Aşura
26 November 2024
03:04
۷۷۹
Xəbərin xülasəsi :
-
Həzrət Fatiməi-Zəhranın (əleyhasəlam) şəhadəti
-
Həzrət Zeynəbi-Kubra əleyhasəlamın təvəllüdü
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) qısa ziyarətnaməsi
-
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
-
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
-
Həzrət Ayətullah Fazel Lənkəraninin əhli-sünnə cümə və camaat imamları ilə toplantısında verdiyi açıqlamalar
Bismilləhir-Rahmənir-Rahim
Aşura
Hicri-qəməri 1442-ci il Məhərrəm ayının 10-u, miladi 2020-ci il avqustun 30-u bəşər tarixində ən böyük və faciəli hadisəsi, Aşura vaqiəsinin baş vermə günü ilə təsadüf edir.
Həzrət Rəsuli-əkrəm (sallallahu əleyhi və alih) dünyasını dəyişdikdən sonra bir sıra səhabələrin gizli və müəmmalı səyləri nəticəsində başlanan xilafət çəkişmələri nəticədə 41-ci hicri ilində uzun illər həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) və müsəlmanlarla amansız mübarizə aparan və böyük islam şəxsiyyətlərinin şəhadətinə səbəb olan Əbu Sufyanın oğlu Muaviyət ibn Əbu Sufyan böyük fitnəkarlıqlar və hiyləgərliklərdən sonra xəlifəlik məqamını qəsb etdi. İyirmi il xilafət kürsüsünə söykənərək yalnız öz səltənətini və iqtidarını gücləndirmək məqsədi güdən Muaviyə 60-cı hicri ilində dünyasını dəyişərkən əyyaş və fasiq oğlu Yezidi özünə canişin təyin etdi. Bununla da müsəlman aləminin müqəddəratı şəhvətpərəst və eyş-işrət aludəsi olan təcrübəsiz bir cavanın ixtiyarına verildi. Yezid hakimiyyəti ələ keçirən kimi dərhal ümmətin tanınmış və layiqli şəxsiyyətlərini güclə də olsa özünə tabe etdirməklə meylinə və nəfsi istəklərinə münasib gördüyü hakimiyyət dairəsində özünə mane olan hər hansı bir şəxsi zərərləşdirmək və aradan aparmaq fikrini həyata keçirdi.
Bu əsasla, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, həzrət Əlinin və Xanım Zəhranın (əleyhiməssəlam) ürək parası, o düvrün ən hörmətli və ləyaqətli şəxsiyyəti olan həzrət İmam Huseyn əleyhissəlamı Yezidə beyət edib onun hakimiyyətini qeydsiz- şərtsiz qəbul etmək məcburiyyətində qoydular.
Amma həzrət Huseyn əleyhissəlam bu zilləti qəbul etmədi və islam dinini, daha dəqiq desək haqq-ədaləti və insaniyyəti qoruyub saxlamaq üçün sayca çox az olan bir qisim son dərəcə layiqli və seçilmiş tərəfdarları ilə Yezidin hakimiyyəti ilə mübarizəyə qalxdı və Kərbəla adlanan bir yerdə, yalnız yetmiş iki nəfərlə düşmənin minlərlə döyüşçüsü qarşısında dayandı. Bü mübarizənin sonu əvvəlcədən bilindiyi kimi həzrət Huseyn ibn Əlinin (əleyhiməssəlam) ürəkyandırıcı şəhadəti ilə zahiri məğlubiyyəti, şəhvətpərəstlər və zalımların isə qələbəsi ilə başa çatdı. Amma həqiqətdə bu qarşıdurmanın qalib və məğlubunu tanımaq üçün heç bir zəhmət və araşdırmaya ehtiyac duyulmur, çünki Kərbəla qiyamının qələbəsi və onun bəşəriyyətə bəxş etdiyi sonsuz mənəvi və ictimai faydaları bütün insanlara aşkar və məlumdur. Belə ki, imam Huseynin (əleyhissəlam) bu əbədi məktəbindən əldə edilən təfəkkürlər dünyanın hər bir guşəsində parlaq ulduz kimi insanlara nur saçır və haqq-ədalətin bərpası üçün azadlıqsevər millətlərə yol göstərir, amma Yezidin şeytani məqsədi dünyanın mütəfəkkirləri tərəfindən pislənib rədd edilir...
İltimas dua!