Namazda xüşu və hüzuri-qəlb

28 November 2024

01:03

۱,۱۴۰

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Namazda xüşu və hüzuri-qəlb

" قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ، الَّذِينَ هُمْ فِي صَلاَتِهِمْ خَاشِعُونَ"

Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında ruhən və cismən müti (və xaşe) olarlar.[1]

Qyrani-Kərimdə hüzuri-qəlb və huş-guşla namaz qılmağı “xüşu” – ruhən və cismən müti olmaq təbiri ilə ifadə edilmişdir. Orada ki, möminlərin vəsfləri barəsində buyurur: “الَّذِينَ هُمْ فِي صَلاَتِهِمْ خَاشِعُونَ” –  o kəslər ki, namazlarında xaşe (xüşu və müti halında) olarlar. O kəs ki, varlığın sonsuz əzəməti önündə dayandığına təvəccöh etsə; o kəs ki, əzəmətli bir varlığın qarşısında qərar tutduğunu, hansı ki, saya gələn bütün “əzəmətli” mövcudatın Onun müqabilində kiçik yox, əslində heç olduqlarını dərk edərsə, bu insan qıldığı namazında mütləq xüşu halına çatacaqdır. Şübhəsiz, onun qəlbinin xüşusu zahirində və cismində də öz əksini tapacaqdır. O kəs ki, namaz halında əlləri ilə öz paltarını və üz-gözünü oynadır, xüşu yoxudur; o kəs ki, öz əl-ayağı ilə oynayır və ya başının saçını, saqqalını tumarlamaqla məşğuldur, namazında xüşu da yoxudur! Quran buyurur mömin insan o kəsdir ki, namazında xaşe və müti olsun, yəni iman üçün ancaq namaz qılmaq kifayət deyildir, Allah təbarək və təalaya zahiri bir namazı təhvil verməklə, insan, ürəyində özünün mömin olmasına xoşhal ola bilməz.

Öncə ərz olundu ki, insan qıldığı namaz vasitəsilə özünün Allahı tanımaq dərəcəsini müəyyən edə bilər. Namazında öz imanının əndazəsini araşdırsın və görsün ki, imanı nə qədərdir? Namazda hər kəsin xüşusu artıq olsa, Allah-taalaya imanı da çoxdur. Xüşu elə həmin hüzuri-qəlbdir: insan bilsin ki, Allah məhzərindədir, Onunla raz-niyaz halındadır və etdiyi əməllərə diqqət vermiş olsun.

Yaxud mübarək “Maun” surəsində buyurur:

" فَوَيْلٌ لِلْمُصَلِّينَ، الَّذِينَ هُمْ عَنْ صَلاَتِهِمْ سَاهُونَ"

“Vay halına o namaz qılanların! (Hansı namaz qılanların?) O namaz qılanların ki, onlar öz namazlarında səhv və qəflət edirlər, Allah təbarək və təalanın qarşısında durduqlarına diqqət etmirlər.”

Bu məsələ üzərində düşünməliyik ki, görün Allahın yanında bu əməl nə qədər pis, xoşagəlməz və insanın Ondan uzaqlaşmasına səbəbdir ki, buyurur: “فَوَيْلٌ لِلْمُصَلِّينَ” Cəhənnəmin dərin dərək və mərtəbələrindən biri “vəyl”dir, yəni günah və küfrün şiddəti nəticəsində insan “veyl”ə müstəhəq olur. Allahın insan barəsində buyurduğu bu vəyl, bizim danışıqda işlətdiyimiz və “vay filankəsin halına!” –dediyimiz bu “vəyl”dən tam başqadır.

Hər zaman namazda hüzuri-qəlbin olmadığını hiss etsək, bu şərafətli ayəni yada salaq və nəzərə alaq ki, Allah-təala buyurur: “فَوَيْلٌ لِلْمُصَلِّينَ”. Mərhəmət, lütf və nemətlərini Öz bəndələrinə bu qədər geniş əta edən Allah-təala nə üçün burada Ona diqqətsizliklə namaz qılanlara nisbət “vəyl” təbirini işlətmişdir? Ona görə ki, insan namaz qılan zaman əgər Allaha diqqət etməsə, həqiqətdə Allahı təhqir və istehza etmiş olur və Allahı təhqir və istehza edən şəxs belə bir cəza çəkmək haqqını qazanır.

Həzrət imam Baqir əleyhissəlam bir hədisdə əziz atası həzrət imam Səccad əleyhissəlam barəsində nəql edir ki, imam Səccad (əleyhissəlam) namaz qılmağa dayanarkən üzünün rəngi dəyişərdi və səcdəyə gedərkən başını yuxarı tutmazdı ta ki, mübarək üzündən tər axardı... Yaxud buyurur: Atam namaz qılmağa dayanan zaman bir ağac budağı kimi heç bir cüzvi hərəkət etməzdi, məgər ki, külək onu hərəkətə gətirərdi. Yəni əgər əbası bir qədər hərəkət etsəydi, külək onu hərəkətə gətirmiş olardı.

Görəsən, biz özümüzə nəzər salmışıqmı iki rəkətli bir namazda Allah təbarək və təalanın qarşısında nə qədər öz zahirimizi sabit və ədəbli saxlaya bilirik? Yoxsa namazda o qədər müxtəlif hərəkətlər edirik ki, əsasən namazdan uzaq oluruq.

Əbu Həmzə Sumali belə nəql edir:[2] İmam Səccad əleyhissəlam namaz qılırdı. O həzrətin əbasının bir tərəfinin çiynindən düşdüyünü gördüm. Həzrətin namazı başa çatana qədər əbasını düzəltmədi. Əbu Həmzə deyir, imam Səccada (əleyhissəlam) ərz etdim ki, namaz əsnasında nə üçün əbanızı düzəltmədiniz? Həzrət buyurdu: Vay halına olsun ey Əbu Həmzə! Heç bilirsənmi mən kimin hüzurunda idim və necə bir əzəmətli varlıqla söhbət edirdim? Sonra həzrət buyurdu: Hər bir namazda Allah-təalaya qəlbən hüsn-təvəccöh və diqqət edilməsə, bəndənin o namazı qəbul olmaz. Sonra Əbu Həmzə imam Səccada (əleyhissəlam) ərz edir: Ağacan! Belə olan surətdə bizim hamımızın vəziyyəti məlum olur, yəni həlak olduq! Həzrət buyurdu: “Kəlla” – xeyr, Allah təbarək və təala nəvafil – müstəhəb əməllər vasitəsilə nöqsanları islah edir.

(ardı var)


[1] Muminun surəsi, ayə 1 – 2.

[2] “Vəsailuş-şiə”, cild-4, səh. 688

Etiketlər :

Namazda xüşu və hüzuri-qəlb