Həzrət Fatimeyi-Zəhranın (əleyhasalam) şəhadəti
28 November 2024
23:35
۱,۳۶۷
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismillahir-Rəhmanir-Rəhim
ANALAR ANASI
Ana sözü insana özünəməxsus doğmalığı və müqəddəsliyi xatırladır. Bu sözün doğmalıq şüası, birləşdiyi sözü də işıqlandıraraq doğmalaşdırır, müqəddəsləşdirir. Misal üçün, ana vətən, ana dili, əslində doğma vətən, doğma dil anlamına gəlir. Demək, dili, vətəni doğmalaşdıran da ana anlayışıdır. Bu söz hərfi mənaca canlıların əsası kimi də izah edilir və ana sözü, “əsas” mənasında da işlənir. Məsələn, ana xətt, ana yasa, ana yol, ana səhifə “əsas” mənasını ifadə edir.
Təbii ki yaradılış aləmində bütün varlıqlar öz əsasına, kökünə tabedir. Hər bir mövcud öz binasına, bünövrəsinə və dayağına söykənir. Dağların, meşələrin, çayların, dəryaların, əgər kökü və rişəsi olmasa, məhv olub aradan gedər. Ağacın budağı öz kökü ilə qidalanır, nəfəs alır, yaşayır. Budağın kökü ilə əlaqəsi kəsildiyi zaman isə, qurumağa, çürüməyə məhkumdur. Ananın rolu təkcə bioloji qanunlarla məhdudlaşmır. Ana hətta öz balasını dünyaya gətirdikdən sonra da, onun təlim-tərbiyəsini öz öhdəsinə götürür, öz xasiyyətini ona ötürür və balanın şəxsiyyətini formalaşdırır. Odur ki, deyiblər: “Anasına bax, qızını al!” Lakin bəzi canlılar balasının zəif, ehtiyaclı müddəti bitdikdən sonra onunla yadlaşır, artıq onu təbiətin öhdəsinə buraxır. Bir çox heyvanlar, misal üçün, atlar belədir. Toyuqlar da öz cücələrinə təkcə cücəykən xüsusi qayğı, təəssübkeşlik göstərir. Heç, böyüyərək toyuq olan dünənin cücələri də artıq analarına ehtiyac hiss etmirlər. İnsan isə...
İnsan isə belə deyil. İnsan aləmin misilsiz məxluqu, yaradılış qəzəlinin şah beytidir. İnsanlarda ana ilə övlad arasında sarsılmaz bir bağlılıq mövcuddur. Bəlkə də bu, insanın həmişə anaya ehtiyaclı olması səbəbindəndir. Cismi ehtiyacdan daha artıq, ruhi-mənəvi ehtiyac. Axı səmavi dinlərin təlimlərinə, filosofların arqumentlərinə və şühudi təcrübələrə əsasən insan təkcə cisimdən ibarət deyil. Əslində insanın şəxsiyyəti onun ilahi ruha sahib olmasındadır. Demək, ruhumuzun da ruhani anaya ehtiyacı var. Bu ehtiyac isə belə bir ananın varlığından xəbər verir. Çünki ehtiyacı verib, tələbatı verməmək ilahi hikmətə xas deyil. Bioloji ananı isə həmin müqəddəs ananın şüası hesab etmək olar.
Azərbaycan cəmiyyətində çox xoşladığım bir ifadə var; “analar anası”. Bu ifadəni xanımlar xanımı Fatimeyi-Zəhraya (əleyha salam) aid edirlər. Eyni ibarəni dini qaynaqlarda görməsəm də, lakin ibarənin məzmunu Əhli-beytin (əleyhimussəlam) Xanım Zəhraya olan baxışından qaynaqlanır. Məşhur nəqlə əsasən, şəhid olarkən 18 yaşında olub bu xanım. 18 yaşındaykən dünyanın bütün analarına analıq etmək sözsüz ki, bioloji deyil, ruhani cəhətdən ola bilər. Ana dedikdə doğmalıq, müqəddəslik və canlının onsuz yaşaya bilmədiyi kökü və əsası nəzərdə tutulursa, “analar anası” artıq bu dəyərlərin əsil mənbəyi deməkdir. Doğmalığın, mədəniyyətin, mənəviyyatın, ilahi bəndəliyin kökü sayılan bir mənbə. Elə bir mənbə ki, təkcə adi insanların deyil, Peyğəmbərin vəsiyyi-canişininə arxa və on bir məsum imama analıq etmək şərəfinə nail olub. Demək, Həsənin helmi, Hüseynin şücaəti, Səccadın ibadəti, Baqirin mirası, Cəfərin əsərləri, Kazimin elmi, Rzanın hüccətləri, Təqinin ehsanları, Nəqinin paklığı, Əskərinin heybəti və ilahi qeybət, hamılıqla bu bulaqdan qaynaqlanır, bu nurdan xaric olacaqlar (Allahın salamı onlara olsun).
Əslində, Fatiməi-Zəhra (əleyhasalam) Əhli-beyt (əleyhimussəlam) məktəbinin anasıdır. Odur ki, İmam Həsən Əskəri (əleyhissəlam) buyurur: “Biz imamlar, Allahın insanlar üzərində hüccəti olduğumuz kimi, anamız Zəhra (əleyhasalam) da Allahın bizim üzərimizdə olan hüccətidir.
