Əmirəl-möminin Əli əleyhissəlamın təvəllüd günü

28 November 2024

21:07

۱,۳۳۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 1438-ci il rəcəb ayının 13-ü, miladi 2017-ci il aprelin 11-i möminlərin birinci imamı, Xatəmi-ənbiya Rəsulullahdan (sallallahu əleyhi və alih) sonra bilavasitə Allahın xəlifəsi, eləcə də Peyğəmbərin qardaşı, əmisi oğlu, vəziri və kürəkəni, övsiyanın (vəsilərin) seyyidi, Əmirəl-möminin Əli ibn Əbu Talib əleyhissəlamın Beytullahul-Haramda Kəbəi-muəzzəmənin daxilində dünyaya gəlişi günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1438-ci il rəcəb ayının 13-ü, miladi 2017-ci il aprelin 11-i möminlərin birinci imamı, Xatəmi-ənbiya Rəsulullahdan (sallallahu əleyhi və alih) sonra bilavasitə Allahın xəlifəsi, eləcə də Peyğəmbərin qardaşı, əmisi oğlu, vəziri və kürəkəni, övsiyanın (vəsilərin) seyyidi, Əmirəl-möminin Əli ibn Əbu Talib əleyhissəlamın Beytullahul-Haramda Kəbəi-muəzzəmənin daxilində dünyaya gəlişi günüdür.[1]

Əli ibn Əbi Talibin Allahın kirabında 300 adı vardır.[2] O Həzrətin ən məşhur ləqəblərindən Əmirəl-möminindir, İbn Şəhri Aşub 850 ləqəbdən çox o Həzrət üçün ləqəb zikr etmişdir.[3] Hicr Eyndir, Müqəddəs Qurani-Kərimdə Əlidir.[4]

O Həzrətin ən məşhur kunyəsi Əbul-Həsəndir (əleyhissəlam). Bundan əlavə müxtəlif dillərdə olan bir sıra səmavi kitablarda Həzrətin çoxlu ləqəbləri qeyd edilmişdir. O Həzrətin səma əhlinin yanında adı Şəmsatildir, yer üzündə Cəmhaildir, Lövhdə Qənsum, Qələmdə Mənsur, Ərşdə Muin, Rizvan yanında Əmindir, Hurul-eynin yanında əsəbdir, İbrahim əleyhissəlamın Suhufunda, Hizbildir. İbrani dilində Bilqiyatis, Siryani dilində Şəruhildir, Tövratda İliya, Zəburda Ərya, İncildə Bərya, Suhufda Şərafətli adı Əlidir (əleyhissəlam).

Əl-ənvar kitabının müəllifi yazır:

Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kəbə evində dünyaya göz açmışdır.[5] Atası Əbutalib, anası Əsədin qızı Fatimə olmuşdur.

Həzrət Əli (əleyhissəlam) doğulanda Peyğəmbərin (səlləllahu əleyhi və alih) artıq otuz yaşı var idi və o peyğəmbərliyə qırx yaşında olarkən yetişmişdir. Deməli, Həzrət Muhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilərkən Əli əleyhissəlamın cəmi on yaşı var idi.

Əli (əleyhissəlam) ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Həzrət  Muhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərin evində və onun təlim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar:

«Bir il Məkkədə aclıq üz vermişdi. Bu zaman peyğəmbərin əmisi Əbutalib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Həzrət  Peyğəmbər (səlləllahu əleyhi və alih) Bəni–Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki Əbutalibin dolanışığına kömək etmək məqsədilə gedib hərəmiz onun bir uşağını götürüb öz evimizdə saxlayaq. Abbas Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cəfəri Peyğəmbər (səlləllahu əleyhi və alih) isə Əli əleyhissəlamı öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli (əleyhissəlam) Həzrət Muhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilənədək onun evində qaldı. Peyğəmbər (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli (əleyhissəlam) onun peyğəmbərliyini təsdiq edib onun ardıcılı oldu.[6

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamı öz öhdəsinə götürərkən buyurmuşdur: «O kəsi seçdim ki Allah –taala da onu mənim üçün seçmişdir.[7]

Həzrət Əli (əleyhissəlam) öz xəlifəlik dövründə «Qasiə» xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: «Siz (peyğəmbərlərin səhabələri) mənim peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) məni öz qucağına alıb bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun ətrini hiss edərdim. O mənə yemək yedizdirərdi.

Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki ona riayət edim.»[8]

Həzrət Muhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını Hira mağarasında keçirərdi. (Hira Məkkənin Şimal səmtində bir dağdır. Həmin dağın başında bir mağara var. Mağaranı dağın adı ilə əlaqədar olaraq Hira mağarası adlandırmışlar.) Bu bir ay ərzində ibadətlə məşğul olardı. Əgər bir nəfər ac onun yanına getsəydi ona yemək verərdi. Bir ay başa çatdıqdan sonra əvvəl gəlib Kəbəni yeddi dəfə, ya da müəyyən bir miqdarda təvaf edib sonra evə qayıdardı.[9]

Tarixi faktlardan məlum olur ki, Həzrət  Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli əleyhissəlama olan xüsusi əlaqəsinə görə onu da özü ilə Hira mağarasına aparardı.

Vəhy mələyi (Cəbrail) ilk dəfə Hira mağarasına gəlib Həzrət Muhəmmədin (səlləllahu əleyhi və alih) Allah-taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, Həzrət Əli (əleyhissəlam) da onun yanında idi. O gün, Peyğəmbərin Hira mağarasına ibadətə gedən ayın günlərindən biri idi.

Həzrət Əli (əleyhissəlam) «Qasiə» xütbəsində bu barədə buyurur: «Peyğəmbər (səlləllahu əleyhi və alih) hər il Hira mağarasına ibadətə gedərdi. Məndən başqa heç kim onu görməzdi... Ona ilk dəfə vəhy nazil olan zaman mən Şeytanın fəryadını eşitdim. Peyğəmbərə (səlləllahu əleyhi və alih) dedim: “Bu nə qışqırıqdır?” Həzrət Cavab verdi ki, bu Şeytanın qışqırığıdır. Qışqırmasının səbəbi də odur ki, o camaatı yer üzündə aldatmaqdan naümid oldu. Mən eşidənləri sən də eşidirsən, mən görənləri sən də görürsən. Təkcə fərqimiz budur ki, sən Peyğəmbər deyilsən. Sən mənim vəzirim ,canişinimsən və xeyir-bərəkətlisən.»

Bu ifadə bunu göstərir ki, Həzrət Əli (əleyhissəlam) ruhunun paklığı və uşaqlıq dövründən Peyğəmbər tərbiyəsi ilə tərbiyələnməsi nəticəsində elə uşaqlıq dövründən adi insanların eşitmədiyi və görmədiyi (və yalnız peyğəmbərlərin eşidib gördüyü) şeyləri eşidib və görüb.

Mənbələr:

[1] Əl-İrşad, Şeyx Mufid, 1-ci cild, səh. 5; Əlamul-vəra, 1-ci cild, səh. 306; Təhzib, Şeyx Tusi, 6-cı cild, səh. 19; Misbah Kəfəmi, 2-ci cild, səh. 599.

[2] Mənaqibu İbn Şəhri Aşub, 2-ci cild, səh. 319.

[3] Həmin mənbə, səh. 321.

[4] Mənaqibu İbn Şəhr Aşub, 3-cü cild, səh. 319.

[5] Murucuz-zəhəb, 2/349; Təzkirətul-xəvas, səh. 10; Nurul-əbsar, Şəblənci, 76.

[6] Şərhi Nəhcul-bəlağə, İbn Əbil Hədid; 13/119.

[7] Məqatilut-Talibin, Əbul Fərəc İsfahani, səh. 13.

[8] Nəhcul-Bəlağə, 192-ci xütbə.

[9] Sireye Nəbəviyyə, İbn Hişam, 1/252.

İlyimasi dua

 

Etiketlər :

Əmirəl-möminin Əli əleyhissəlamın təvəllüd günü