Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları
Bu cavabdan əldə edilən iki nəticənin bəyanı
Həqiqət budur ki, yuxarıda müzakirə edilən
sualın cavabı insanın “zühur zamanında dinin həqiqəti” haqqında agahlığını
aşkar etməklə yanaşı, zühur dövründən öncə alimlərin və mütəfəkkirlərin dinlə
bağlı rəftarlarında mühüm və nəzərəçarpacaq nəticələrə səbəb olur. Burada, qeyd
olunan nəticələrdən ikisinə işarə etməyi lazım bilirəm, o nəticələr bunlardır:
Birinci nəticə: “Din”, həzrət Hüccətin (Allah
onun zühurunda təcil etsin) hökumətinin mehvəridir;
Bu bəhsdən əldə edilən mətləblərin məcmusundan
aydın olur ki, həzrət Hüccətin (Allah onun zühurunda təcil etsin) zühuru
zamanında o Həzrətin hökumətinin mehvəri “din”dir. Bu əsasla, “din”, yalnız
hökumət etmək səlahiyyətinə qadir deyil, əksinə bəşəriyyəti hər növ zülm, ədalətsizlik,
fəsad, qaranlıq, məyusluq və ümidsizlikdən nicat verən “dini hökumətdir”. Ona
görə də, heç vaxt belə təsəvvür edilməməlidir ki, zühur zamanında hökumətin
icrası dindən xaric bir qüvvənin əli ilə olacaqdır, əksinə yəqinliklə deməliyik
ki, onun daxilindən olan qüdrətli əlin vasitəsilə mühəqqəq olacaqdır. Bu əsasla,
din, bəşəriyyətin səadətinə zamin olan bütün əhkam və qanunları ilə maddi aləmin
sonuna qədər həmişə insanla olacaqdır.
Bu nəzərə uyğun olaraq, Məsum imamın (əleyhissəlam)
birbaşa hüzuru ilə “dinin icrasının zəmanəti”nin artmasının həqiqəti inkaredilməzdir.
Ona görə ki, Məsumun (əleyhissəlam) birbaşa hüzur dövrü ilə vasitəli hüzur dövrünün
arasında olduqca böyük fərq vardır, amma bu o demək deyildir ki, din və onun
qanunlarının icra edilmə qabiliyyətini Məsum (əleyhissəlam) əta etməlidir.
Beləliklə, hazırki mövzunun açıq-aydın nəticəsi
budur ki, müasir zamanda “dinin hakimiyyəti” məsələsini inkar edən və dini “fərdi
və şəxsi məsələlərlə məhdudlandıran” insanlar gərək bu nəzəriyyədən doğan iki fəsadlı
nəticədən birini qəbul etsinlər; ona görə ki, onlar ya həzrət Vəliyyi-Əsrin
(Allah onun zühurunda təcil etsin) cahanşümul hökumətini inkar etməli, ya da buna
etiqadlı olsunlar ki, zühur zamanında dindən “əlavə bir məsələ” hakimiyyətdə dəxalət
edəcəkdir! Halbuki, dindar mütəfəkkir bir insan təbii ki, bu iki fəsadlı nəzəriyyənin
heç birinə mültəzim olub onu qəbul edə bilməz.
Basaqa sözlə desək, qeyd olunan nəzəriyyəyə əsasən,
əgər din hakimiyyət etməyə səlahiyyət tapmazsa, demək heç bir zamanda, hətta
zühur zamanında da hakimiyyətə səlahiyyəti olmayacaqdır, əksinə əgər din zatən öz
gövhərində mövcud olan qabiliyyəti ilə və özünün məxsus xüsusiyyətləri əsasında
hakimiyyət edə bilərsə, demək, hər bir zamanda, hətta zühur zamanından başqa
bir dövrdə, hərçənd məhdud şəkildə olsa da hakimiyyət edə bilər.
İkinci nəticə: Həzrət Məhdinin (Allah onun
zühurunda təcil etsin) zühuru vahid bir həqiqəti kəşf edir
Allah-taalanın son və əzəmətli Hüccətinin (Allah
onun zühurunda təcil etsin və ruhumuz ona fəda olsun) mübarək zühuru bir “gerçəkliyin
baş verməsi”ni kəşf edir və ya “vahid bir həqiqət”i bəyan edir. Çünki
Allah-taalanın bəşəriyyət üçün hər bir halda ümdə məqsədi, şübhəsiz “vahid”dir.
Ona görə, “haqqın kəsrəti”nə və “gerçəkliyin çoxluğu”na mültəzim ola bilmərik;
necə ki, Allah-taala Qurani-kərimdə buyurub:
إِنَّ
الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ
“Həqiqətən, Allah yanında din, İslam dinidir!”
Bu təhlilə müvafiq olaraq, “dinin kəsrəti və
çoxluğu”na
etiqadlı olan insanlar əqidə baxımından axırzamanda vahid hökumətin həyata keçməsini
qəbul edə bilməzlər. Ona görə ki, o hökumət bir dayaq və bir əsas üstə möhkəmlənməlidir,
o da ki, “həqiqi və gerçək İslam dini”dir; digər dinlər və məzhəblərin o hökumətdə
doğru rolu olmayacaqdır.
Aparılan səthi araşdırma ilə deməliyik ki, təəssüflər
olsun indiyə qədər tədqiqatçılar bu mövzunun müzakirəsini etməmişlər və bu
mövzunun müxtəlif yönləri dərin və dəqiq şəkildə aydınlaşmamışdır. Məlum məsələdir
ki, biz də burada onun bütün yönlərini ətraflı şəkildə araşdıra bilməyəcəyik,
amma məqsədimiz budur ki, onun bəzi incə və mübhəm yönlərini icmalən aydınlaşdıraq,
inşa Allah.