Camiəyi-Kəbirə ziyarətnaməsinin şərhi

27 November 2024

11:58

۲,۰۴۴

Xəbərin xülasəsi :
İnamla deyə bilərik ki, sevimli Allaha ən yaxın olan şəxs, həbibi Rəsulullah (səlləllahu əleyhi və alih) və həzrət Peyğəmbərə ən yaxın olan şəxs də, Peyğəmbərin təyin etdiyi canişinlər və məsum imamlardır (əleyhimussəlam)
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ünsiyyət və məhəbbət, mərifətlə yanaşı müyəssər olur. Mərifət nə qədər yüksək olarsa, ülfət və ünsiyyət də bir o qədər möhkəmlənər. Həzrət imam Sadiq əleyhissəlam Əbil Xəttaba yazdığı bir məktubunda buyurur:

"وَ كَيْفَ يُطاعُ مَنْ لا يُعْرَفُ وَ كَيْفَ يُعْرَفُ مَنْ لا يُطاعُ"

«Tanınmayan şəxsə necə itaət edilər və itaət olunmayan şəxs necə tanına bilər?»[1]

Yəni Allah-taalaya mərifət olmadan Ona itaət də layiqincə ola bilməz. Necə ki, əgər Ona itaət də edilməzsə, şübhəsiz onun barəsində mərifət də mümkün olmayacaqdır.

Ona görə həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əhli-beyt əleyhimussəlamla ülfət və ünsiyyət yaratmaq üçün, gərək onların Allah yanında olan məqam və fəzilətləri ilə düzgün tanış olaq. Eyni zamanda onlar barəsində mərifət də dərk etmək üçün, şübhəsiz Əhli-beytlə mənəvi üns saxlamalı və həyatımızda onların hüzurunu hiss etməliyik.

Bu baxımdan, hər bir müsəlman şəxsin həyatında məsumların ziyarətinin zəruriliyi daha çox aşkar olur. Əhli-beytin ziyarəti onlarla mənəvi üns yaratmağın əsasıdır. Məsumların ziyarəti onların cəmiyyətdə hüzurunun rəmzidir. Ziyarət insanın həyatına ruh verən, bahar nəsimidir.

Mərhum Əllamə Məclisi yazır ki, həzrət Peyğəmbərə və onun pak Əhli-beytinə ehtiram və məhəbbət bəsləmək onların diriliyində olduğu kimi, vəfat etdiklərindən sonra da lazımdır. Bir sıra hədislərdə deyilir ki, onlar dünyanı dəyişdikdən sonra da insanların əhvalından və vəziyyətindən xəbərdardılar. Həm sağlıqlarında, həm də əbədiyyətə qovuşduqda onlara ehtiram və hörmət saxlanmalıdır.

Ona görə onların müqəddəs və nurlu məzarları ziyarət edilərkən ədəb qaydaları tam riayət edilməlidir. O cümlədən, ziyarət etdikdən sonra qəbrlərinə arxa çevirməmək, ziyarətgahda ədəbli davranmaq, ucadan danışmamaq, şəriət çərçivəsində onlara itaət etmək, adlarını dedikdə salavat göndərmək, hədislərinə qiymət vermək, pak övladlarına və hədislərini nəql edib şəriəti qoruyanlara böyük ehtiram göstərmək, bir sözlə onlara mənsub olan hər bir şeyə hörmətlə yanaşmaq onların özünə hörmət etməkdir. Eləcə də onları əzəmətlə xatırlamaq Allaha təzim etməkdir.[2]

Həmçinin, Rəsuli əkrəm (səlləllahu əleyhi və alih) istər dirilikdə, istərsə də vəfat etdikdən sonra, hər iki halda ziyarətin şəfaət üçün zəminə olmasını bildirərək açıq-aşkar buyurur:

"مَنْ زارَني بَعْدَ وَفاتي كانَ كَمَنْ زارَني في حَياتي وَ كُنْتُ لَهُ شَهِيداً وَ شافِعاً يَوْمَ اْلقِيامَةِ"

«Hər kəs məni vəfatımdan sonra ziyarət etsə, məni həyatımda ziyarət edən kimidir. Habelə Qiyamət günü mən o şəxsin ziyarətini təsdiqləyən və ona şəfaətçiyəm».[3]

İnamla deyə bilərik ki, sevimli Allaha ən yaxın olan şəxs, həbibi Rəsulullah (səlləllahu əleyhi və alih) və həzrət Peyğəmbərə ən yaxın olan şəxs də, Peyğəmbərin təyin etdiyi canişinlər və məsum imamlardır.

Onlar insanları Allaha tərəf yol göstərən ən mötəbər dəlillərdir. Onlar Allahla ünsiyyət və rabitə vasitəsi olan İlahi hüccətlərdir.

Hədisdə deyilir ki, bir şəxs həzrət Əli əleyhissəlamdan: «Zəlalətin ən birinci nişanəsi nədir?»– deyə soruşduqda həzrət buyurdu:

"أَدْنَي ما يَكُونُ بِهِ العَبْدُ ضَالأًّ أَنْ لاَ يَعْرِفَ حُجَّةَ اللهِ تَباركَ و تَعاليَ وَ شَاهِدَهُ عَليَ عِبادِهِ الَّذِي أَمَرَ اللهُ عَزَّ وَ جَلَّ بِطاعَتِهِ وَ فَرَضَ وِلايَتَهَ."

«Zəlalət və azğınlığa səbəb olan ən başlıca məsələ, Allah-taalanın insanlar üçün təyin etdiyi hüccəti, bəndələrinin əməllərinə şahid olan və Allahın, itaətini vacib buyurduğu İmamı tanımamaqdır».

O şəxs yenidən dedi: «Ya Əmirəl-möminin! Allah hüccətlərini mənə tanıtdır».

həzrət buyurdu:

"الَّذينَ قَرَنَهُم اللهُ عَزَّ وَ جَلَّ بِنَفْسِهِ وَ نَبِيِّهِ، فَقالَ: ﴿يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ﴾

«Onlar, əziz və əzəmətli Allahın, Özünə və Peyğəmbərinə yaxınlaşdırdığı şəxslərdir. Allah onlar barəsində buyurur: Ey iman gətirən şəxslər! Allaha, Onun Rəsuluna və öz əmr sahiblərinizə itaət edin[4]».

O şəxs bir də sual etdi: «Ya Əmirəl-möminin! Canım sənə fəda olsun, onları daha artıq vəsf et».

[1] «Biharul ənvar», cild 24, səh. 299.

[2] «Muntəhal amal», cild 1, səh. 194.

[3] «Kamiluz-ziyarat», 2-ci fəsil, səh. 45, hədis 12.

[4] «Nisa» surəsi, ayə 59.

(ardını izləyin)


 
Etiketlər :

Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi