Həzrət Əli Əkbər əleyhissəlamın mərifət təcəllisi

24 November 2024

20:30

۲۵۵

Xəbərin xülasəsi :
Həzrət Əli Əkbər (əleyhissəlam) əxlaqında, zahiri və batini xilqətində və danışığında həzrət Muhəmmədə (sallallahu əleyhi və alih) ən çox oxşarı olan şəxsdir; Onun möhkəm və sarsılmaz imanı o Həzrətin mərifətinin təcəllisi və təcəssümüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əli Əkbər əleyhissəlamın mərifət təcəllisi

Həzrət Əli Əkbər əleyhissəlamın şəxsiyyətini tanımaq üçün onun iki xüsusiyyətini diqqətlə təhlil etmək lazımdır. Birinci, həzrət Əli Əkbər (əleyhissəlam) əxlaqında, zahiri və batini xilqətində və danışığında həzrət Muhəmmədə (sallallahu əleyhi və alih) ən çox oxşarı olan şəxsdir.[1] Əhli-beyt əleyhimussəlam həzrət Peyğəmbəri (sallallahu əleyhi və alih) arzuladıqda və o Həzrəti görmək istədikdə Əli Əkbər əleyhissəlama baxardılar. Tarixi mənbələrdə aydın şəkildə qeyd olunur ki, Əli Əkbər əleyhissəlamın danışıq və rəftarlarını müşahidə etmək üçün Əhli-beyt əleyhimussəlam vaxtaşırı xüsusi məclislər təyin edərdilər. Bu məsələ hətta Əhli-beytin düşmənləri tərəfindən də təsdiq olunur.

Tarixdə qeyd olunub ki, bir gün Muaviyə saray əhli ilə xəlifəlik mövzusunda danışarkən, bu məqama həzrət imam Huseyn əleyhissəlamdan sonra kimin daha münasib olduğunu sual edir. Əlbəttə, Muaviyəni yaxşı tanıyanlar bilirlər ki, onun belə söhbətlərdən məqsədi nə ola bilər; Qəsb etdiyi məqamın kimə nəsib olduğunu bilmək hər bir hakimi və sultanı çox düşündürən bir məsələdir. Amma Muaviyənin sualı müqabilində bəzi saray adamları özlərini ona yaxşı göstərmək məqsədilə Yezidin adını irəli çəkirlər. Bu zaman Muaviyə onların sözlərini qəbul etməyib: “Xeyr, düz elə deyil! Bu məqama ən münasib və layiq olan şəxs həzrət Huseyn əleyhissəlamın oğlu Əli Əkbər əleyhissəlamdır.”

İkinci, həzrət Əli Əkbər əleyhissəlamın möhkəm və sarsılmaz imana malik olmasıdır. Kərbəla yolunda “Bəni Məqatil qəsri” adlanan bir məkanda imam Huseyn əleyhissəlam çoxlu su götürmək göstərişi verir. Cavanlar su məşklərini doldururlar və gecənin sonunda yola düşürlər. Bir qədər getdikdən sonra nagəhan imam Huseynin “istirca” kəlmələrini deməsin eşidirlər, buyurur: 

» إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَیْهِ راجِعُونَ‏ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعالَمِینَ« 

“Biz Allahınıq və Ona tərəf qayıdacağıq, Əlhəmdu lillahi Rəbbil aləmin.”

İmam Husey əleyhissəlam bu kəlmələri iki, ya üç dəfə təkrar edir. O zamanlar bu kəlmələri hüznlü və qüssəli hadisələrlə üzləşdikdə deyərdilər. Odur ki, bu kəlmələri eşidən Əli Əkbər əleyhissəlam həzrət imamdan onun səbəbini soruşur. Həzrət, bu səfərin onların ölümü ilə sona yetməsi xəbərini verir. Əli Əkbər əleyhissəlam ərz edir: “Allah sizi hər bir pislikdən qorusun! Atacan, məgər biz haqlı deyilik?” İmam buyurur: “Bəli, haqlıyıq. Biz yalnız haqq yolunda addım atırıq.” Əli Əkbər əleyhissəlam ərz edir:

«فَإِنَّنَا إِذاً لَا نُبَالِی أَنْ نَمُوتَ‏ مُحِقِّینَ»

“Haqlı olduğumuz halda bizim ölümdən heç bir qorxumuz yoxdur.”

İmam Huseyn əleyhissəlam onun üçün belə dua edir:

«جَزَاکَ اللَّهُ مِنْ وَلَدٍ خَیْرَ مَا جَزَى وَلَداً عَنْ وَالِدِهِ»

“Allah-taala səni mükafatlandırsın. Atanın öz övladına verdiyi mükafatdan daha xeyirlisini sənə əta etsin!”[2]

Deməli, həzrət Əli Əkbər əleyhissəlamın olduqca dəyərli fəzilətləri ilə yanaşı bu iki xüsusiyyətini müxtəlif cəhətlərdən araşdırmaq o həzrəti tanımaqda bizə kömək ola bilər. Həqiqətdə, bu xüsusiyyətlər Əli Əkbər əleyhissəlamın mərifət təcəllisidir, yəni onların mütaliəsi və idrakı o həzrətin mərifətinə yol açır...

 Amma nəql olunan bu hadisədən layiqli bir dərs də öyrənirik. O, budur ki, dünyada mömin insanın həqiqi qəm-qüssəsi ancaq Allahın göstərişindən çıxmaq və günah etmək səbəbinə ola bilər, yəni ancaq bu halda möminin qəm-qüssəyə batmasını üzrlü sanmaq olar. Bundan qeyri hallarda isə qəm-qüssənin heç bir faydası yoxdur, daha doğrusu qəmlənib qüssəyə batmağın mənası yoxdur.



[1] “Luhuf”, səh. 95

[2] “Əl-İrşad”, cild-2, səh. 82; “Huseyn ibn Əlinin (əleyhissəlam) sözləri”, səh. 187-188


Etiketlər :

Həzrət Əli Əkbər əleyhissəlamın mərifət təcəllisi