız Əliyə (əleyhissəlam) aid etmiş və bununla da xalqa onun uca məqamını göstərmişdir».

Dəyərli «Biharul-ənvar» kitabının 9-cu cildində Həzrətə ad qoyulması barədə yazılmışdır: «Əbu-Talib körpəni anasından aldı, öz sinəsinə sıxdı. Fatimənin əlindən tutub Əbtəhə (Məkkə və Mina arasındakı yer) gəldi. Allah dərgahına üz tutaraq belə münacat etdi:

Ey qaranlıq gecənin, parlaq ayın sahibi,

Öz hökmünü bəyan et, adlandır bu naibi.

Onlara cavab olaraq qeybdən nida gəldi:

Pak övladınızı çağırın «Əli»,

Allah adındandır onun təməli.

Həzrət Əlinin Kə’bədə dünyaya gəlməsi Bəni-Haşim üçün böyük iftixar oldu. Ərəb və əcəm şairləri bu barədə xeyli şe’r yazmışlar. Seyyid Himrinin bu mövzuda yazılmış bir neçə misrasını xatırlayaq:

Anası müqəddəs Kə’bə evində        Gətirdi dünyaya oğlu Əlini.

Libası pakizə, özü pakizə,               Mövlud üçün seçdi eşq məhəllini.

Kitab: “Əli kimdir?”, Fəzlullah Kompani, səh. 6.

Burada, həzrəti-Əli əleyhissəlamdan hikmətli kəlamlarından, təbərrük olaraq xidmətinizə təqdim edirik:

وَ إِنَّمَا سُمِّيَتِ‏ الشُّبْهَةُ شُبْهَةً لِأَنَّهَا تُشْبِهُ الْحَقَّ فَأَمَّا أَوْلِيَاءُ اللَّهِ فَضِيَاؤُهُمْ فِيهَا الْيَقِينُ وَ دَلِيلُهُمْ سَمْتُ الْهُدَى وَ أَمَّا أَعْدَاءُ اللَّهِ فَدُعَاؤُهُمْ فِيهَا الضَّلَالُ وَ دَلِيلُهُمُ الْعَمَى فَمَا يَنْجُو مِنَ الْمَوْتِ مَنْ خَافَهُ وَ لَا يُعْطَى الْبَقَاءَ مَنْ أَحَبَّه‏.

Şübhə haqqa bənzər və oxşar olduğu üçün şübhə adlandırılmışdır. (Hər adam haqla batili bir-birindən ayıra bilməz. Şübhəli işlərdə (Allaha və Peyğəmbərə olan) iman və etiqad, Allah dostlarına yol göstərən işıq və yolları hidayət və nicat yoludur. (Bu yolla öz ardıcıllarını şübhələrin qaranlığından xilas edərək haqqı onlara aşkar edərlər.) Amma Allahın düşmənləri, o şübhələrdə azğınlığa dəvət edər və bələdçilikləri isə korluq və sərgərdanlıq olar. (Bu səbəbdən də öz yolçularını dünyada bədbəxt, axirətdə isə ilahi əzaba düçar edərlər.) Deməli, (Allah dostlarının ardıcılları ölümdən və öldürülməkdən qorxmur. Çünki) qorxan üçün hər halda ondan nicat və qurtuluş yoxdur. Diri qalmaq istəyən də, həmişə diri qalmayacaqdır.

Nəhcul-Bəlağə, 38-ci xütbə.

Ümid edirik Əhli-Beyt (əleyhimussəlam) məktəbinin bütün davamçıları Əmirul- möminin həzrət Əlinin (əleyhissəlam) tövsiyə və təlimlərinə daha artıq diqqət yetirməklə nicat və səadət yolunu seçmiş olsunlar!

Etiketlər :