Burada Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) həzrət Fatimə (əleyhasalam) haqda işlətdiyi ifadə yadıma düşür: “Atasının anası”. Yuxarıda toxunduğumuz baxış bucağından baxdıqda, Həzrətin bu sözünü belə izah etmək olar ki, Peyğəmbərin gəlişinin başlıca məqsədi, Allahın dinini bəşəriyyətə çatdırmaq, onu izah etmək və dini təlimlər vasitəsilə qiyamətə kimi insanların dünya və axirət səadətini təmin etməkdir. Bu din yaşamadığı surətdə, Peyğəmbərin gəlişi də mənasız olur, Allahın Peyğəmbər göndərməsi də hikmətsiz olur. Necə deyərlər, “nəqzi qərəz” yaranır. Peyğəmbərin varlığı dinin ölməzliyindən asılı olduğu halda, təbii ki, dinin əbədiliyinə zəmanət verən amillə də sıx bağlıdır. Bu isə Qədir-Xum günü Allah elçisi vasitəsilə elan edilən vilayət amilidir. Demək, vilayət nübüvvəti qoruyur, Xanım Zəhra (əleyhasalam) isə anadır: həm nübüvvətə və həm də vilayətə analıq edir, onu qoruyur. Öz xütbələri ilə, zülmə etirazı ilə, hətta hələ qucağına almadığı körpəni qurban verməklə və nəhayət öz pak qanı ilə. Odur ki, hədisi-Qudsidə buyurur: “Ya Əhməd! Sən olmasaydın, yeri-göyü, Əli olmasaydı, səni və Fatimə olmasaydı, sizin ikinizi yaratmazdım”. Burada söhbət məqam üstünlüyündən getmir, yəni Fatimə vilayəti və nübüvvəti qorumasaydı, artıq sizin yaradılışınız mənasız olardı. Çünki sizi yaratmaqda məqsəd bəşəriyyəti kamala yetirməkdir. Bu isə sizə verdiyimiz dini təlimlərlə həyata keçir. Bu maarifçiliyin keşiyində isə Fatimə (əleyhasalam) dayanır.
Fatimə (əleyhasalam) atasının anası olduğu halda bizim də anamızdır. Çünki Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur: “Mən və Əli bu ümmətin atalarıyıq”. Demək, Fatimə (əleyhasalam) də anamız sayılır. Ana isə öz doğmalığı, müqəddəsliyi ilə yanaşı onunla əlaqəli olanları da öz nuru ilə işıqlandıraraq doğmalaşdırır, müqəddəsləşdirir. Beləliklə, ana adına qurulan məclislər də doğmadır, nuranidir və bərəkət mənbəyidir. Dini təlimlərimizdə gəlmiş, anaya hörmət, ananın duasının və qarğışının keçərli olması, Allahın sözü ilə təzadda olmadığı halda anaya tabeçilik və s. kimi ana anlayışı bu hədisə əsasən, ilk növbədə ruhumuzun anası Fatimeyi-Zəhraya (əleyhasalam) məxsusdur. Çünki Quran-Kərimin ayələrinə görə, Qiyamət günü insan, hətta öz anasından belə qaçacaq, analar da öz balasından, hərə öz hayında olacaq...
Bu tərzi-təfəkkür insanın öz biloloji anasına laqeydliyini aşılamır, əksinə bulağın qaynağına baxmaqla ona olan məhəbbəti daha da ülviləşdirir, saflaşdırır və məsuliyyəti artırır. Dini hökmlər pərdəsi altında əsassız mövhumatçı dəlillərə istinadən öz müsəlman ata-anasını kafir bilmək və hətta öldürmək qədər vəhşilik isə, yalnız Xanım Zəhranın (əleyhasalam) analıq məktəbindən son dərəcə uzaq düşmüş İŞİD kimi manqurtlaşmış azğın bir dəstənin əlindən gələ bilər.
Fatimiyyə günləri artıq yetişib. Xanım Zəhra (əleyhasalam) təkbaşına mübarizənin qəhrəmanıdır. Vilayət, ismət, namaz, elm və mədəniyyət, sağlam islami ailə tərzi, haqq-ədalət və bütövlükdə dinin maraqları uğrunda apardığı mübarizənin qəhrəmanı. Başqa sözlə Əyyami-Fatimiyyə tamamilə dini çəkib irəliyə aparma qabiliyyətinə malikdir. Çünki biz həzrət Zəhraya (əleyhasalam) yalnız emosional duyğularla olan ana gözü ilə deyil, həm də mədəniyyətimizin kökü, əsası kimi baxmalıyıq.
Sonda, bəndeyi-həqir inanclı qardaş və bacılarımızın, öz anaları adına qurulmuş məclislərdə etdiyi dualarına möhtaclığını bildirir və Fatimiyyə günlərində analar anasından ilham alaraq Xanımın yadigarı sayılan hicab atributunu yaşatdıran, eləcə də dinin digər vacibatlarını icra edən möminləri də dua etməyə borclu olduğumuzu xatırladır.
Təbii ki, ən üstün duamız Mövlamızın zühurunun təcili və tezləşməsidir.
Əllahummə əccil livəliyyikəl-fərəc.
A. Əhmədov (cüzi dəyişiklik və əlavələrlə)
İltimasi dua!