Həzrət İmam Həsən Əskərinin (əleyhissəlam) şəhadəti

29 November 2024

02:00

۱,۵۷۱

Xəbərin xülasəsi :
Hicri qəməri rəbiul-əvvəl ayının 8-i həzrət imam Həsən Əskəri əleyhissəlamın şəhadət günüdür. Bu əzəmətli matəm gününü əsrin imamı həzrət Sahib əz-zaman əleyhissəlama təsliyət və başsağlığı deyirik. Həmçinin, bütün mömin bacı-qardaşlara bu əza günündə - Əhli-Beyt əleyhimussəlama münasib yas və matəm məclislərini təşkil etmələrini və layiqli əzadarlıq diləyirik.
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri qəməri rəbiul-əvvəl ayının 8-i həzrət imam Həsən Əskəri əleyhissəlamın şəhadət günüdür. Bu əzəmətli matəm gününü əsrin imamı həzrət Sahib əz-zaman əleyhissəlama təsliyət və başsağlığı deyirik. Həmçinin, bütün mömin bacı-qardaşlara bu əza günündə - Əhli-Beyt əleyhimussəlama münasib yas və matəm məclislərini təşkil etmələrini və layiqli əzadarlıq diləyirik.

Həzrət imam Həsən Əskəri əleyhissəlamın həyatına qısa baxış:

Şiələrin on birinci İmamı Həzrət Həsən Əskəri (əleyhissəlam) hicrətin iki yüz otuz ikinci ilində anadan olmuşdur.[1] Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (əleyhissəlam) anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur.[2]  

Bəzi tarixçilər onun adını Süsən qeyd etmişlər.[3] Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi.[4] 

İmam Həsən Əskəri (əleyhissəlam) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı.[5] O Həzrətin digər məşhur ləqəblərindən biri Nəqi başqa birisi Zəki[6] künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə atasının qəbrinin yanında dəfn olunmuşdur.[7]

İmam Həsən Əskəri əleyhissəlamın Abbasi hökuməti tərəfindən öldürülməsinin nişanələrindən biri Xəlifə Mötəmidin o Həzrətin zəhərləndiyi günlərdə İmamın ölümünü adi və təbii bir ölüm kimi qələmə verməsi üçün etdiyi səylərdir.

Sünni məzhəbinin görkəmli alimlərindən biri olan ibn Səbbaq Maliki, Abbasilər sarayında işləyən Übeydullah ibn Xaqanın dilindən yazır: “... İmam Həsən Əskəri (əleyhissəlam) vəfat edərkən Abbasi xəlifəsi heyrətamiz bir halda idi. Biz onun bu halından təəccübləndik (onun xəlifə olduğundan) belə bir hala düşməsini heç fikrimizə belə gətirməzdik. İmam Həsən Əskəri (əleyhissəlam) zəhərlənərkən xəlifə hamılıqla saray alimlərindən olan beş yaxın dostunu onun evinə göndərir. Xəlifə onlara tapşırır ki, İmam Əskəri əleyhissəlamın evində qalıb baş verən bütün hadisələri ona xəbər versinlər. Eyni zamanda o bir neçə nəfəri o Həzrətə xidmət etmək üçün onun evinə göndərir.

Həmçinin, xəlifə Qazi ibn Bəxtiyara tapşırır ki, etibar etdiyi şəxslərdən on nəfərini seçib gecə-gündüz İmam Əskəri əleyhissəlamın halına nəzarət etmək üçün onun evinə göndərsin. İki-üç gündən sonra xəlifəyə xəbər verilir ki, İmam Əskəri əleyhissəlamın halı çox ağırdır və çətin ki, yaxşılaşsın. Xəlifə onlara tapşırır ki, o Həzrətin evinə daha da ciddi nəzarət edilsin. Onlar da xəlifənin dediyinə əsasən, İmam Həsən Əskəri (əleyhissəlam) vəfat edənə qədər o Həzrətin evinə nəzarəti daha da artırdılar. İmam Həsən Əskəri əleyhissəlamın şəhadət xəbəri Samirraya yayıldıqda, şəhərdə ah-nalə şivən səsi ucalmağa başlayır və bütün dükan-bazar bağlanır.

Bəni-Haşim divan işçiləri ordu başçıları, şəhər qazıları, şairlər – vəkil və şahidlər, adi camaat, hamı o Həzrətin dəfn mərasiminə getdilər. Sanki həmin gün Samirrada qiyamət qopmuşdu. İmam Həsən Əskəri əleyhissəlamın cənazəsi dəfn üçün hazır olduqda xəlifə öz qardaşı İsa ibn Mütəvəkkili o Həzrətin meyyit namazını qılmağa göndərir. Cənazə, namaz qılmaq üçün yerə qoyulduqda, İsa irəli gedib o Həzrətin üzündən kəfəni kənara çəkir və onu Ələvilərə, Abbasilərə, qazılara yazıçı və şahidlərə göstərərək deyir: “Bu İmam Həsən Əskəri əleyhissəlamdır. O təbii ölüm nəticəsində vəfat etmişdir. Xəlifənin filan-filan xadimləri də buna şahiddir.” Sonra cənazənin üzünü örtüb ona namaz qılır və dəfn edilməsini əmr edir...”[8]

Əlbəttə, qeyd etmək lazımdır ki, xəlifənin qardaşının İmam Həsən Əskəri əleyhissəlamın cənazəsinə meyyit namazı qılması simvolik bir məna kəsb edirdi və hökumət İmamın şəhadətinin səs-küyünün qarşısını almaq üçün bu addımı atırdı. Əslində isə şiə alimlərinin dediyinə görə İmam Məhdi (əleyhissəlam) özü o Həzrətin cənazəsinə xüsusi meyyit namazı qılmışdır.[9]


Mənbələr:

[1] Usuli-kafi, 1/503

[2] Əl-İrşad, səh. 335

[3] Usuli-kafi, 1/503

[4] Əl-Ənvarul-bəhiyyə, səh. 151

[5] İləluş-şəraye, 1/230

[6] Dəlailul-imamət, səh. 223

[7] Əl-İrşad, səh. 345

[8] Dəlailul-imamət, səh. 223

[9] Əl-fusulul-muhimmə, 307-308

İltimas dua


Etiketlər :

Həzrət İmam Həsən Əskərinin (əleyhissəlam) şəhadəti