Sualınızı soruşun

24 November 2024 Saat 10:07

Salamun aleykum Mən son zamanlar ölüm haqda çox fikirləşirəm və tez-tez yuxudan da diksinib atılıram, lütfən bu qorxudan necə yaxa qurtarmaq yolunu mənə göstərərdiz

پاسخ :


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab: Sizin sualınıza cavab verməzdən öncə gərək ölümdən qorxma amillərinə işarə edək; Əsasən, nə üçün insan ölümdən qorxmalıdır?

İnsanın ölümdən qorxmasında müxtəlif amillər təsirlidir, əgər bu amilləri özündən uzaqlaşdırsa, ölüm qorxusu da ondan uzaq olacaqdır.

1-Ölümü fəna və puçluq kimi bilmək. Axirət dünyasına etiqadı olmayan şəxs və ölümü mütləq yoxluq və heçlik tanıyan insan ölümdən qorxur.

2-Günahlar. Yaxşı əməlləri az olan və günahları çox olan insan ölümdən qorxur, çünki ölüm onun üçün əməllərinin hesab kitabının başlanğıcı və əzab-əziyyətlə üzləşməsi olacaqdır.

3-Dünyaya və dünya malına çox əlaqəli olmaq, halal və haram yollarla mal-dövlət qazanmaq, dünyanı abadlaşdırıb, axirəti xarab etmək. Zahirdə abadlaşdırdığı dünyadan köçüb xarab etdiyi axirət və qəbir evinə getdiyini təsəvvürə gətirdikdə, ölümündən qorxur.

4-Axirət dünyasını tanımamaq və onun barəsində məlumatsız olmaq. Tanınmaz bir aləmə getmək insanda qorxu yaradır və öz gələcəyi barəsində nigəran olmağa başlayır.

Bu amillərin məcmusu birlikdə insanda ölüm qorxusu yaradır...

Amma ölümdən sonra daha geniş bir aləmin olmasına etiqadlı olan şəxs, o dünyada insanın əməllərini hesab kitab etməyi dərk edən şəxs, bu dünyada öz əməllərindən muğayat olur, vacibi hökmlərə əməl edib yerinə yetirir, haram işlərdən uzaq olur, etdiyi günahlardan da tövbə edir, camaata zülm etməkdən saqınır, başqalarının mal-dövlətinə toxunmaqdan çəkinir və özünü ölümə hazırlayır, belə insanda ölüm qorxusu da az olur. Hərçənd, təbii olaraq əksər insanlarda ölüm qorxusu vardır, amma bu miqdar qorxu səbəbinə əgər insan günah və haram işlərdən uzaqlaşarsa, belə qorxunun olması heç də pis deyil, əksinə yaxşıdır.

Deməli, siz Allaha təvəkkül edin və bunu bilin ki, Allahın izni olmadan, hətta ağacın yarpağı belə yerə düşməz. Öz əməllərinizi islah edib düzəldin, Allah ilə rabitənizi artırın və möhkəmlədin, bu halda ölüm qorxunuz da azalacaqdır.

Allahı zikr edib Onunla ünsiyyət yaratmaq insanda rahatlıq yaradır və aram tapır, Allah-taala ilə düzgün rabitənin bərqərar olması insanın dünya və axirətinin islah olunmasına səbəbdir.

Allah sizə tövfiq versin, iltimas dua!


کلمات کلیدی :


۲,۵۳۱